Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) arasında birgə əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.

 

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun imzaladığı  sənədə əsasən, tərəflər arasında praktiki əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi, bu xüsusda birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı, universitetin elmi potensialından istifadə etməklə sosial təminat və dövlət xidmətləri üzrə araşdırmaların aparılmasına dəstək, statistika və təhlillərin aparılması sahəsində əməkdaşlığın qurulması, müvafiq sahədə maarifləndirmə, tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi memorandumda qeyd olunub.

 

Qeyd edək ki, memorandumun imzalanması məqsədilə DOST Agentliyinin nümayəndə heyəti – qurumun İdarə Heyətinin sədri Fərid Məmmədov, Hüquq departamentinin müdiri Azər Rəhimov, İnsan resurslarının idarəedilməsi və təlim departamentinin müdiri Leyla Hüseynova, Strateji planlaşdırmalar şöbəsinin müdiri Bəhruz Əhmədov, İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Şahin Əliyev AzMİU-da olub. Qonaqlarla görüşdə AzMİU-nun rektoru Gülçöhrə Məmmədova, tədris işləri üzrə prorektor Akif Qasımov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, Təcrübə və Karyera mərkəzinin rəhbəri Xanlar Qəniyev, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov, PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev və rektorun köməkçisi Araz Əhmədov  iştirak ediblər.

 

Görüşdə memorandumda əks olunan əməkdaşlıq istiqamətləri, fəaliyyət sahələri, eləcə də perspektiv imkanlar haqqında geniş fikir mübadiləsi aparılıb.