Müsahibimiz Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimovdur


Bu il Lənkəran Dövlət Universitetini (LDU) bakalavriat səviyyəsi üzrə 880, magistratura səviyyəsi üzrə 145 nəfər bitirdi. Artıq növbəti tədris ili üçün plan yerlərinin sayı da, görüləcək işlərin planları da hazırdır. LDU elə bu ildən başlayaraq dünya universitetlərinin olduğu siyahılara düşməyə, dünyanın müxtəlif yerlərindən oxumaq üçün Azərbaycana gələnlərin diqqətini cəlb etməyə çalışacaq.  Rektor, professor Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə həm növbəti tədris ili üçün planlardan, həm də gələcək hədəflərdən bəhs edib.

 

İş şəraitini ildən-ilə yaxşılaşdırırlar

 

- Geridə qoyduğumuz tədris ili LDU üçün  necə bitdi, uğurlu idi?

- Hətta “ən uğurlu il”, - deyə bilərik. Üstəlik, universitetimizin 30 illik yubileyini qeyd etdiyimiz bir ildən söhbət gedir. Yeri gəlmişkən, bu münasibətlə ölkə başçısı təhsil quruculuğu və peşəkar kadr hazırlığı sahəsindəki xidmətlərinə görə iki əməkdaşımızı “Əməkdar müəllim” fəxri adı, üç əməkdaşımızı isə “Tərəqqi” medalı ilə təltif etdi. Deyə bilərəm ki, fəaliyyətimizə aid uğurlarımız ilboyu davam edib. Məsələn, universitetin H.Abdullayev küçəsi-19 ünvanında yerləşən 2-ci tədris korpusunun  ərazisində müasir tipli yeni 5 mərtəbəli tədris binasını tədris ilinin elə ilk günündə müəllim və tələbələrimizin ixtiyarına verdik.

 

- Universitetdə iş şəraitini yaxşılaşdırmaq planlarınız, deyəsən gələn il də davam edəcək?

- Elədir, universitetin inzibati binasının genişləndirilməsi layihəsi var.Yaxın zamanlarda tikinti-quraşdırma işlərinə başlamağı planlaşdırırıq. Hesab edirik ki, layihənin gerçəkləşməsi əməkdaşlarımızın iş şəraitinin yaxşılaşdırılmasına imkan verəcək. Maddi-texniki bazamızı möhkəmləndirməklə yanaşı, kadr hazırlığının keyfiyyətinə ciddi təsir edəcək daha bir plan isə klinikadır. 1 saylı korpusun ərazisində xarici ölkələrin təcrübəsinə əsaslanaraq, beynəlxalq tələblərə cavab verən “Baytarlıq klinikası” tikməyə hazırlaşırıq.

 

LDU-nun qəbul planında yeni ixtisaslar var

 

- Kadr hazırlığının keyfiyyətindən bəhs etmişkən, LDU-nun qəbul planı təsdiqlənib.Məlumata görə, burada 40 ixtisas üzrə hazırlıq təşkil ediləcək. Aralarında yeni olanlar varmı?

- Hazırda 5 fakültə, 13 kafedrada 5400 tələbəyə təhsil veririk. Universitet ildən-ilə böyüyür.2023/2024-cü tədris ili üzrə qəbul planında 2005 yer ayrılıb. Bakalavriat səviyyəsində 40 ixtisas üzrə qəbul aparılacaq. Təbii ki, aralarında yeni ixtisaslar da var. Bu il psixologiya, informasiya təhlükəsizliyi, turizm bələdçiliyi kimi yeni ixtisaslar üzrə kadr hazırlığını təşkil edəcəyik. Hər il olduğu kimi, bu dəfə də yeni ixtisasların verilməsi zamanı əmək bazarının tələbləri, regionda yerləşən müəssisələrdə kadrların hazırlanmasına dəstəyin verilməsi kimi məsələlərə xüsusi diqqət yetirilib. Növbəti illər üçün qəbul planında tələbələrə daha geniş perspektivlər yaradacaq yeni ixtisasların verilməsi və qəbul sayının daha da artırılması planlaşdırılır.

