A.Xalıqov: “Müəllimliyimdən zövq alır, yorğunluğumu dərsdə çıxarıram”


Əməkdar müəllimlərimiz arasında bir müəllim var, nəinki Lənkəran ərazisində, bütün regionda ən böyük iş təcrübəsinə malikdir. Düz,  48 ildən çoxdur müəllimdir. 40 ildən çoxdur direktordur. 10 ildən çoxdur Əməkdar müəllimdir. Regionun tanınmış müəllimi Akif Xalıqov müəllimliyi, təcrübəsi, əldə etdiyi nailiyyətlərlə şagirdlərinin hörmətini qazananlardandır.

 

İlk cığır, ilk yol

 

Fəhlə ailəsində böyüyüb. Bəlkə bir müəllimin oğlu kimi doğulmayıb, amma təhsilə önəm verən bir ananın balası olub. Anasının savadlı, dünyagörüşlü olması balaca Akifin formalaşmasında öz rolunu oynayıb. “Kənddə böyümüşəm, kənd həyatına alışmışam, kənddə ibtidai təhsil almışam”, - deyir Əməkdar müəllim Akif Xalıqov. Lənkəran rayonunun Əşlə kəndində eşidib “İlk zəng” səsini. Sonra təhsilinə Lənkəran şəhərində davam edib. İndiki Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada oxuyub: “O vaxt internat məktəbi idi. Müəllimliyə həvəsim də elə oradan yaranıb, çünki çox gözəl müəllimlərimiz vardı. Mən buraxılış sinfində oxuyanda Azərbaycan Pedaqoji İnstitutundan gəlmişdilər. Məktəbin buraxılış sinfində oxuyan şagirdləri arasında sorğu aparırdılar, mən də iştirak etdim həmin sorğuda. Kim olmaq istədiyimi soruşdular məndən, onlara da dedim ki, müəllim olacağam. Düzdür, o vaxt müəllimlikdən başqa gördüyüm, bildiyim bir peşə də yox idi...”

 

Görüb-bildiyi tək peşəni seçdi...

 

Həmin sorğudan cəmi bir neçə ay sonra A.Xalıqov tanıdığı və qibtə etdiyi yeganə peşəyə - müəllimlik peşəsinə yiyələnmək üçün sənədlərini o vaxtkı V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib və elə birinci il Fizika fakültəsinə qəbul olunub: “Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi vaxtlar idi, rüşvətxorluqla kəskin mübarizə başlamışdı. İnstitutlarda da neqativ hallar müşahidə olunurdu və bu mübarizə institutu da əhatə etmişdi. Nəticədə bizim qrupumuzun 99 faizi öz biliyi ilə qəbul olunmuşdu. Qrupumuz institutda seçilirdi”.

 

Kənd müəllimi oldu

 

Müəllimliyə 1975-ci ildə H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbində başlayıb. Müəllimlik fəaliyyətinə başlayandan bir neçə il sonra məktəbə tədris işləri üzrə direktor müavini təyin olunub. Sonra yolları Kərgəlanla ayrılıb: “Bizim vaxtımızda Komsomolun nəzdində Gənc Müəllimlər Şurası fəaliyyət göstərirdi. Həmin Şuranın sədri idim. Təşkilatçılıq bacarığımı qiymətləndirərək o vaxt Partiya Komitəsindən məni direktorluğa namizəd göstərdilər və Haftoni kənd orta məktəbinə direktor təyin olundum”.

 

Onu direktor kimi görənlər yanılmamışdı. Gənc, həvəsli  müəllim direktorluqda çox keçmədən özünü göstərdi: “Haftonidə işlədiyim illərdə bir sinifdən 7 nəfər ali məktəbə qəbul olundu və onların 3 nəfəri Tibb İnstitutunun tələbəsi olmuşdu. Bu, bir kənd məktəbi üçün böyük nailiyyət idi”.

