Milli Kurikulum geniş məzmunlu və ümumi təhsillə bağlı konseptual bir sənəddir. Ümumi təhsilin səviyyələri üzrə təlim nəticələri, təhsil səviyyələri üzrə tədris olunan fənlər, dərs və dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili prinsipləri, şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi haqqında ümumi məsələlər Milli Kurikulumda öz əksini tapmışdır.  Məlum olduğu kimi, təhsildə hər bir fənnə aid kurikulum mövcuddur. Buna fənn kurikulumu deyilir. Yəni, fənn kurikulumu ancaq bir fənnə aid olur. Məsələn, texnologiya fənn kurikulumu ancaq onunla bağlı sənəddir. Təhsil səviyyələri və siniflər üzrə təlim nəticələri fənn kurikulumunda öz əksini tapır. Fənn kurikulumunda biliklərin həcmi və miqdarı əsas götürülür. Təlimin məzmunu, təlim strategiyaları, şagird nailiyyətinin qiymətləndirilməsi də burada qeyd edilir.

 

İbtidai təhsildə kurikuluma əsasən texnologiyanın tədrisində müəllim təlimatdakı mərhələlərə uyğun bələdçilik edərək, şagirdləri tədqiqata yönəltməklə onların idraki fəallığını təmin etmiş olur.

 

Müasir dövrdə ibtidai təhsildə texnologiya fənninin tədrisi çox əhəmiyyətlidir. Bu fənn həyata yeni qədəm qoyan kiçikyaşlılarda əməyə məhəbbət hissinin yaradılmasına xidmət edir. Belə ki, uşaq (şagird) təhsilin bu səviyyəsindən (məktəbəqədər təhsil də daxil olmaqla) başlayaraq müxtəlif peşələrə yiyələnməyin ilkin bacarıqlarını mənimsəyir və pillə-pillə buna nail olmağa çalışır.

 

Bütün bu və ya digər nəzəri məlumatları praktik nümunə kimi IV sinifdə texnologiya fənni üzrə bir mövzunun tədrisində şərh etməyi məqsədəuyğun hesab edirik.

Mövzu: Texnologiyaların inkişafı.

Standart: 1.1.1.;   2.1.2.;   2.1.3.

Məqsəd: Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar edir; texnoloji maşınları və texnoloji vasitələri fərqləndirir.

İnteqrasiya: A.d.:1.1.1.; İnf.:3.2.6.; H.b.:4.2.1.

İş forması: Kiçik və böyük qruplarla iş.

İş üsulu: Beyin həmləsi, müzakirə.

Resurslar: Peşələri əks etdirən şəkillər, insanın əmək fəaliyyətinin məqsədlərini göstərən diaqram, texnoloji vasitələrin (əmək alətləri, mexaniki alətlər, elektrik alətləri) şəkilləri, dərslik, iş dəftəri, iş vərəqi.

 

Dərsin gedişi.

 

1-ci mərhələ: Motivasiya, problemin qoyuluşu.

 

Müəllim bu zaman şagirdlərə müraciət edir:

1.      İnsan əməyi haqqında nə deyə bilərsiniz?

2.      İnsanın əmək fəaliyəti ilə məşğul olmaqda məqsədi nədir?

3.      Peşələr haqqında nə deyə bilərsiniz?

 

Şagirdlər suallara cavab verirlər.

 

Tədqiqat sualı: Texnologiyanın inkişaf etməsinin səbəbi nədir?

Tədqiqat sualı əsasında şagirdlərin mülahizələri dinlənilir.

 

2-ci mərhələ: Tədqiqatın aparılması.

Müəllim şagirdləri 4 qrupa bölür. Onlara dərslikdəki mövzuya uyğun səhifələri açmağı tapşırır. I qrup: verilmiş şəkildəki peşələri insanların tələbatına uyğun olaraq sadədən mürəkkəbə doğru sıralayın. II qrup: İnsanın əmək fəaliyyətindəki rolunu açıqlayın. III qrup: Məişət cihazlarının və çuqun pilətələrin yaranma səbəblərini deyin. IV qrup: Məişət avadanlığının və cihazların insanın inkişafında hansı mühüm əhəmiyyəti olduğunu izah edin.

 

Müəllim çətinlik çəkən şagirdlərə fərdi tapşırıq verir. Qruplar tapşırığı yerinə yetirir.

 

3-cü mərhələ: Məlumat mübadiləsi.

Qruplar işləri təqdim edirlər. Müəllim şagirdlərin işlərini təhlil edərək münasibətini bildirir.

 

4-cü mərhələ: Məlumatın müzakirəsi və təşkili.

 

Müzakirədə aşağıdakı suallar verilir:

 

1. İnsanlar öz tələbatını ödəmək üçün əvvəllər nələrdən istifadə ediblər? (Heyvan əməyindən və sadə əmək alətlərindən).

2. Sadə mexanizm nə deməkdir? (Sadə əmək alətləri və qurğular).

3. Texnologiya nədir? (İnsanların öz həyatlarını yaxşılaşdırmaq və dəyişmək üçün istifadə etdikləri üsul və qaydalar).

4. Köhnə texnologiyalar əsasında yaradılmış hansı yeni cihaz və qurğuların adını sadalaya bilərsiniz? (Televizor, mobil telefon, kompüter).

5. Hansı xüsusi texniki vasitələri tanıyırsınız? (Əl ilə sıxılan xəzlər vasitəsilə işləyən təmizlik qurğusu, müasir tozsoran, dəstəyin fırladılması ilə hərəkətə gətirilən taxta ləyəni əvəz edən paltaryuyan maşın).

5-ci mərhələ: Nəticələr və ümumiləşdirmə. Müəllim şagirdlərin fikirlərini ümumiləşdirərək  bir daha insan əməyi, peşələr, mexanizmlər və yeni texnologiyalar üzərində dayanır. Bəzi yeni məişət texnikasını və texnoloji avadanlıqları sadalayır.

6-cı mərhələ: Qiymətləndirmə.

 

Qiymətləndirmə mövcud qaydalara müvafiq olaraq aparılır. Qruplar üçün meyarlar:

 

-        Texnologiyaların inkişafını müəyyənləşdirmə;

-        Texnologiyaların inkişafını misallarla izahetmə;

-        Məişətdə texnologiyaların inkişafını misallarla izahetmə;

-        Texnoloji maşınları və texnoloji vasitələri fərqləndirmə.

 

Sevda  BALAKİŞİYEVA,

Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, metodbirləşmə sədri