 

- Bakalavriatda 8 ixtisas üzrə qəbul, sadəcə dövlət sifarişi əsasında aparılır. Bunun səbəbi nədir?

- Doğrudur, bakalavriat səviyyəsində aqronomluq, aqromühəndislik, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, zoomühəndislik ixtisasları üzrə kadr hazırlığı yalnız dövlət sifarişi əsasında aparılır. Aqrar sahənin inkişafına hesablanan ixtisaslara həm region, həm də ölkə üzrə tələbat çox olduğundan qəbul yalnız dövlət sifarişi əsasında həyata keçirilir. Bu ixtisaslar üzrə peşəkar kadrların hazırlanması üçün LDU-da müvafiq tədris-təcrübə bazası yaradılıb. Aqrar sahə üzrə kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə Türkiyənin Kafkas (Qars), Çukurova və digər universitetləri ilə əlaqələr qurmuşuq. Həmin universitetlərlə imzalanan “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində professor-müəllim heyəti tədrisə cəlb edilir.

 

- Magistratura səviyyəsi üzrə 30-a yaxın ixtisasa qəbul aparılır. Burada vəziyyət necədir? Qəbul planı dolurmu?

- 2023/2024-cü tədris ilində magistratura səviyyəsi üzrə də qəbul planı təsdiq edilib və plana görə 29 ixtisas və 33 ixtisaslaşma üzrə 303 qəbul yeri nəzərdə tutulur. Eyni zamanda MBA proqramı çərçivəsində magistr hazırlığı həyata keçirilir. Həm MBA (Biznesin təşkili və idarə olunması (sosial xidmət sahələri üzrə)), həm də digər ixtisaslarda bir sıra yeni ixtisaslaşmalar üzrə (Fizika fənninin tədrisi metodikası və metodologiyası, Kompüter sistemləri və şəbəkələri, Bitki anatomiyası və morfologiyası, Mamalıq, ginekologiya və süni mayalanma, Sosial-mədəni sahələrdə xidmətlərin təşkili, Otelçilik) kadr hazırlığı həyata keçiriləcək. Hər il qəbul planının 80-85 faizdən çoxu dolur. Qeyd edim ki, magistratura səviyyəsi üzrə kadr hazırlığı aparılarkən əsas diqqət universitetdə kadr potensialının gücləndirilməsinə yönəldilir. Təhsilini müvəffəqiyyətlə başa vuran magistrantların bir çoxu universitetdə müəllim, tyutor və s. kimi vəzifələrdə çalışır.

 

Burada imtahanların vaxtına tələbə qərar verir

 

- LDU-nun adı tələbələrə yönəlik addımlarla daha çox hallanır. Xüsusən, bakalavr və magistrlərin təhsil şəraitini rahatlaşdıran addımlarınız barədə mətbuatdan oxuduq.

- Elədir. Tələbələrimiz üçün bir çox addımlar atmışıq. Məsələn, ölkədə ali təhsil müəssisələri arasında ilk dəfə bizdə imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verildi. Yaz imtahan sessiyasının təşkilində tələbələrin arzu və istəkləri nəzərə alındı. Bütün fakültələr üzrə imtahanlar iki növbədə təşkil olundu və verilən seçim imkanından istifadə edərək imtahana düşən fənlərin gününü və saatını onlayn qaydada tələbələr özləri müəyyənləşdirdilər. Bu yenilik tələbələrə imtahan biletlərini kompüter vasitəsilə birbaşa elektron bazadan götürmək, eləcə də imtahanları operativ verib sessiyanı daha tez yekunlaşdırmaq şansı verdi. Eyni zamanda, imtahan nəticələri operativ olaraq universitetin elektron bazasında da yerləşdirildi. Tələbələrimiz üçün addımlarımız davam edəcək. Sırada oğlan tələbələrimiz üçün 250 nəfərlik mehmanxana tipli yataqxana var.

