Vəfa İsgəndərova: “Fənn olimpiadalarında, IX-XI siniflərin buraxılış imtahanlarında şagirdlərimin yüksək nəticələr əldə etməsi qürurvericidir”


İyunun 20-24 tarixlərində dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində növbəti test imtahanları keçirilib.  Builki sertifikasiyada 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 8500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb edilib. Sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunub. Həmin mərkəzlərdən birində imtahan verərək uğur qazanan təhsilverənlərdən biri də Vəfa müəllim olub -Vəfa Etibar qızı İsgəndərova. O, 58 bal toplayaraq Mərkəzi Aran regionu və Ağdaş üzrə ən yüksək nəticə göstərib. Şagirdlərinin sevimli ədəbiyyat müəllimi nəinki rayonun, regionun, hətta ölkəmizin nümunə çəkilənlərindən birinə çevrilib.

 

“Şagirdlərimin nailiyyətləri məni peşəmə daha çox bağlayır”

 

Vəfa İsgəndərova Ağdaş rayonundandır. Burada doğulub, burada məktəbə gedib. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  filologiya fakültəsində təhsil alıb. Bakalavr təhsilini bitirən kimi Ağdaş rayon Nizami adına 2 nömrəli tam orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. O gündən həmin məktəbdə “Ədəbiyyat müəllimi” kimi tanınır. Tanınmasının səbəbinə gəlincə, bu, onu peşəsinə bağlayan sevgidir. Dediyinə görə, müəllimliyi çox sevir: “Bu günə kimi minlərlə sagirdin elmə, biliyə yiyələnməsində müəyyən rola sahib olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Fənn olimpiadalarında, IX-XI siniflərin buraxılış imtahanlarında tədris etdiyim fənn üzrə şagirdlərimin yüksək nəticələr əldə etməsi, müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr arasında məhz mənim şagirdlərimin təmsil olunması qürurvericidir. Uzun sözün qısası, şagirdlərimin nailiyyətləri məni peşəmə daha çox bağlayır”.

 

Düzdür, ən böyük stimullaşdırıcı insanın öz uğurlarıdır. Ancaq uğurların da bəhrələndiyi hisslər var. Vəfa müəllimin sözləri ilə desək, onun uğurlarının əsas qaynağı sevgidir: “Şagirdlərimin sevimlisi olmaq, onların sevgisini qazanmaq  məni daha da ruhlandırıb, öz üzərimdə daha çox işləməyə həvəsləndirib. Onları, harda olmalarından asılı olmayaraq, doğru yola istiqamətləndirmək əsas vəzifələrimizdəndir. Bu vəzifəmin öhdəsindən layiqincə gəlmək üçün indiyə qədər nə lazımdırsa, etdim”.

 

“Özümü çox xoşbəxt hiss edirəm”

 

Vəfa müəllim öz peşəsində yaxşılardan olmaq üçün daim oxuyub, hazırlaşıb: “2017-ci ildə keçirilən diaqnostik qiymətləndirmə zamanı 53 bal toplamışdım. Ona görə məqsədim növbəti imtahanlarda daha yüksək nəticə əldə etmək idi.Nəhayət, çoxdan gözlədiyim təhsilverənlərin sertifikasiya prosesində iştirak etdim və Mərkəzi Aran regionu və Ağdaş üzrə ən yüksək nəticə əldə edərək birinciliyi qazana bildim”.

 

Vəfa müəllimin uğurunun sirri həm də paylaşmağı sevməsidir. Hər gün şagirdləri ilə biliyini paylaşan müəllim uğurunu paylaşmaqdan da qorxmur: “Əldə etdiyim bu böyük nailiyyətə görə özümü çox xoşbəxt hiss edirəm. Ancaq bu, tək mənim deyil, Ağdaş təhsilinin, ölkə təhsilinin uğurudur”.

 

“Bəlkə gələcəkdə özümü direktor kimi də sınayacağam”

 

Ağdaşın sevimli ədəbiyyat müəllimi peşəsində hazırlaşmağın əhəmiyyətini xüsusi qeyd edir. Hər gün şagirdlərinin qarşısına çıxmaq böyük məsuliyyət tələb edir: “Bundan sonrakı fəaliyyətimdə də çalışacağam ki, gənc nəslin təlim-tərbiyəsi sahəsində əlimdən gələni əsirgəməyim. Onların işıqlı gələcəyə doğru addımlamasında mayak olum”.

 

V.İsgəndərova sertifikasiya nəticələrinin karyera yüksəlişində dəstəyi olacağını bilir, amma hələlik yaxşı müəllim olaraq qalacaq: “Bəlkə gələcəkdə özümü direktor kimi də sınayacağam. Amma hazırda bu barədə düşünmürəm”.

 

Ruhiyyə DAŞSALAHLI