Vətən müharibəsindəki qələbənin müəllifləri, sözsüz ki, ilk növbədə əsgərlər, hərbçilərdir. Çünki qələbə məhz onların canı-qanı hesabına qazanılıb.

 

Amma döyüşdə daha bir peşə adamının da rolu, yeri var-həkimlərin! Onlar yüzlərlə yaralı əsgərin yarasını sarır, onları çətin durumdan çıxarır, ailələrinə sağ-salamat dönmələrinə səbəbkar olurlar. Hərb gedən zaman odun-alovun altına da girirlər, yuxusuz da qalırlar...

 

Peşəkar həkimlərlə yanaşı, təcrübədə olan tələbə-həkimlər də. 

 

Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin IV kurs tələbəsi Qiyas Heydərov Vətən müharibəsi yaralılarına tibbi yardım göstərənlərdəndir.

 

O, 2019-cu ildən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasında işləyir. 2020-ci  ilin aprelindən avqustun ortalarınadək burada koronaviruslu xəstələrlə məşğul olub. Vətən müharibəsi başlayandan bu yana isə yaralı əsgərlərin şəfa tapmasına çalışıb.

 

“İnanın, çox çətin idi - zamanla mübarizə aparırdıq. Əsgərlərimizin taleyini saniyələr həll edirdi. Ona görə də çox zaman saatın əqrəblərini tutub saxlamaq istəyirsən... Həm də döyüşdən gəldiklərinə görə, bəziləri çox aqressiv idi. Hətta tibbi müdaxiləyə qarşı çıxır, yenidən hərb meydanına, dostlarının yanına qayıtmaq istədiklərini deyirdilər. Mən indiyədək belə bir vəfa, sadiqlik nümunəsi görməmişdim. Üzü-gözü qan içində, bədənində onlarca qəlpə yarası olan əsgər özünü unudub, yoldaşını düşünürdü”-deyir tələbə- həkim. 

 

Normal iş günü 8 saat olmasına rəğmən, iki dəfə çox işləyiblər həmin vaxt. Şükür edir ki, Allahın köməkliyi ilə xeyli əsgərimiz sağaldı, həyati təhlükəni dəf edə bildi. Amma yaralılar hələ var və o da kömək üçün iş başındadır!

 

Qiyas  bu ağır müddətdə gözəl dəstək üçün BDU-nun və biologiya fakültəsinin rəhbərliyinə, müəllimlərinə sonsuz minnətdarlığını bildirir...