 

Doktorantları LDU-nun ixtisaslı kadr potensialını gücləndirir

 

- Doktorantura səviyyəsi üzrə təhsilin təşkili vəziyyəti necədir? Doktorantura səviyyəsində dövlətin həyata keçirdiyi proqram da var. LDU-da bu təhsil səviyyəsi üzrə kadr hazırlığı ilə bağlı yeni və ya uğurlu saydıqlarınızı bilmək maraqlı olardı.

- Universitetimizdə elmi mühitin inkişafında doktorant hazırlığının xüsusi yeri var. Son illərdə fəlsəfə doktoru proqramı üzrə qəbul plan yerlərinin sayı bir neçə dəfə artırılıb, elmlər doktoru proqramı üzrə isə universitet əməkdaşları ölkəmizdəki nüfuzlu ali təhsil müəssisələri və elmi təşkilatlara təhkim ediliblər. Hazırda 10-a yaxın doktorant dövlət hesabına təhsil alır. Eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktoranturada təhsil üçün müraciət edənlərə imkanlar yaradılır. Respublika və ölkə xaricində elmi müəssisələrlə elmi-tədqiqat əlaqələri qurulduğundan, doktoranlarımız özlərinə həmin təşkilatlardan həm elmi rəhbər seçir, həm də elmi-tətqiqat işləri aparırlar. LDU doktorantlarına dünyanın elmmetrik bazalarına çıxış imkanı yaradır, onlara yüksək indeksli impakt faktorlu elmi jurnallarda məqalə çapı və beynəlxalq konfranslarda iştirak üçün dəstək veririk.

 

Müxtəlif sahələri əhatə edən və Azərbaycan, türk, ingilis və rus dillərində məqalə dərc edən 3 elmi jurnalımız fəaliyyətdədir. Hər üçü Prezident yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına və eyni zamanda beynəlxalq elmi indeks bazalarına (İNDEKS COPERNİCUS, E-Library (RİNÜ)) daxildir. Universitetin növbəti hədəfi jurnalları Scopus və Web of Science bazalarına daxil etməkdir. Məhz buna görədir ki, doktorantlarımızın böyük əksəriyyəti öz dissertasiya işlərini vaxtında uğurla müdafiə edib müvafiq diplomları alaraq həm universitetin elmi-tədris bazasının inkişafına, həm də ixtisaslı kadr potensialının formalaşmasına yardımçı olurlar.

 

Əcnəbi tələbələrin hazırlıq kursu açılır

 

- Əcnəbi  tələbə  və professor sayı ilə bağlı məlumat verə bilərsinizmi? Tədris prosesinə xaricdən müəllim-professorlar cəlb edirsizinizmi?

- LDU-da son illərdə istər bakalavriat, istərsə də magistraturada təhsil alan tələbələrin müasir biliklərə yiyələnmək və dünyaya inteqrasiya olunmasında başlıca istiqamətlərdən biri də onların əcnəbi müəllimlərlə təmasıdır. Bu fərqlilik mübadilə proqramlarında daha çoxdur. Bununla yanaşı,Türkiyədə çalışan yüksək reytinqli professorlar universitetə dəvət edilir. Xüsusən, baytarlıq ixtisası üzrə 3 professor-müəllim tədris ili boyu tələbələrimizə mühazirələr oxuyub, birgə təcrübələr aparıb, müvafiq kafedralarda seminarlar verib. Eyni zamanda doktorantlarımıza xaricdə çalışan nüfuzlu alimlər koordinasiyalı şəkildə elmi rəhbərlik edir.

 

Əcnəbi tələbələrin qəbulu onlayn platforma üzərindən aparılır, hazırda Türkiyə, Rusiya və Gürcüstandan olan tələbələrimiz universitetdə təhsil alır. Bu ildən LDU-da əcnəbi tələbələrin hazırlıq kursunun açılmasına da razılıq verilib. Hesab edirəm ki, bundan sonra xarici tələbə sayı daha da artacaq.

 

Gənclərin əmək bazarı öyrənilir, işəgötürənlərin tələbləri müəyyənləşdirilir

 

- Kadr hazırlığından danışarkən qısamüddətli təhsili unutmaq olmaz. Müasir universitetlər, sadəcə verdiyi müxtəlif səviyyələr üzrə təhsil yox, həm də qısamüddətli təhsillə - kursların təşkili ilə nəinki qazanır, həm də tanınır. Bazarın tələbi də daha çox qısamüddətli təhsilə - ixtisasartırma və ixtisasdəyişmə kurslarınadır, elə deyilmi?

