66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə müsabiqənin birinci mərhələsi yekunlaşdı


2023/2024-cü tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi yekunlaşıb. I mərhələ 66 peşə təhsili müəssisəsində 128 ixtisas olmaqla 25420 yer üzrə aparılıb. Həmin yerlər uğrunda 24090 nəfər müsabiqəyə qatılıb. Peşə təhsili almaq istəyən şəxslər əsasən İKT, turizm, sənaye, kənd təsərrüfatı və iaşə istiqamətlərində olan ixtisasları seçməyə üstünlük veriblər. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 10 faiz çox olduğunu göstərir. Ancaq bu rəqəm peşə təhsilinin nüfuzunun getdikcə artdığını göstərən yeganə göstərici deyil. Müraciət edən və qəbul olunanlar arasında ali təhsilli şəxslərin də sayı getdikcə artır. Onlardan biri də Aynur Qarayevadır. O, bakalavr təhsilindən sonra texniki peşə təhsili səviyyəsində təhsil alacaq. 50 yaşlı tələbə bu dəfə Xidmət sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində  dərzilik peşəsinə yiyələnəcək.

 

Riyaziyyatçı olmaq üçün müsabiqədənkənar BDU-ya girdi

 

A.Qarayeva 1973-cü ildə doğulub. Ali məktəb seçimi edərkən riyaziyyata olan sevgisini əsas tutub: “Riyaziyyatı çox sevirdim. Mən də təhsilimi riyaziyyat üzrə davam  etdirmək istədim. Orta məktəbi qızıl medalla bitirdim. Həmin vaxt fərqlənənlər universitetlərə müsahibə yolu ilə qəbul edilirdilər. Mən də bu şansdan istifadə etdim və müsahibə yolu ilə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə qəbul olundum”.

 

Müsabiqədənkənar BDU-ya qəbul olunan A.Qarayeva burada “Tətbiqi Riyaziyyat və kibernetika” ixtisası üzrə təhsilini tamamladıqdan sonra özünə iş axtarıb və bir müddət mühasib kimi çalışıb: “Müəllim ola bilmədim. Danışmağı sevmirəm, müəllimlikdə uğur qazana bilməyəcəyimi anladım. Ona görə müəllim olmağı düşünmədim”.

 

Çox keçmədən həvəsinin arxasınca gedib: “Uzun müddət mebel dizaynı ilə məşğul oldum. Yenə də çalışıram bu işdə və uzaqlaşmaq istəmirəm. Amma ən böyük marağım dərziliyədir”.

 

Dərzi olmaq üçün müsabiqəni qazandı

 

A.Qarayeva paltar söküb tikə-tikə tikməyi öyrənib. Yaxşı əl qabiliyyəti var. Mebel dizaynı ilə paralel olaraq bu istiqamətdə də özünü inkişaf etdirib: “Tanınmış dərzi olmaq istəyirəm. Özümün atelyem, yetirmələrim olsun, ən əsası, peşəkar olmaq istəyirəm”.

 

Bütün bu istəklərinin olması üçün peşəkarların yanında sevdiyi peşəni daha yaxşı öyrənmək, bu sahədə özü də bir peşəkar olmaq istəyir: “Dərziliyi özbaşına, peşəkar köməyi olmadan öyrənmişəm. Amma hər şeyi qaydalarına uyğun etmək istəyirəm. Ölçü götürməyi, ölçülərlə tikməyi öyrənməliyəm. Ümumiyyətlə, tikməyi bacarsam da dərzilikdə öyrənməli olduğum çox şey var”.

 

Ali təhsil aldığı riyaziyyatın da bu yolda ona çox köməyi dəyəcəyini düşünür: “Riyaziyyat müəllimi ola bilmədim. Elm öyrətmək çətindir, deyə düşünürəm. Amma dərzilikdə peşəkar olub onu başqalarına da öyrətməyi çox istəyirəm”.

 

Onun kimi rəssamlıq qabiliyyəti olan VII sinifdə oxuyan oğluna və bu günlərdə qərarvermə ərəfəsində olanlara isə bir tövsiyəsi var: “İnsan sevdiyi işin arxasınca getməlidir. Sevirsənsə, həvəslə və tez öyrənəcəksən. Sevmədən ən yaxşı bildiyi iş də insana ağır gəlir. Tövsiyəm odur ki, öz istəklərini doğru müəyyənləşdirsinlər və zamanın tələbini də mütləq nəzərə alsınlar. O zaman verdikləri qərar doğru olacaq”.

 

Hələ qərar verməmisinizsə...

 

Peşə təhsilinin əsrimizdə artan rolunu göstərən bu fakt, qərarınızı bir də gözdən keçirin, deyir. Çünki peşə təhsili müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulu sentyabrın 1-dən 5-dək olan müddətdə həyata keçiriləcək və məhz bu il peşə təhsili almaq istəyənlər üçün hələ gec deyil.

 

Ruhiyyə DAŞSALAHLI