MİQ imtahanlarında yüksək bal toplayan müəllimin uğur hekayəsi


Azərbaycanda müəllimlərin işə qəbulu üzrə daha bir imtahan yekunlaşıb. Bununla da, 2023/2024-cü tədris ili üzrə keçirilən müsabiqənin iyulun 11-15-də reallaşan test imtahanları mərhələsi başa çatıb və  nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Xatırladaq ki, bu il MİQ vasitəsilə 10000 müəllimin işə qəbulu hədəflənib.

 

Əvvəlki illərdən fərqli olaraq, imtahan zamanı namizədlərə 150 dəqiqə vaxt verilib. Bununla yanaşı, ilk dəfə olaraq eyni seansda 8000-dən artıq namizəd imtahana qatılıb  ki, bunun  namizədlər arasında daha ədalətli rəqabət imkanı yaratdığı düşünülür.

 

Müəllim yüksək hazırlıqlı olmalıdır

 

İmtahanlarda keçid balı deyil, ən yüksək nəticə əldə edən bir neçə namizəddən biri Ülviyyə Mahmudova Azərbaycan dili və ədəbiyyat müəllimidir.

 

2017-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılan Ülviyyə müəllim indiyədək hər il yaxşı bal toplayıb. Məqsədi daha yaxşı işə qəbul olunmaq, ya da yerdəyişmə olmayıb. Əksinə, çalışdığı məktəbdən də, kolektivdən də çox razıdır: “Hər il müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıram. Sadəcə ona görə ki, müəllim kimi bacarıqlarımı sübut edim. Göstərim ki, tutduğum vəzifəyə layiqəm. Özü də başqasına yox, məhz özümə göstərmək istəyirəm ki, hazırlıqlıyam və hər gün sinifdə şagirdlərimin qarşısına çıxa bilərəm. “Müəllimlər imtahan verməməlidir”, yaxud “Sertifikasiya olunmamalıdır”, - fikirlərinin əleyhinəyəm. Əksinə, müəllimlər 3 ildən bir imtahan olunmalıdır. İşə qəbul olunduqdan sonra həmin işi ömürlük tutduğunu düşünən müəllim özünü təkmilləşdirməyə çalışmır və illər keçdikcə bilik səviyyəsi aşağı düşür. Sinifdə yüksək potensiallı şagirdlər var. Belə uşaqların qarşısına çıxa bilməsi üçün müəllimlərdən yüksək hazırlılıq tələb olunur. Əks halda, sinifdə pis vəziyyətdə qala bilərlər”.

 

Qeyd edək ki, Ülviyyə Mahmudova sertifikatlaşdırma imtahanında da yüksək nəticə göstərib. O, 60 baldan 58 bal toplayıb.

 

“Seçim mərhələsinə də qatılacaqdım, ancaq...”

 

Ülviyyə Mahmudova 1980-ci ildə Cəlilabad şəhərində doğulub. Məktəblə ilk tanışlığı da elə burda olub. Cəlilabad şəhər 1 nömrəli tam orta məktəbdən məzun olandan sonra Bakı Dövlət Universitetinə daxil olub. Filologiya üzrə bakalavriat, Dilşünaslıq (Türkologiya) üzrə magistratura səviyyələrində təhsil alıb. 2001-ci ildə müəllimlik fəaliyyətinə başlayıb. 2006-2013-cü illərdə  Azərbaycan Müəllimlər İnstitutunda çalışıb. 2013-cü ildə məktəbdə fəaliyyətinə ara verib. Bundan sonra özəl dərslər verib, tədris mərkəzlərində çalışıb. 2019-cu ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsində 60 mümkün baldan 58 bal toplayaraq Mehdiabad 5 nömrəli tam orta məktəbdə daimi əsaslarla müəllim vəzifəsinin icrasına başlayıb. Hazırda həmin məktəbdə çalışan Ülviyyə müəllimin yaşayış yeri iş yerindən uzaqdır: “Xırdalan şəhərində yaşayıram və hər gün Mehdiabada gedirəm. İndiyədək bu, heç vaxt problem olmayıb. Ötən il səhhətimdə problem yarandı. Ona görə də bu il müsabiqəyə qatılanda iş yerimi dəyişmək üçün seçim mərhələsinə qatılmağı planlaşdırırdım. Amma indi tərəddüd edirəm. Mənim iş yerim var. Seçim mərhələsinə qatılaraq işsiz namizədlərin işlə təmin olunmaq şansını əllərindən almaq istəmirəm”.

 

Müəllim imtahana yox, şagirdlərin qarşısına çıxmaq üçün hazırlaşmalıdır

 

Ülviyyə Mahmudova sinfə hazırlıqsız girməyi xəyanət hesab edir və “gecə-gündüz imtahanlara hazırlaşan” müəllimlərlə razılaşmır: “Müəllim hər gün dərsə girir. İmtahanda qarşımıza çıxan suallar hər gün dərsdə uşaqlara təqdim etdiklərimizdir. Müəllim, sadəcə işə qəbul olunmaq, iş yerini dəyişmək, sertifikasiyadan keçmək üçün yox, hər gün hazırlaşmalı, məhz şagirdlərin qarşısına çıxmaq üçün oxumalı, özünü təkmilləşdirməli, gördüyü işin dəyərini bilməlidir”.

 

Ruhiyyə DAŞSALAHLI