Müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək


Ölkə başçısı cənab İlham Əliyevin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 27 iyul 2023-cü il tarixli Sərəncamına müvafiq olaraq  ölkəmizin ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

 

Qalibiyyətimizə görə borclu olduğumuz müharibə veteranı olan  gənclərimiz dövlət başçısının bu Sərəncamını yüksək dəyərləndirirlər. Bəli, bu gənclər artıq təhsil haqqından  azaddırlar və onlar öz sevinclərini “Azərbaycan müəllimi” qəzeti ilə bölüşüblər.

 

Kamran  ƏZİMOV: - 2016-cı ildə  657 balla Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olmuşam. 2020-ci ildə bakalavriatura təhsilimi başa vurmuşam.  Həmin il  hərbi xidmətə yollandım və İkinci Qarabağ müharibəsində  iştirak etdim . Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə  “Suqovuşanın azad olunmasına görə”  medalına layiq görülmüşəm.  Mən həm də “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşam.

 

İkinci Qarabağ müharibəsindən sonra təhsilimi davam etdirmək qərarına gəldim. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  magistraturasına  qəbul oldum. Ödənişli əsaslarla  təhsil alıram və mənim üçün bu, kifayət qədər böyük məbləğdir.

 

Dövlət  başçısının  Sərəncamı   artıq   bizlərin   təhsillə bağlı maddi problemlərini  tamamilə aradan qaldıracaq. Prezidentimizin  müharibə veteranlarına,  şəhid ailələrinə , qazilərə  olan diqqət və qayğısı ən yüksək səviyyədədir. Bizim təhsil haqqından azad olunmağımız təhsilə əlçatanlığı təmin edir, vətənə layiqli mütəxəssis kimi öz töhfəmizi verməyə imkan yaradacaq. 

 

 

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə  dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, təhsil sahəsində həm maddi, həm də mənəvi sıxıntılarımız  artıq aradan qalxdı.

 

Bu Sərəncam bütövlükdə müharibə veteranlarımıza imkan verəcək ki, onlar sosial vəziyyətlərindən asılı olmayaraq  ali təhsil ala, özlərini bu müstəvidə inkişaf etdirə bilsinlər. Prezidentimizin  imzaladığı Sərəncam  dövlətimizin həm veteranlara, həm də təhsilə  göstərdiyi diqqət və qayğının növbəti  təzahürüdür.

 

Pərvin ABASQULİYEV: - 2009-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Biologiya” ixtisası üzrə bakalavr təhsili almışam. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində  (UNEC) “Biznesin təşkili və idarə edilməsi (menecment)” ixtisası üzrə magistraturada  ödənişli əsaslarla təhsil alıram. II kurs tələbəsiyəm.

 

Hər bir azərbaycanlının uzun illər  sağalmayan yarası var idi. Və biz bir məqsəd, bir amalla yaşayırdıq. İşğal altında olan torpaqlarımızı mənfur düşməndən azad, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, tökülən qanların qisasını almaq. Mən Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişəm. Dövlət başçısının Sərəncamı ilə “Kəlbəcərin  azad olunmasına görə” medalına layiq görülmüşəm.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq Sərəncamı məni bir Vətən müharibəsinin veteranı olaraq çox sevindirdi. Belə ki, qeyd etdiyim kimi,  hazırda Azərbaycan Dövlət İqtisad Universitetində  magistraturada ödənişli əsaslarla təhsil alıram. Təhsil haqqından  azad olunmağımız  dövlətin bizə  necə yüksək dəyər verdiyini göstərir. 

 

Bu imkanı yaratdığına görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Sərəncamı biz müharibə veteranlarına, şəhid ailələrinə, qazilərə göstərilən qayğı, eyni zamanda bizim şəxsi inkişafımıza dəstək kimi qiymətləndiririk. Və hesab edirəm ki, gələcək karyera imkanlarımızda misilsiz rol oynayacaqdır.

 

Vəliəhəd VƏLİYEV: - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Maşın mühəndisliyi” ixtisasi üzrə III kurs tələbəsiyəm. İkinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 52 gün əsirlikdə olduğum zamanda belə, Rəşadətli Ordumuzun Qələbə qazanacağına əmin idim. 

 

Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan  İlham Əliyevin “Dəmir Yumruq”  siyasəti  nəticəsində 14 dekabr  2020-ci ildə  əsirlikdən azad olunaraq Vətənimə  geri qaytarıldım.

 

Ali təhsil almaq, arzu etdiyim ixtisasa yiyələnmək  mənim ən böyük istəyim idi. Və sevinirəm ki, arzuma çatmışam. Təhsilim ödənişli əsaslarla olduğu üçün bu maddi vəsaiti ödəməkdə çətinlik çəkirdim. 

 

“Mən hər zaman qazilərin yanında olacağam”, - söyləyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş oldu.  Dövlət başçısının şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına yüksək diqqəti, qayğısı və imzalanmış bu Sərəncam  biz müharibə veteranlarına necə həssaslıqla yanaşılmasını göstərir. 

 

Verilən qərar ali təhsil almaq istəyən, bunun üçün müvafiq bazası olan, ancaq təhsil haqqı  ödəməyə maddi çətinlik çəkən müharibə iştirakçıları üçün gözəl fürsət və geniş imkanlar deməkdir. 

Ali təhsilimi bitirdikdən sonra da Vətənimə layiqli mütəxəssis  kimi  xidmət edəcəyimə əminəm. 

 

 

Elvin  BƏKİROV: - 2009-2013-cü illərdə Gəncə Dövlət Universitetində “İqtisadiyyat” ixtisası üzrə  təhsil almışam.

 

Bilirsiniz ki,  ermənilər 30 ilə yaxın bir müddətdə bizim dədə-baba torpaqlarımızı işğal edərək minlərlə azərbaycanlıya qarşı vəhşiliklər törətmişdir.  Təbii ki, biz qisas anını gözləyirdik. Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışına inamla qoşularaq 2020-ci il  sentyabrın 21-də könüllü olaraq ordu sıralarına yazıldım. Quru qoşunlarının “N” saylı hərbi hissəsinin həmlə taboru ilə bərabər, həmin ilin sentyabrın 27-də  döyüşlərə qatıldım. İlk döyüşümüz Talış kəndi uğrunda oldu, sonra  isə  Suqovuşanı  düşmən  tapdağından  azad  etdik.  Dekabrın 1-də isə artıq Laçın rayonuna daxil olduq.

 

Ölkə başçısının müvafiq Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalına layiq görülmüşəm.  “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif olunmuşam.

 

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təhsilimi yenidən davam etdirmək istədim.  2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) magistraturasına  qəbul olundum  və hazırda “Beynəlxalq ticarət” ixtisası  üzrə II  kurs tələbəsiyəm.

 

Prezident İlham Əliyevin imzaladığı  bu Sərəncam  biz müharibə veteranlarını çox sevindirdi. Artıq bizim təhsil xərci ilə bağlı problemimiz  olmayacaq. Bu, məni təhsil haqqımı düşünmək məsulliyətindən azad etdi. Bir  müharibə veteranı olaraq Prezidentimizə bizə göstərdiyi diqqət və qayğıya görə minnətdaram. 

 

Samirə  KƏRİMOVA