“NSUTECH” komandası “Robotex Türkiyə 2023” festivalında I yerə layiq görülüb


Türkiyənin Antalya şəhərində bu il dünyanın ən böyük robototexnika festivalı və Estoniyanın Türkiyədə təşkil etdiyi illik möhtəşəm tədbiri - Robotex turnirləri keçirilib.

 

Naxçıvan Dövlət Universitetindən əldə etdiyimiz məlumata əsasən, Azərbaycanı NDU-nun 5 nəfərdən ibarət “NSUTECH” komandası təmsil edib. NDU-nun “NSUTECH” komandası “Sahibkarlıq mübarizəsi-Universitet” kateqoriyası üzrə 1-ci yeri tutaraq “Sağlamlıq elmləri və texnologiyaları” və “Proqram texnologiyası” mükafatına layiq görülüb.

 

Qeyd edək ki, dünyanın ən böyük robototexnika festivalında 35 min iştirakçı hazırladıqları 1750 robotla müxtəlif yarışlara robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gəlib.

 

“Robotex Türkiyə 2023” sezonunda bir neçə ölkənin, o cümlədən Azərbaycan,Türkiyə, Estoniya, İran və digər ölkələrin komandalarının iştirak etdiyi 3 ayrı bölgədə bütün kateqoriyalar üzrə zorluq, texniki səviyyə, yaşından asılı olmayaraq hamının iştirakına açıq olan və “Başlanğıc”, “Orta səviyyə”, “Qabaqcıl”, “Qızlar kateqoriyası”, “Sahibkarlıq mübarizəsi”, “Dron”, “Su yarışı” kateqoriyalarına bölünən turnirlərdə uğur qazanan komandalar Türkiyə Çempionatına dəvət alıb.

 

Naxçıvan Dövlət Universitetinin komandası mühəndislər, menecerlər və onların ailələri sənaye liderlərindən ilham almaq, yeni sahibkarları müşahidə etmək, müxtəlif yarışlar üçün robotlar yaratmaq və qabaqcıl yenilikləri öyrənmək üçün bir araya gələrək, birinciliyi qazanıb və Estoniyada Azərbaycanı təmsil etmək şansı əldə edib.

 

Qalib gənclərimizi daha yaxından tanımaq qərarına gəldik və “Robotex Türkiyə 2023” turnirindəki təəssüratları ilə tanış olduq.

 

“Tək məqsədimiz bayrağımızın dünyanın ən böyük robototexnika festivalında dalğalanması və himnimizin səsləndirilməsi idi”

 

 

Hüseyn İmanov, NDU-nun Memarlıq və mühəndislik fakültəsinin meliorasiya və ekologiya kafedrasının müəllimi: “Çox sevindirici haldır ki, “NSUTECH” komandasının tərkibində öz heyətim ilə birgə Azərbaycanı dünyanın ən böyük robototexnika festivalı olan “Robotex Türkiyə 2023” sezonunda təmsil etdik.  Yeddi kateqoriyalı turnirdə 1-ci yeri tutaraq “Sağlamlıq elmləri və texnologiyaları” və “Proqram texnologiyası” nominasiyaları üzrə mükafata layiq görüldük. Bir neçə ay ərzində komandamızın fəal tələbələri ilə bu layihəyə hazırlaşarkən çox gərgin və həyəcanlı idik. Ən önəmli məqam isə hansı layihəmizlə qatılmağı qərarlaşdırmağımız oldu. Bir neçə ölkədən göndərilən 35 min iştirakçı hazırladıqları 1750 robotla yarışmaq üçün bir araya gəlmişdilər. Rəqiblərimizin çox güclü olduğunu bilirdik. Bütün çətinliklərə baxmayaraq komandamızda daim ruh yüksəkliyi var idi. Ən əsası isə özümüzə, bacara biləcəyimizə inanırdıq. Tək məqsədimiz ölkəmizin bayrağının dünyanın ən böyük robototexnika festivalında dalğalanması və himnimizin səsləndirilməsi idi. Bu məqam bizim üçün ən qürurverici anlar oldu. Bir an belə yorulmadan, bezmədən çıxdığımız bu yoldan uğurla qayıdaraq ailə üzvlərimiz daxil olmaqla bizə güvənən, dəstəyini əsirgəməyən şəxslərin və doğma universitetimizin kollektivinin inamını doğrultmuş olduq. Komanda yoldaşlarımı təbrik edir, uğurlarımızın daimi olmasını arzulayıram”.

