Sənan Əliyev: “Gələcəkdə ixtisasım üzrə mütəxəssis kimi öz yurdumda fəaliyyət göstərmək mənə daha çox uğur gətirəcək”


Zəngilan rayonunun Ağalı kəndi Böyük Qayıdışın ilk qədəmləri qoyulan Vətən torpağıdır. Prezident İlham Əliyevin iştirakı ilə açılışı qeyd edilən Ağalı kənd tam orta məktəbi isə Böyük Qayıdışın başlanğıc mərhələsi olaraq ilklərə imza atmağa davam edir. İşğaldan azad olunmuş digər ərazilərimiz kimi, Ağalı məktəbi ilə bağlı da xoş xəbərlər bizi daha da qürurlandırır. Belə ki, 30 il sonra Ağalı kənd məktəbinin ilk məzunu tələbə adını qazanıb.

 

Bu il Ağalı kənd tam orta məktəbindən məzun olan 4 şagirddən biri də Sənan Teymur oğlu Əliyev olub. Qəbul imtahanlarında uğura imza atan Sənan Bakı Avrasiya Universitetinin “Marketinq” ixtisasına qəbul olunub. Erməni işğalçılarından azad edilmiş yurdumuzun ilk tələbə adını qazanan gənci ilə görüşüb söhbət etməyi, sevincinə şərik olmağı özümüzə şərəf bildik, onu oxucularımıza daha yaxından tanıtmağı qərara aldıq.

 

Sənan Əliyev 16 oktyabr 2005-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhəri Suraxanı rayonu 327 nömrəli tam orta məktəbdə birinci sinfə gedib.10 il həmin məktəbdə təhsil alan Sənan həmişə doğma yurda qayıdacağına ümid bəslədiyini deyir. Bu səbəbdəndir ki, Zəngilan rayonunun Ağalı kəndinə köç başlandığı ərəfədə öz ailəsi ilə azad edilmiş yurduna qayıdan ilk şəxslərdən olub.

 

Sənan həmin anları belə xatırlayır: “Ailəmlə yurdumuza qayıtdığımız gün keçirdiyim qürur və xoşbəxtlik hissini sözlərlə ifadə edə bilmirəm. Mən Zəngilanı, kəndimizi birinci dəfə görsəm də mənə elə gəlirdi ki, sanki bu yerlərdə böyümüşəm. Valideynlərim doğma torpağın gözəlliyi, havası, mehriban insanları haqqında çox danışmışdılar. Zəngilana qayıtdıqdan sonra mən yeni tikilmiş Ağalı kənd tam orta məktəbində təhsilimə davam etdim. Təhsil aldığım müddətdə məktəbimizdə bir çox görüşlərdə iştirak edirdim, tədbirlərə qatılırdım. Elm və təhsil naziri Emin Əmrullayevin, gənclər və idman naziri Fərid Qayıbovun və digər görkəmli təhsil xadimlərinin Ağalı kənd tam orta məktəbinə səfərləri baş tuturdu. Bununla yanaşı müxtəlif ölkələrdən qonaqlar kəndimizi, məktəbimizi ziyarət edirdi. Bu məqamlar bizim sevinc və qürur hissimizi ikiqat yüksəldirdi. Doğma yurda, məktəbimizə göstərilən diqqət və qayğı bizə ruh yüksəkliyi bəxş edir. Oxuduğum Ağalı kənd tam orta məktəbində təhsil çox yüksək səviyyədə idi. Müəllimlərimin əvəzolunmaz dəstəyi sayəsində mən tələbə adını qazandım. Qəbul imtahanında iştirak edərək Bakı Avrasiya Universitetinin “Marketinq” ixtisasına qəbul oldum. Bu ixtisasa yiyələnməyim mənim gerçəkləşəcək arzularımdan biridir. Düşünürəm ki, gələcəkdə ixtisasım üzrə mütəxəssis kimi öz yurdumda fəaliyyət göstərmək mənə daha çox uğur gətirəcək. Başda Sahil müəllim olmaqla bu yolda mənə dəstəklərini və inamlarını heç bir zaman əsirgəmədikləri üçün bütün müəllimlərimə minnətdaram”.

 

Sənan Əliyevi ürəkdən təbrik edir, ona gələcəkdə daha böyük uğurlar arzulayırıq. Növbəti illərdə işğaldan azad olunmuş torpaqlarımıza qayıdan sakinlərdən tələbə adını qazanan onlarla gənclərimizin uğur hekayələrini tanıtmaq diləyilə...

 

Lamiyə ƏLİMƏRDANOVA