Mayın 11-də Bakı şəhər Qurban Abbasov adına Mədəniyyət Sarayında Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində yaradılan “Məktəbli teatrı”nın “100 yaşa” adlı tamaşasının premyerası keçirilib. “Heydər Əliyev İli”nə həsr olunan tamaşanın ssenari müəllifi “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, rejissoru Bakı Uşaq və Gənclər Teatrının və Mingeçevir Dövlət Dram Teatrının direktoru, respublikanın Əməkdar artisti İntiqam Soltandır. Məlumat üçün bildirək ki, “Məktəbli teatrı” 279 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilib. Layihə adı çəkilən məktəblə Bakı Uşaq və Gənclər Teatrı və “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

 

“100 yaşa” tamaşasının premyerasında Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon prokuroru Rəşid Mahmudov, Suraxanı Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri Qalib Şərifov, təhsil mütəxəssisi Nadir İsrafilov, Elm və Təhsil Nazirliyinin Tədqiqat və innovasiyalar sektoru müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, millət vəkilləri Etibar Əliyev, Vüqar İsgəndərov, şəhid ailələri, qazilər, müəllim-şagird kollektivi, valideynlər iştirak ediblər.

 

Layihənin rəhbəri 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva açılış nitqində bildirib ki, layihə məktəblilərin yaradıcı fəaliyyətə cəlb olunmasına, sosiallaşmasına, komandada işləmək bacarıqlarına, onların dünyagörüşlərinin inkişaf etdirilməsinə, şəxsiyyət və vətəndaş kimi formalaşmasına töhfə vermişdir. O, süni intellektin insan həyatına daha çox nüfuz etdiyi bir dövrdə     məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini, onları canlı ünsiyyətə sövq etmək, öz ideyalarını paylaşmaq, düşüncələrini sərbəst ifadə etmək, asudə vaxtlarını səmərəli keçirmək, komandada işləmə bacarıqlarını ortaya qoymaq üçün yaradıcı bir layihəyə ehtiyac olduğunu dilə gətirib. Vurğulanıb ki, “Məktəbli teatrı”nda şagirdlərə nitq mədəniyyəti, aktyor sənəti, səhnə mədəniyyəti, özünü təqdimetmə mədəniyyəti kimi təlimlər keçirilib.Ulu Öndər Heydər Əliyevin təhsil və ətraf mühit haqqında fikirlərinin tamaşada çıraq olduğunu deyən məktəb direktoru sözlərinə əlavə edib: Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri 100 illər boyu yaşayacağı kimi, biz də ətraf aləmi, təbiəti inkişaf etdirsək, qorusaq, Ulu Öndərin nəsihətlərinə əməl etsək  100 il yaşaya bilərik. Bizim pyesin adı da “100 yaşa”dır”.

 

Daha sonra “100 yaşa” tamaşası nümayiş olunub. Tamaşada qlobal iqlim dəyişiklikləri, su qıtlığı problemi, kamil insan, mütəxəssis, insanın məsuliyyətli vətəndaş kimi formalaşması məsələləri yer alıb. Eyni zamanda, Heydər Əliyevin təhsil və ətraf mühitə qayğı ilə bağlı deyim və tövsiyələri səsləndirilib, yaranmaqda olan problemlərin həll edilməsinin şagirdlərin özlərinin də təhsilə yanaşmasından asılı olduğu nümayiş etdirilib.

 

Tədbirin sonunda qonaqlar tamaşada bəşəriyyət üçün əhəmiyyətli məsələlərə yer verildiyini, tamaşanın yüksək peşəkarlıqla hazırlandığını vurğulayıblar. İqlim dəyişikliyi, su qıtlığı kimi dövrün mühüm problemlərinin tamaşada nümayiş olunması şagirdlərin maarifləndirmə bacarıqlarının inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Uğurlu çıxışa görə iştirakçı şagirdlərə sertifikatlar təqdim olunub.

 

Tünzalə QUİYEVA