 

 

“Qalib komanda olaraq Azərbaycanı Estoniyada keçiriləcək yarışmada təmsil edəcəyimiz üçün qürur hissi duyuram”

 

Elsun Cəfərov, NDU-nun “Marketinq” ixtisası üzrə III kurs tələbəsi: “Biz yarışmaya 2 ay öncədən hazırlaşmağa başladıq. Hazırlaşarkən də qalib olacağımıza inanırdıq, çünki bizim layihə qlobal problemlərdən biri olan plastik tullantılarla bağlı idi. Biz layihəni hazırlayarkən ən incə detalına qədər tam fikirləşib, araşdırma aparıb, son texnologiyalardan istifadə etməklə bir prototip hazırladıq. Bizim prototip layihəmizdə bir terminaldan, bir android və İOS sistemlərdə istifadə olunan mobil applikasiyadan, plastik əşyaların təkrar emal edilməsi üçün flament isidici qurğudan istifadə etmişik. Bütün əziyyətlərin nəticəsidir ki, biz ölkəmizin bayrağını digər ölkələr arasında qaldıra bildik. Qalib komanda olaraq Azərbaycanı Estoniyada keçiriləcək yarışmada təmsil edəcəyimiz üçün qürur hissi duyuram”.

 

 

“Sona qədər mübarizə apardıq və birinci olduq”

 

İslam İsmayılov, NDU-nun tibb fakültəsinin III kurs tələbəsi: “Biz yarışa hazırlaşarkən möhtəşəm bir ruh yüksəkliyimiz var idi. Yarışa sırf birincilik üçün gedirdik. “Zeropollution” və “Simsiz EKQ” layihələrimizi təqdim etdikdən sonra ilk turda bir sıra universitet komandaları ilə birgə yarışa qatılacağımızı dedilər. Universitetlərin adlarını eşitdikdə müəyyən qədər ruh düşkünlüyü olsa da biz sona qədər mübarizə apardıq və Türkiyənin IT sahəsində qabaqcıl olan Boğaziçi, Ankara və Qalata kimi universitetlərini geridə qoyaraq birinci olduq. Himnimizi beynəlxalq yarışda səsləndirdiyimiz və universitetimizi layiqincə təmsil etdiyimiz üçün qürur duyuruq!”.

 

 

“Türkiyə və İrandan olan rəqiblərimizi geridə qoyduq”

 

 

Əli Ələkbərli, NDU-nun tibb fakültəsinin II kurs tələbəsi: “Mən 28-30 aprel tarixlərində Türkiyədə keçirilən “Robotex Türkiyə 2023” bölgə finalı yarışmasında “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə iştirakımızdan danışmaq istəyirəm. Bizi dəyərləndirən Türkiyənin Səhiyyə Nazirliyinin nümayəndə heyəti və digər texnologiya mütəxəssisləri idi. Onlar bizə çox mehriban münasibət göstərdilər. Ətraflı şəkildə layihələrimizi münsiflər heyətinə təqdim etdik. Layihəmiz digər yarışçıların da diqqətini çəkmişdi, layihə haqqında ətraflı məlumat almaq istəyirdilər. Növbəti mərhələdə isə sahibkarlıq kateqoriyası üzrə Türkiyə və İrandan olan rəqiblərimizi geridə qoyaraq birinci yerə layiq görüldük. Nəticədə, 2023-cü ilin noyabr ayında “Robotex Dünya Finalı”nda iştirak hüququ qazandıq. Ölkəmizi Naxçıvan Dövlət Universiteti olaraq dünyanın ən böyük texnologiya finalında təmsil edəcəyimiz üçün böyük qürur hissi yaşayırıq!”.

 

“Həmin an keçirdiyimiz sevinc, qürur hissini ifadə etmək çox gözəldir”

 

Abdulla Kərimli, NDU-nun “Ekologiya mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi: “Biz yarışmaya hazırlaşarkən “Robotex” turnirlərinin hamısını izləmişdik. Çox sevindirici haldır ki, Azərbaycanı biz təmsil etmişik və bayrağımızı qaldırmışıq. Birinci seçim mərhələsindən keçib ikinci mərhələyə vəsiqə qazandıqda artıq qələbəmizə inanmağa başladım. İkinci mərhələdə layihəmizi təqdim etdik və bununla da “Sağlamlıq elmləri və texnologiyaları” kateqoriyası üzrə birinci olduq və bayrağımızı qaldırdıq. Həmin an keçirdiyimiz sevinc, qürur hissini ifadə etmək çox gözəldir. Naxçıvan Dövlət Universitetinin beynəlxalq turnirdə Azərbaycanı təmsil etməsi və qalib gəlməsi ilə fəxr edirik!”.

 

 

 

Lamiyə ƏLİMƏRDANOVA