- Çox aktual bir problemə toxunursunuz. Müasir dövrdə hər bir dövlətin iqtisadi və sosial siyasətinin aktual məsələlərindən biri tam məşğulluğun təmin olunmasıdır. Çünki insan resurslarından səmərəli istifadə ölkənin iqtisadi inkişafında başlıca rol oynayır. Bu problemlərin həlli üçün gənclərin əmək bazarının mütəmadi olaraq öyrənilməsi və işəgötürənlərin tələblərinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə universitetimiz İqtisadiyyat Nazirliyinin Lənkəran Regional idarəsi ilə birgə regionda daha çox kadr tələbatı olan peşələri müəyyənləşdirib. Bura baytar köməkçiləri (texnikləri), kompüter operatorları, texnikləri və proqramçıları, gül, tərəvəz və meyvə ustaları, aşpaz, barmen, otel işçisi, sığorta mütəxəssisi, bağbanlar, calaqçılar, bitkiçilikdə zərər və ziyanvericilərlə mübarizə ustası, arı ustası, fermerlər, dayələr, satıcılar, məişət texnikası cilingəri və təmiri ustası və digər peşə sahibləri aiddir. Həmin peşələr üzrə qısa (3-9 ay) və ortamüddətli (12-18 ay) kursların proqramları hazırlanaraq İqtisadiyyat Nazirliyinin Lənkəran Regional idarəsi ilə razılaşdırılıb.Bununla yanaşı, qəbul planında, əsasən qeyri-neft sektorunun, xüsusilə aqrar və iqtisadiyyat sahələrində gələcəkdə tələbata ehtiyacı olan zəruri ixtisaslar üzrə mütəxəssis hazırlığına üstünlük verilir. Aparılan işlərdən biri də yaxın gələcəkdə regionun işsiz kadrlarının, o cümlədən gənclərin və qadınların həmin proqramlar üzrə təlimlərə cəlb olunmasına hesablanıb.Bu məqsədlə universitetin əməkdaşları layihələr hazırlayaraq Avropa İttifaqına təqdim ediblər. Layihələrdə Avropa İttifaqı universitetlərinin qabaqcıl texnologiya və təcrübəsi, həmçinin Aİ-nın maliyyə dəstəyindən istifadə etməklə müasir tipli aqrar təsərrüfatı, emal və satış müəssisəsinin yaradılması, gənclərin peşə hazırlığına və əmək bazarına cəlb edilməsi, region universitetlərinin elmi və tədris potensialının gücləndirilməsi, Aİ dəyərlərinin təşviqi, Aİ universitetləri ilə inteqrasiyanın genişləndirilməsi nəzərdə tutulub.

 

- Tyutor hazırlığı kurslarına da başlanılıb. Xatırlayırıq ki, “Azərbaycan müəllimi” qəzetinə verdiyiniz müsahibələrdən birində təcrübəsiz gəncləri işə alır, onları işdə yaxşı tyutorlar kimi yetişdirir, amma sonradan onların başqa, hətta Bakıda fəaliyyət göstərən universitetlərə getdiyindən narahatlığınızı ifadə edirdiniz. Bu, hələ tyutorların universitetlərimizdə yeni ştat olduğu vaxtlar idi. Artıq üzərindən illər keçib və LDU bu sahə üçün kadrlar hazırlamağa başlayıb...

- Universitetimizdə tədrisin keyfiyyətini yüksəltmək və tədrisi kredit sisteminin tələblərinə uyğun təşkil etmək məqsədi ilə hər il tyutor hazırlığı kursları təşkil edilir. Bunun sayəsində tələbələrə özünün təhsil trayektoriyalarını müəyyən etmək imkanı yaradılır. Bu il də iyulun 12-dən hazırlıq kursuna  başlanıb. Kursu müvəffəqiyyətlə başa vuraraq yüksək nəticələr əldə edən namizədlər universitetdə işlə təmin olunurlar. Tyutorların vaxtilə Bakıda fəaliyyət göstərən universitetlərə getdiyi faktı da danılmazdır. Amma bu, artıq keçmişdə qalıb. Universitetimizdə iş şəraiti yaxşılaşdırılıb, əmək haqları artırılıb və nəticədə tyutorların da sayı artıb.

