Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 5-Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə bu ali təhsil müəssisəsinin bir qrup akademik heyət üzvü ilə görüş keçirib.

 

Görüşdə Ş.Bayramov peşə bayramı münasibətilə MDU-nun bütün professor-müəllim heyəti üzvlərini təbrik edib, onlara elmi və pedaqoji fəaliyyətlərində uğrular arzulayıb.

 

Müəllimlik fəaliyyətinin bütün dövrlərdə şərəfli peşə hesab olunduğunu qeyd edən Ş.Bayramov ümummilli lider Heydər Əliyevin müəllim adına hər zaman yüksək dəyər verdiyini vurğulayıb. Hazırda ölkədə həyata keçirilən təhsil siyasətinin prioritetlərindən danışan rektor dövlətin müəllimlərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.

 

Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müəllimlərin əməyinin əvəzedilməz olduğunu bildirən Ş.Bayramov universitetdə yeni dövrün tələblərinə uyğun və vətənpərvər ali təhsilli kadrların yetişdirilməsində pedaqoji heyətin mühüm pay sahibi olduğunu qeyd edib.

 

Hazırda MDU-nun müasirləşməsi və akademik potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və yaradılan imkanlar barədə ətraflı məlumat verən rektor bu istiqamətdə müəllimlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

 

Sonra MDU-nun bir qrup əməkdaşı Fəxri fərman və “Təşəkkürnamə” ilə təltif  edilib.