Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək.

 

Universitetdən bildirilib ki, imtahanlar sentyabrın 16-dan başlayacaq və  proses sentyabrın 18-də  yekunlaşacaq.  Abituriyentlərin tapşırıqlarını qiymətləndirmək üçün Qabiliyyət İmtahanı Komissiyası yaradılıb, komissiyaya memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaq­larının üzvləri və Dövlət İmtahan Mərkəzinin (DİM) əmək­daşları daxil edilib.

        

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq universitetin imtahan keçirilən binasında - idman zalında  bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. Karantin şərtlərinə  əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə veriləcək. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq.

        

Məlumat üçün bildirək ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq  ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 230 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanında ortaya çıxan problemləri, imtahanın nəticələrindən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası yaradılıb.