 

LDU güləşçilərinin səsi beynəlxalq yarışlardan gəlir

 

- Mətbuatdan izləyirik ki, idman nailiyyətləri var tələbələrinizin. Adətən, idman karyerasını universitetlərdə də davam etdirən gənclər azdır. Çoxu X-XI siniflərə qədər məşğul olur, qəbul imtahanı ərəfəsində də məşqlərini dayandırır. LDU-da bunun baş verməməsi, tələbələrinizin idmanda və başqa sahələrdə məşğuliyyətlərini davam etdirmələri üçün xüsusi iş aparılırmı?

- LDU-da müxtəlif idman klubları fəaliyyət göstərir. Tələbəlrin arzu və istəklərini, həmçinin bacarıqları nəzərə alınaraq MMA (döyüş), “Grappling” (güləş), cüdo, boks, voleybol, futbol, qol güləşi, stolüstü tennis,  şahmat, trenajor, kikboksink idman növləri üzrə  bölmələri yaradılıb. Bir müddət əvvəl isə oğlanlardan ibarət basketbol komandası qurulub vəqızlardan ibarət komanda da formalaşdırılır. Tələbələrimizin komanda şəklində rayon səviyyəsində keçirilən idman yarışlarında, fərdi idman növlərində isə beynəlxalq və respublika səviyyəli yarışlarda kifayət qədər uğurları var. Məsələn, Kəmaləddin Şükürov beynəlxalq turnirdə “Grappling” (güləş) idman növündə 75 kiloqram çəki dərəcəsində 1-ci yer, dünya kubokunda 80 kq dərəcəsində 2-ci yer tutub. “Grappling” idman növündə daha bir - Arif Ağayev adlı tələbəmiz dünya kubokunda 2-ci yeri qazanıb. Dünya kubokunda bu idman növü üzrə uğur qazananlarımız çoxdur. Emin Mustafazadə 60 kq. çəki dərəcəsində, Zülfüqar Əhədli 70 kq.-da, İdris Mirzəzadə isə 65 kq. çəki dərəcəsində I olub.

 

Əməkdaşlıqda fərq qoymurlar

 

- Bölgə universitetləri ilə əməkdaşlığa başlamısınız. Belə əməkdaşlıqlardan gözləntilər nədir? Hansı formada əməkdaşlıq nəzərdə tutulur?

- Əməkdaşlıqda paytaxt və bölgə universitetlərinə fərq qoymuruq. Bölgə universitetləri ilə qarşılıqlı konfrans, simpoziumlar təşkil edir, tədris-elmi əlaqələrimizi möhkəmləndiririk. Məsələn, Mingəçevir Dövlət Universiteti ilə  2021-ci ildən başlamışıq. Vaxtaşırı birgə konfrans və tədbirlər keçirir, hər iki universitetdə mövcud laboratoriyalardan birgə istifadə edir, fənn proqramlarını təkmilləşdirir, tələbə və müəllim mübadiləsi aparır, qarşılıqlı kreditləri tanıyır,birgə tədqiqat işləri aparırıq.

 

Azərbaycan Texnologiya Universiteti və Mingəçevir Dövlət Universiteti ilə aramızda 3 tərəfli memorandum imzalamışıq. Memorandumda üç ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya fəaliyyəti və beynəlxalq əlaqələrə dair ümumi maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı nəzərdə tutulur.

 

Yaxın müddətdə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutu ilə də ikitərəfli əməkdaşlığa başlayacağıq.Bununla yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Peqaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan İlahiyyat İnstitutu, Sumqayıt Dövlət Universiteti və AMEA-nın müvafiq elmi tədqiqat institutları ilə əməkdaşlıq edilir, qarşıda daha yeni istiqamətlər üzrə əlaqələrin planları müəyyənləşdirilir.

