Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutu ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında imzalanmış Əməkdaşlıq memorandumuna uyğun olaraq bu ali məktəbin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup III kurs tələbəsinə elmi tədqiqat bacarıqları aşılanacaq.

 

İnstitutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev tədqiqat təcrübəsində olan tələbələrlə görüşdə bildirib ki, digər universitetlər kimi ADNSU-da da təhsil alan bakalavr və magistr tələbələrə ixtisas fənnləri üzrə yüksək səviyyədə nəzəri biliklər verilir: “Praktik nöqteyi-nəzərdən həmin biliklərin tədqiqat laboratoriyalarında dərsədən sonra instituta gəlib təcrübə keçməklə möhkəmləndirilməsinə ehtiyac var. Ona görə qarşılıqlı razılıq əsasında tələbələr ayrı-ayrı laboratoriyalara təhkim ediləcək. Əvvəlcə tələbələr iş prinsipi ilə tanış olmaq üçün ümumi şəkildə mövcud laboratoriyalara baxış keçirəcəklər. Onlar üçün institutda müasir və aktual mövzularda yerinə yetirilmiş fundamental və tətbiqyönlü tədqiqatlar və əldə olunan nəticələrlə bağlı maraqlı təqdimatlar ediləcək”.

 

Ə.Sucayev qeyd edib ki, təcrübə müddətində tələbələr laboratoriyada zərif üzvi sintez və funksional xassələrin tədqiqi zamanı istifadə edilən bütün cihaz və avadanlıqlarla yaxından tanış olacaq, onların iş mexanizmini əyani şəkildə mənimsəyəcək, daha sonra diplom, magistr işlərinin təcrübi hissəsinin yerinə yetirilməsində həmin avadanlıqlardan özləri sərbəst şəkildə istifadə edə biləcəklər.  Ə.Sucayevin sözlərinə görə, elmə ciddi maraq göstərən tələbələrin gələcəkdə müştərək elmi layihələrə cəlb olunması nəzərdə tutulur.

 

Bildirilib ki, təcrübənin sonunda fəallığı ilə seçilən tələbələrə diplom, iştirakçılara sertifikatlar təqdim olunacaq.