60-dan yuxarı yaşı olan bir qrup müəllim yüksək bal topladı


Sentyabrın 8-dən sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə start verilib. Avqustun 31-də imtahan verərək uğur qazanmış müəllimlər müsahibələrə qatılıblar. Onlar ibtidai sinif müəllimləri, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3 il pedaqoji staja malik şəxslər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və yuxarı yaşda olan, ümumilikdə 2154 təhsilverənlərdir. Təhsilverənlərin 53 nəfəri 60 və yuxarı yaşda olanlardır ki, həmin müəllimlərin 7-si 51-dən yuxarı bal toplayıb.

 

“Mən imtahanda uğur qazananda şagirdlərim məni təbrik etdilər”

 

Xavər Mehrabova sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən həmin müəllimlərdən biridir.

 

Neftçala rayonu Əli Səmədov adına Qırmızıkənd tam orta məktəbinin ibtidai sinif müəllimidir. Əli Bayramlı Pedaqoji Texnikumunu (indiki Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci) bitirəndən bəri özünün də təhsil aldığı bu məktəbdə müəllimlik fəaliyyətinə başlayıb. Bir neçə il sonra işləyə-işləyə ali təhsil  almağa da qərar verib və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) tələbəsi olub. 1983-1988-ci illərdə universitetin ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsində “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsilini müvəffəqiyyətlə tamamlayıb: “Təhsildə indiki qədər həvəsləndirici, stimullaşdırıcı amillər yox idi. Özünü inkişaf etdirmək, oxumaq, daha yaxşı təhsil almaq, daha çox bacarıqlar əldə etmək üçün imkanlar o qədər genişdir ki, indiki məktəblilərin, tələbələrin yerinə mən həvəslənirəm. Xüsusən, şagirdlər üçün alternativlər çoxdur”.

 

Sadəcə şagirdlər üçün yox, müəllimlər üçün də fərqlənmək, daha yaxşı müəllim kimi tanınmaq imkanları çoxdur: “Sertifikatlaşdırma isə bu imkanı müəllimlər üçün yaradır. Bundan əvvəl diaqnostik qiymətləndirmə keçirildi və 52 bal topladım. Sertifikatlaşdırma imtahanından isə 55 bal yığdım”.

 

Xavər müəllimin fikrincə, bu imtahanlara qatılmaqla öz şagirdlərinə də nümunə ola biləcək: “Şagirdlərimə göstərmək istədim ki, oxuyub imtahan verərək göstərdiyin nəticəyə uyğun uğur qazana bilirsən. Əməyinin nəticəsini mütləq görürsən. Məsələn, bu il IV sinif şagirdlərinə dərs deyəcəyəm. Bu sinfin sonunda onların da qiymətləndirmə imtahanları olacaq və onlar da 60 suala cavab verəcəklər. Mən imtahanda uğur qazananda şagirdlərim zəng edib məni təbrik etdi, onlara dedim ki, mən  60 sualdan 55-nə cavab verdim, siz daha yaxşı oxuyub hamısına cavab verin. Aralarında bu potensiala malik şagidlərim çoxdur”.

 

İmtahan mərhələsində uğur qazanan Əməkdar müəllim

 

Yüksək ballı müəllimlərdən biri isə Fazil Ellazovdur. O, avqustun 31-də keçirilən sertifikatlaşdırma imtahanlarında könüllü iştirak edərək test mərhələsində 60 mümkün baldan 56 bal toplayıb.

 

1959-cu ildə Gədəbəy rayonunun Çaldaş  kəndində anadan olan F.Ellazov elə bu kənddə də məktəbə gedib. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirərək filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası alıb. 1993-cü ildən də müəllimlik fəaliyyətinə başlayıb. Əvvəlcə Sumqayıt şəhərindəki 41 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb, 2001-ci ilin sentyabrından isə Təbiət Elmləri Təmayüllü Gimnaziyada müəllimdir: “Pedaqoji fəaliyyətim ərzində şagirdlərimin bir çoxu A.Hüseynova, İ.Məmmədova, G.İsayeva, E.Dadaşov, A.Məmmədova şəhər və respublika fənn olimpiadalarında, inşa yazı müsabiqələrində iştirak edərək fərqləniblər”.

 

F.Ellazovun ana dilini öyrətdiyi şagirdlərindən başqa da öyünə biləcəyi işləri var. Belə ki, yaratdığı Azərbaycan dili  kabineti  2003 və 2006-cı illərdə “İlin ən yaxşı fənn kabineti” müsabiqəsinin  qalibi olub. 2004, 2006-cı illərdə Azərbaycan dili və ədəbiyyat fənnindən bazis tədris proqramı üzrə çoxvariantlı  planlaşdırmanın tərtibçisi Fazil müəllim VI-VII siniflər üçün “Azərbaycan  dili”  dərsliklərinin müəlliflərindən biri, bir neçə dərs vəsaitinin, bədii kitabların redaktoru olub. Dövlət İmtahan Mərkəzi ilə də əməkdaşlıq edən F.Ellazov “Azərbaycan dili” dərs vəsaitinin, test toplularının, müxtəlif siniflər üzrə qiymətləndirmə kitablarının müəllifi, tərtibçisi və rəyçisi kimi də tanınıb. Təhsil sahəsindəki xidmətlərinə görə 2006-cı ildə “Tərəqqi” medalına layiq görülüb, 2019-cu ildən isə Əməkdar müəllimdir. “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindəndir.

 

“Diaqnostik qiymətləndirmədən 53, sertifikatlaşdırma imtahanından 54 balla çıxıb”

 

Rahibə İsayeva da 54 bal toplayıb və bundan sonra maaşını 30 faiz əlavə ilə alacaq.

 

R.İsayeva müəllim 1960-cı ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində doğulub,  Tovuzda təhsil alıb. Puşkin adına tam orta məktəbin şagirdi olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o vaxt Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanırdı) məzunudur. Müəllimlik fəaliyyətinə Kürdəmir rayonunun Atakişili kənd məktəbində başlayıb. 1995-ci ildən Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 nömrəli tam orta məktəbində çalışır. Diaqnostik qiymətləndirmədən 53, sertifikatlaşdırma imtahanından isə 54 balla çıxıb.  Necə hazırlaşdığına gəlincə, imtahan hobbisi ona kömək edib: “Yay ərzində müəllimlərin işə qəbulu müsabiqəsinə, sertifikatlaşdırma imtahanına hazırlaşanlar üçün nəzərdə tutulan bütün ödənişsiz sınaq imtahanlarına qatıldım. Riyaziyyatla məşğul olmağı çox sevirəm”.

 

“Sertifikatlaşdırma imtahanında 65 yaşı olan bir müəllim yoldaşımla könüllü iştirak etməyə qərar vermişdik. Düzü, həmkarımın məndən daha yüksək nəticə yığacağını düşünürdüm. Amma o, həmin gün çox xəstə idi və bu, ona təsir elədi, 44 bal topladı”.

 

Ruhiyyə DAŞSALAHLI