 

- Beynəlxalq əməkdaşlıq planlarınız nədir? Məsələn, ikili diplom proqramları, ikitərəfli əməkdaşlıqlar sahəsində nə kimi yeniliklər gözlənilir? Bu günlərdə LDU-da “Avropa şəhərciyi” layihəsi də sıx-sıx müzakirə olunanlar siyahısındadır. “Erasmus”, “Yaşıl enerji” kimi layihələrdə LDU iştirak edib. Əməkdaşlığın genişləndirilməsi planı da var yəqin?

- LDU-nun strateji inkişaf planında beynəlxalq əməkdaşlıq sahəsində məqsəd, vəzifə və hədəflər müəyyənləşdirilib. 2022-2030-cu illər üçün beynəlxalq təhsil xidmətləri bazarında aktiv iştirak, əcnəbi tələbələrin və müvafiq ixtisaslar üzrə xaricdən kadr cəlbi, beynəlxalq layihələrin təqdim edilməsi, ikili diplom layihələrinin genişləndirilməsi kimi məqsədlərimiz var. Universitetimiz dünyanın nüfuzlu ali məktəb reytinqləri siyahısına - “QS World University Rankings” və “Webometrics”-ə qoşulub, sıralamaya düşmək və hətta irəliləməyi hədəfləyirik.

 

LDU ilə İspaniya, Türkiyə, Polşa ali  təhsil müəssisələri arasında Erasmus+KA1  proqramı çərçivəsində əməkdaşlıq müqavilələri imzalanıb və həmin müqavilə əsasında akademik heyətin qarşılıqlı mübadiləsi həyata keçirilir. 2022/2023-cü tədris ilində uğurlarımızdan biri də Avropa İttifaqının Erasmus+  KA2 proqramı üzrə iki layihədə təmsil olunmağımızdır. “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması (REFRESH)”, “Azərbaycanda İnstitusional Repozitorlar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişaf etdirilməsi (DIRNA)” üzrə olan layihələr 3 il müddətində həyata keçiriləcək.2023-cü ildə koordinatorluğumuzla 2 layihə (Erasmus+ KA2) Avropa İttifaqına təqdim edilib. Birincisi, “Kənd təsərrüfatı sahibkarlığının inkişafında regional universitetlərin rolu (RUDA)” layihəsidir və əsas hədəf aqrar sahibkarlığın inkişafında regional universitetlərin rolunu artırmaqdır. İkincisi, “Əldə edilmiş təcrübənin təsdiqi ilə ali təhsil diplomuna çıxışın təmin edilməsi (EHEDA)”layihəsidir - 35 yaşdan yuxarı bu və ya digər səbəbdən ali təhsil diplomu ala bilməyən və ən azı 5 il iş təcrübəsi olan insanlara imkan yaratmaq məqsədi daşıyır.Təhsilimizdə məzmun və keyfiyyət göstəricisini təkmilləşdirmək üçün ikili diplom layihələrinə diqqət yetiririk. Belə ki, 2019-cu ildə UNEC və LDU arasında İkili Diplom Proqramı haqqında müqavilə imzalanıb. Proqramda tərəfdaş universitetlərin “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, “Mühasibat uçotu və audit” və  “Maliyyə” ixtisasları üzrə əyani təhsil formasında təhsil alan tələbələr iştirak edəcək.

 

İkili diplom layihələrinin təsis edilməsi istiqamətində xarici universitetlərlə danışıqlar aparılır, müvafiq razılıqlara gəlinib. Belə ki, Macarıstanın Kapoşfar və Türkiyənin Kafkas (Kars) Universitetləri ilə ikili diplomların təsis edilməsi istiqamətində müqavilələr imzalanıb.

