Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla tərcümə fakültəsinin birinci kurs tələbələri ilə görüşüb. 

 

Rektor tələbələrlə görüşün onun üçün əlamətdar hadisə olduğunu, belə görüşlərin davamlı keçiriləcəyini bildirib. K.Abdulla deyib ki, görüşlər tələbələrin qarşısına çıxacaq çətinliklərin öncədən həll olunması ilə bağlıdır. 

 

“Ölkənin inkişafında və gələcək imkanların genişləndirilməsində yaxından iştirak etmək lazımdır. Hər kəs öz bilik və bacarığından düzgün şəkildə istifadə etməlidir. Faydalı, layiqli və ədalətli olmaq prinsip şəklində özünü biruzə verməlidir. Həm də belə bir tarixi dönəmdə xüsusilə diqqətli olmaq lazımdır. Zəfər tarixi ilə əlaqədar hər birimiz şəhidlərimizin ruhuna layiq olmalıyıq. Bunu bilik və savadımızla, vətənə sevgimizlə nümayiş etdirməliyik”-deyə rektor qeyd edib.

 

Bildirilib ki, ADU-nun layihələri tələbələr üçün xüsusi ilə önəmlidir. Belə ki, tələbələr öz bacarıqlarını, dünyagörüşlərini bu layihələr vasitəsilə artıra bilər. “Bir günlük xəlifə” adlı layihədən danışan rektorun sözlərinə görə, bu, tələbələrin idarəetmə və kollektivlə işləmə bacarıqlarının üzə çıxması baxımından əhəmiyyətlidir.

 

K.Abdulla universitetdə tələbələr üçün yaradılan şəraitdən, keçirilən tədbirlər, seminarlar, layihələr, təşkil olunan dərnək və klublardan, fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri, kitabxanalardan da bəhs edib.

 

Tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova, elmi işlər üzrə prorektor, professor Novruz Məmmədov və beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova universitetin müxtəlif istiqamətli geniş imkanları haqqında məlumat verib, tələbələrə uğurlar arzulayıblar.

 

Görüş tələbələri maraqlandıran suallarla davam edib.