Müəllimlik müqəddəs bir peşədir. Bu peşəyə sevgi kiminə müəllim olan ata-anasından, kiminə isə müəllimlərindən keçir. Onlar da bu peşəni şərəflə qəbul edir, qürurla daşıyır, ucaldaraq növbəti nəslə - gənc müəllimlərə təhvil verirlər. Qəhrəmanlarım üçün MÜƏLLİMLİK məhz bu anlama gəlib.  Ağstafa rayonunun tanınmış müəllimi İndira Səmədova və Quba rayonunun adlı-sanlı müəllimi Saçlı Musayeva ömrünü müəllimliyə bağlayıb, sadə müəllim olmaqdan zövq alanlardandırlar.

 

“Ən məsuliyyətli, ən şərəfli vəzifəni daşıyıram”

 

 

Ağstafa şəhər  Ə.Hüseynov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi İndira Səmədovanın adı Ağstafa rayonunda çoxuna tanışdır. 44 ildir müəllimdir. Şagirdliyi də bu rayonda olub, elə müəllimliyi də. Bir sözlə, bu rayonda böyüyüb, sözün hər mənasında. Müəllimliyin zirvəsinə 2010-cu ildə yüksəlib. Amma o il “Əməkdar müəllim” fəxri adını alanda artıq çoxdanın əməkdarı idi onu tanıyanların nəzərində.

 

Ağstafalıların yaxşı tanıdığı o müəllimi siz də tanıyın. Şəhərdəki 24 nömrəli Dəmiryolu orta məktəbinin (İndiki Ağstafa şəhər 3 nömrəli tam orta məktəbi) məzunudur. Müəllimliklə tanışlığı hələ orta məktəbdə oxuyarkən başlayıb. Deyir, sinif nümayəndəsi olduğundan jurnal daim əlində olub.

 

Bu tanışlıq onu müəllimliyə qədər aparıb çıxarıb. Müəllimlərinin verdiyi jurnalı onlardan miras olaraq qəbul etməyə qərar verəndə çox uzağa yox, Kirovabad Dövlət Pedaqoji İnstitutuna üz tutub. 1979-cu ildə “Tarix müəllimliyi” ixtisası üzrə təhsilini fərqlənmə ilə bitirib və o vaxtdan da müəllimdir.

 

 

“Tarixi hər kəs bilməlidir, xüsusən öz tariximizi”, - deyir. İndira müəllim yetirmələrinin öz tarixini öyrənmələri üçün əlindən gələni edib: “Müasir dərsin bütün tələblərini mən öz dərsimdə illərdir tətbiq edirəm”.

 

Sinfə girdiyi ilk gündən belədir: bir neçə dəqiqə içərisində uşaqları motivasiya edir, sonra dərsə başlayır və 45 dəqiqə boyu hər birinin dərsdə iştirakını təmin edir.  Hər dərsdə nəsə öyrənirlər onun şagirdləri.

 

Bir sözlə, müəllim olub sinfə girdiyi gündən dərsi kurikulumla keçir. Keçdiyi dərsin nəzəriyyəsini isə müəllim yoldaşları ilə paylaşır. Könüllü şəkildə mentor, metodist müəllim rolunu öz üzərinə götürüb, müəllim yoldaşları üçün kurikulumu asan başadüşülən edir: “Müəllimlər otağında “dəyirmi masa”mız var, fənnindən asılı olmayaraq bütün müəllimlərlə yığışıb kurikulumu müzakirə edirik. Onlara çətin gələn məqamları müzakirə edir, məktəbimizin müəllimlərinin metodikadan imtahana hazırlaşmalarına kömək edirəm. Diaqnostik qiymətləndirməyə də belə hazırlaşmışdım. İxtisasımı bilirəm, bunun üçün hazırlaşmağa ehtiyac duymadım. Amma kurikulumdan müəllimlərimizi hazırlaya-hazırlaya özümü təkmilləşdirdim. Diaqnostik qiymətləndirmədən 57 bal topladım. İndi də sertifikasiyaya hazırlaşırıq”.