 

LDU-nun xarici əlaqələrində Avropa İttifaqı və ittifaqa daxil olan ölkələrin universitetləri ilə əməkdaşlıq mühüm yerlərdən birini tutur. Beynəlxalq əlaqələrimizin inkişafı Avropa İttifaqının nümayəndə heyətinin, Avropa ölkələrinin səfirlərinin diqqətini cəlb edir. Elə ötən ay - iyunun 9-10-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin İttifaqa üzv olan ölkələrin səfirləri ilə birlikdə növbəti “Avropa şəhərciyi” tədbiri ilə əlaqədar LDU-da təmsil olunması bu diqqətin göstəricisidir. 

 

Məzunlarının 73 faizdən çoxu iş tapır

 

- Universitetlər üçün vacib məsələlərdən biri də məzunlarının iş tapmasıdır. Məzunlarla  əlaqələriniz necədir, onlardan geri dönüş alırsınız?

- Məzunların gələcək karyeralarının təşkili və idarəetmə strukturunda operativliyi təmin etmək məqsədilə universitetdə hər il məzun yarmarkası keçirilir. Bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq edirik. Agentlikdən verilən məlumatlara əsasən məzunlarımızın 73.37 faizi işlə təmin olunub. Bundan əlavə, LDU-nun Təcrübə, potensial inkişaf və karyera bölməsi məzunlarımızla mütəmadi əlaqə saxlayır və onların iş fəaliyyəti ilə bağlı yeni məlumatlar müvafiq olaraq bazaya daxil edilir.

 

- MİQ müsabiqəsinin nəticələri təhlil edilirmi? Məzunlarınızın qəbul faizi və imtahanlarda göstərdikləri keyfiyyət göstəriciləri barədə yəqin məlumatlısınız. Sizdə də belə təhlilər aparılırmı?

- LDU-da Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin təşkilatçılığı ilə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən namizədlərin son 5 ildəki nəticələrinin təhlili ilə bağlı tədbir keçirilib. Tədbirdə son 5 ilin nəticələri, ali təhsil müəssisələrinin bu istiqamətdəki statistik göstəriciləri slaydlar və diaqramlar əsasında geniş şəkildə şərh edilib, müvafiq müzakirələr aparılıb. Tədris prosesində qarşıya çıxan çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər və tapşırıqlar verilib. Universitetdə də Keyfiyyət təminatı şöbəsi fəaliyyət göstərir. Bu şöbənin fəaliyyəti nəticəsində təkcə MİQ imtahanının nəticələrinin monitorinqi yox, bütün ixtisaslar üzrə monitorinqlər aparılır. Mövcud çatışmazlıqların aradan qaldırılması üçün tədrisin təşkili prosesində operativ işlər görülür. Artıq növbəti 5 ildəki hesabatların təhlili nəticəsində yüksək nəticələrin əldə olunduğunun şahidi olacağıq.

 

LDU-nun Baytarlıq klinikası heyvandarlıqla məşğul olanlara xidmət edəcək

 

- Bəs, növbəti  tədris ili üçün hədəfdə nə var?

- Universitetin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə növbəti tədris ilində yeni infrastrukturun yaradılması - oğlan tələbələri üçün müasir tələblərə cavab verən yeni yataqxana binasının istifadəyə verilməsi nəzərdə tutulur. 250 tələbə üçün nəzərdə tutulmuş yataqxana binası 5 mərtəbə, 100 otaqdan ibarət olacaq. Universitetin 1 saylı tədris binasında Türkiyənin Kafqas (Qars) universiteti ilə imzalanmış “Akademik Əməkdaşlıq Protokolu” çərçivəsində həmin universitetin professor-müəllim heyətinin və əməkdaşlarının dəstəyi ilə Baytarlıq Klinikası yaradacağıq. Klinikada, sadəcə baytarlıq ixtisasının tələbələri təcrübə keçməyəcək, həm də regionda heyvandarlıqla məşğul olan fermerlərə, ev heyvandarlığı təsərrüfatı ilə məşğul olanlara xidmət göstərəcəyik. LDU-da kadr hazırlığının keyfiyyətini yüksəltmək, müəllim hazırlığının səviyyəsini artırmaq məqsədilə müasir tələblərə cavab verən yeni laboratoriyaların alınması da əsas hədəflərdən biridir.

 

Ruhiyyə DAŞSALAHLI