Qarabağımızın 30 il ərzində erməni təzavüzünə məruz qalmış digər təhsil müəssisələri kimi Ağdam 6  nömrəli məktəb də erməni qəsbkarları tərəfindən dağıdılıb, viran edilib.

 

23 may tarixində Ağdam şəhər 6 nömrəli məktəbin  1978-1979-cu ilin  buraxılış məzunları  məktəbi bitirmələrinin 42 ilini, həm də  1993-cü ildən erməni əsirliyində olan Qarabağın gözəl guşələrindən biri - Ağdamın erməni işğalından azad olunmasını qeyd ediblər. Həmin gün keçmiş məzunlar öz tələbəlik illərini sevinclə, qürur hissi ilə xatırlayıblar, keçmiş xatirələrindən,  kövrək uşaqlıq illərindən danışıblar. Məzunlardan hazırda ABŞ-da yaşayan, rəssam, dizayner, memar kimi fəaliyyət göstərən Yavər Rzayev   xatirələr işığında  Qarabağa, uşaqlıq illərinə qiyabi səyahət edib,  sinif  pəncərəsindən gördüyü Şahbulaq dağı, yaşadığı evdən cəmi 3 dəqiqəlik  məsafədə yerləşən Natəvan xanımın imarəti, Pənah xanın məqbərəsi ilə bağlı kövrək xatirələrini paylaşıb.  Məzun-rəssamın  “Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Məzunlardan Dəmir Abdullayev, Kəmalə Əkbərova, Məxmər Quliyeva, Şəhla Ağayeva, Azər Bəhramov, Minayə, Tərlan, İradə, Aybəniz və başqaları bu görüşdən məmnun qaldıqlarını, bu görüşü tezliklə işğaldan azad olunan torpaqlarında qeyd edəcəklərini bildirdilər. Məktəbi 1979-cu ildə bitirmiş məzunlar yeniyetmə sevinci ilə bir-biri ilə görüşür, sevincdən kövrəlirdilər. Bir-birinin ailə, iş həyatı, sağlamlığı ilə maraqlanır, hal-əhval tuturdular.  Sinif nümayəndəsi olan Məxmər xanım uşaqların adlarını bir- bir çəkdi:  “Burdayam” - deyən uşaqlar özləri haqda məlumat verdilər. Keçmiş sinif nümayəndəsi  42 il ərzində dünyasını dəyişən, ölkə xaricində yaşayan, görüşə gələ bilməyənlər haqqında qısa məlumat verdikdən sonra vəfat edən sinif yoldaşlarınını və müəllimlərini  yad etdilər.

 

Daha sonra məşhur “Məktəb illəri” mahnısının sədaları altında məzunlar uşaq kimi sevindilər.  Bir neçə saatlıq uşaqlaşan, qayğısız illərinə qayıdan məzunlar çox xoşbəxt görünürdülər.  Görüş unudulmayan xatirələr işığında davam edib.

 

Zöhrə MƏMMƏDOVA