Peşə təhsili pilləsinə elektron qəbulun II mərhələsi üzrə müraciət edənlər arasında qadınların payı 30%-i ötüb. Qeyd edək ki, bu pozitiv tendensiya son illərdə aydın müşahidə olunur.

 

Belə ki, 2018-2019-cu tədris ili üzrə peşə təhsilini seçənlər arasında qadınların payı 24 faiz, 2019-2020-ci tədris ili üzrə isə 25 faiz təşkil etdiyi təqdirdə, hazırda müraciət edənlərin sayı 30 faizə yüksəlib. Artan dinamika ilə inkişaf edən müraciət sayı qadınlar arasında ildən- ilə peşə təhsilinə olan marağın və ümumilikdə peşə təhsilinin nüfuzunun artmasının bariz göstəricisidir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi" qəzetinə bildirilib ki,  peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi, daha öncə olduğu kimi https://qebul.vet.edu.az/ platforması üzərindən elektron qaydada aparılıb. Dünən saat 18:00-da başa çatıb.


Qeyd edək ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

 

Müraciətlər barədə məlumat “Şəxsi kabinetim” bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunacaq. Uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar sentyabrın 15-i saat 20:00-dək şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları
müəssisəyə sənədlərin əslini təqdim etmək üçün dəvət olunacaqlar.