 

İndira Səmədova rayonun qabaqcıl müəllimi olaraq bütün tədbirlərdə çıxışçılardan biri olur. Natiqlik qabiliyyəti, səsi uşaqlıqdan tədbirlərin aparıcılığına yönləndirilməsinə səbəb olub. Üstünə yaxşı təşkilatçı olması, liderlik qabiliyyətini gəlsək hər kəsin onu kürsüdə görmək arzusunun səbəbi də anlaşılır. Amma o, kürsüyə həmişə müəllim kimi çıxıb: “Məktəbdə komsomol təşkilatının, tələbəlikdən bu yana isə həmkarlar təşkilatının rəhbəri olmuşam. İctimai tədbirlərdə fəallığımla seçilmişəm. Ancaq heç vaxt vəzifəyə getməyi düşünməmişəm və aldığım təklifləri qəbul etməmişəm. Hər zaman elə hesab eləmişəm ki, onsuz da ən məsuliyyətli, ən şərəfli vəzifəni daşıyıram”.

 

Zizik kəndinin “Tərəqqi” medallı Əməkdar müəllimi

 

Saçlı Musayeva isə Qubanın adlı-sanlı müəllimlərindən biridir.  Düz 34 ildir ki, Quba rayonu Əliyar Rüstəmov adına Zizik kənd tam orta məktəbində ibtidai sinif müəllimidir. Ölkə Prezidentinin 2019- cu  il  3  oktyabr  tarixli  Sərəncamı  ilə  “Əməkdar müəllim” fəxri adına  layiq  görülüb. 1969-cu  il  təvəllüdlü S.Musayeva hərfləri hazırda müəllimi olduğu məktəbdə tanıyıb, səslə hərfin fərqini burda  anlayıb. Əlindən tutan müəllimin dəyərini biləndə özü də müəllim olmağa qərar verib. İndi o, balaca barmaqlara qələm tutmağı öyrədir. Artıq yüzlərlə qubalının əli onun əlində böyüyüb. İllər keçib və o, rayonun yaxşı müəllimlərindən birinə çevrilib. Bəs, yaxşı müəllim olmağı necə bacarıb?

 

Ən böyük müəllimi atası olub, deyir: “Atam müəllim idi. Müəllimliyə həvəsim də, sevgim də ondan keçib. Yaxşı müəllim olmaq üçün ən böyük köməyi də o edib. Bu peşə ilə bağlı çox şeyi məhz ondan öyrənmişəm. Atam da bu peşədə yüksələnlərdən idi. Rayonumuzda tanınırdı, baş müəllim idi”.

 

Atadan balaya ən böyük  miras olub müəllimlik. Müəllim olmağa qərar verən kimi Azərbaycan  Dövlət  Pedaqoji Universitetinin qapılarını döyüb gənc Saçlı.  “İbtidai təlim pedaqogikası və  metodikası”  ixtisası üzrə təhsilini tamamladıqdan sonra kəndə qayıdıb. Qayıdan gündən  özünün də oxuduğu məktəbin ibtidai sinif müəllimidir.

 

O gündən 34  il keçir. Saçlı müəllimin həyatında da, işində də çox dəyişikliklər olub. İl üstünə il gəldikcə stajı da artıb, müəllimi olduğu insanların sayı da, müəllimliyə və uşaqlara olan sevgisi də, elə uğurları da.

 

Sonuncu böyük uğurunu sertifikatlaşdırma imtahanlarında qazanıb: “54 bal test mərhələsində, 36 bal müsahibə mərhələsində topladım. Əslində, daha yüksək nəticə göstərəcəyimi düşünürdüm”.

 

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. 20 gün sonra Saçlı müəllim yenidən sinfə girəcək, yeni tədris ilinə, özünün təhsil həyatına davam edəcək. 2002-ci  ilin “İlin ən  yaxşı  müəllimi” müsabiqəsi qaliblərindən biri, 2005- ci  ildən  “Tərəqqi” medallı Əməkdar müəllim kimi, sadə kənd müəllimi kimi...

 

 

Ruhiyyə DAŞSALAHLI