Bakı Musiqi Akademiyasında II Beynəlxalq elmi-praktiki konfrans keçirilib


Bakı Musiqi Akademiyasında (BMA) “Şərq və Qərb musiqi mədəniyyətlərinin dialoqu” adlı II Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Konfransda Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Almaniya və Suriyadan  bir sıra məşhur alimlər iştirak ediblər.

 

Bakı Musiqi Akademiyası, Moskva, Novosibirsk, Almatı, Kazan Dövlət konservatoriyalarının, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin Dövlət Sənətşünaslıq İnstitutu, Qnesinlər adına Rusiya Musiqi Akademiyası, Tacik Dövlət Mədəniyyət və İncəsənət Universiteti, eləcə də Martin Lüter adına Qalle-Vittenberq Universtetindən alimlərin məruzələri dinlənilib. Musiqinin müxtəlif elmi problemlərinə dair geniş və maraqlı  müzakirələr aparılıb. Dmitri Şostakoviç, Qara Qarayev, Fikrət Əmirov və Fərhad Bədəlbəylinin ecazkar musiqisi səslənib. 

     

BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru sənətşünaslıq üzrə elmlər doktoru Konstantin Zenkin iştirakçıları salamlayıb. Çıxışlarda qeyd olunub ki, Bakı şəhəri hazırda musiqi şərqşünaslığının inkişafında mühüm rol oynayan elmi mərkəzlər sırasındadır və bu vacib amil Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyli ənənələrinin müasir mərhələdə davamıdır. Ötən ildən bəri keçirilən, artıq ənənə halını alan beynəlxalq əhəmiyyətli elmi-praktik konfransın yüksək səviyyədə təşkili, dünyanın aparıcı alimlərinin yaradıcı ünsiyyət və fikir mübadiləsi üçün bu konfransa marağı bunu bir daha sübut edir.

     

Konfrans çərçivəsində publisist, tarixçi, politoloq, geosiyasi tarix, din, ədəbiyyat və incəsənət məsələlərinə həsr olunmuş kitab və məqalələrin müəllifi Teymur Atayevin “Dmitri Şostakoviçin sonuncu əsərləri: həyat yolunun dərki” adlı kitabının təqdimatı da keçirilib.      

     

Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva kitabın müəllifini musiqi ictimaiyyətinə təqdim edərək onun geniş fəaliyyətindən danışıb.

 

Teymur Atayev öz növbəsində təqdim etdiyi tədqiqatın başlıca aspektləri, kitabın yaranma tarixçəsi, kitab üzərində iş prosesi barədə geniş məlumat verib. BMA-nın professor-müəllimləri kitaba dair öz fikir və mülahizələrini bildiriblər.

 

Əməkdar müəllim, professor Ülviyyə İmanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İnna Pazıçeva müəllifi təbrik edərək bu tədqiqat işini yüksək qiymətləndiriblər.

 

Kitabın təqdimatından sonra BMA tələbələrinin şövqlə ifa etdikləri D.Şostakoviçin simli kvartet üçün “Zarafat” əsəri musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. 

     

Sənətşünaslıq doktoru, professor Rəna Məmmədovanın “Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin lad əsaslarına dair konsepsiyası”, sənətşünaslıq doktoru Violetta Yunusovanın (Rusiya) “Şərq və Qərb dialoqunda ənənəvi musiqi aləti”, sənətşünaslıq doktoru Marina Drojjinanın (Rusiya) “Müasir Suriya  mədəniyyətinin formalaşmasında  rus musiqiçilərinin rolu”, sənətşünaslıq doktoru Klaus Naumannın (Almaniya) “Bridging language barrers: The Open Access Online Journal Translingual Discourse in Ethnomusicology”, sənətşünaslıq doktoru Firuz Ulmasovun (Tacikistan) “Tacik musiqisinin tədqiq olunmasının iki istiqamətinə dair”, sənətşünaslıq doktoru Tatyana Sergeyevanın (Rusiya-Tatarıstan) “Ərəb-ispan mütəfəkkirlərinin irsində  musiqi fəlsəfəsi”, sənətşünaslıq doktoru Gültəkin Şamillinin (Rusiya) “Sübh quşu”ndan “Azərbaycan kapriççiosu”na doğru: Fikrət Əmirovun 100 illiyinə”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tamilla Canızadənin (Rusiya) “İslam sivilizasiyasının musiqi tarixində Əcəmi (İran)”, sənətşünaslıq üzrə fəlsəfə doktoru İnna Pazıçevanın (Azərbaycan) “Azərbaycan poeziyası və musiqisi rus “orientalizmi kontekstində”, sənətşünaslıq  namizədi Valeriya Nedlinanın (Qazaxıstan) “Qazaxıstanda müasir mərhələdə ənənəvi musiqinin tədqiqi metodları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın (Azərbaycan) “Fərhad Bədəlbəylinin yubileyi münasibəti ilə yeni nəşrlər” adlı çıxışları maraqla dinlənilib.  

 

Qeyd edək ki, beynəlxalq konfransda professor-müəllim heyəti ilə bərabər, doktorant və tələbələrin  də çıxışlarına şərait yaradılıb. Bu mənada Maha Əlxəmvinin (Suriya) “Suriyanın şifahi-professional nəğmələri: tarix və müasirlik”, Sofiya Petruninanın (Rusiya) “Tan Dunyanın “Doqquz mahnı” operasında şaman mərasimlərinin rekonstruksiyası”, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, bəstəkar Əli Cəfərzadənin sənətşünaslıq üzrə elmlər doktoru, professor Kəmalə Ələsgərli ilə birgə hazırladığı “Veberndən yeni musiqiyə doğru” adlı məruzə-ifası diqqətəlayiq olub.  

 

Konfransın sonunda bütün xarici iştirakçılar və qonaqlar BMA rəhbərliyinə konfransın yüksək səviyyədə keçirilməsinə görə dərin minnətdarlığını bildiriblər.