 

Artıq direktordur

 

1982-ci ildən S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin, 2012-ci ildən isə Lənkəran şəhər 6 nömrəli tam orta məktəbin direktorudur. Onun direktor təyinatı 6 nömrəli tam orta məktəb üçün də şansa çevrilib: “Mən direktor təyin olunandan sonra 6 nömrəli texniki, riyaziyyat təmayüllü liseyin göstəriciləri Təhsil Nazirliyinin diqqətini mütəmadi cəlb edib. Əvvəlcə məktəb-lisey oldu, bu ildən isə liseyə çevrildi. Artıq müəssisəmizə istedadlı uşaqları imtahan yoluyla seçib qəbul edirik. Nazirliyin mərkəzi imtahan qrupu keçirir imtahanları və bu yolla qəbul olunan şagirdlərimiz var”.

 

Dəyişiklik, sadəcə məktəbin liseyə çevrilməsində də deyil: “Son 5 ildə məzunlarımızın hamısı, demək olar ki, ali məktəbə qəbul olunur. Bu il də 45 nəfər məzunumuzdan 44 nəfəri yaxşı nəticə göstərərək tələbə adı qazandı. Bir sözlə, şagirdlərimizin nailiyyətləri məktəb divarlarından kənara çıxır. Respublika çempionlarımız, olimpiada qaliblərimiz var. Şagirdlərimizin robototexnika üzrə böyük nailiyyətləri var. Rayon məktəblərindən birinin şagirdləri olaraq bir neçə dəfə ölkəmizi xaricdə təmsil etmək hüququ qazanıblar, bir dəfə Macarıstanda, bir dəfə də Amerikada. Pandemiya olduğundan Macarıstana gedə bilmədilər, amma Amerikaya getdilər. Qızlarımız arasında  “Əlaçı” televiziya müsabiqəsinin, SAF-2022 müsabiqəsinin qalibləri var. Şagirdlərimizdən biri “Heydər Əliyev və Azərbaycan gəncliyi” inşa müsabiqəsində birinci yeri tutub. Lənkəran Dövlət Universitetinin keçirdiyi olimpiadada 2 şagirdimiz qalib olaraq hədiyyə və fəxri fərmanlarla təltif edildilər”.

 

Direktorluğun müəllimliyinə mane olmasına imkan vermir

 

Artıq kənd müəllimi deyil Akif Xalıqov, amma müəllimdir. Hələ də müəllimliyə qibtə hissi ilə baxır, özünün müəllim olması ilə qürur duyur. Hələ dərsinə müəllim məsuliyyəti ilə hazırlaşır: “Lənkəran Dövlət Universitetində də müəllim işləyirəm. Direktor olsam da, məktəbimizdə də ilk növbədə müəlliməm. Mənim dərslərimi 1-2-ci dərslərə salırıq ki, sonradan çıxacaq toplantı və görüşlər dərsimə mane olmasın. Müəllimliyimdən zövq alır, yorğunluğumu dərsdə çıxarıram. Bax, indicə sinif otağından gəlirəm, sabah keçəcəyim dərsin fizika kabinetində təcrübələrini hazırladım. Sabah 1-ci saata dərsim var. Məktəbimiz akkreditasiyadan keçib. Qiymətləndirmə Agentliyinin nümayəndələrinin öz dərslərimdə də iştirak etmələrini təmin etdim. Hər şeydən əvvəl mən müəlliməm. Ona görə də vəzifə və işlərin dərsimə mane olmasına imkan vermərəm”.

 

O, həm də kurikulum təlimçisidir

 

Akif Xalıqov müəllimliyə sevgisi, bir də əldə etdiyi nailiyyətlərlə 2012-ci ildən Əməkdar müəllimdir: “Məktəbimiz IX-XI sinif buraxılış imtahanlarının nəticələrinə görə ön yerlərdə idi. Özüm də müəllim kimi fəal idim. Kurikulumun tətbiqinə başlanmışdı və mən də təlimlərə qatıldım. Kurikulumun tətbiqi üzrə ilk 15 təlimçidən biri idim və ölkənin hər yerində təlimlərdə iştirak etdim”.

 

Müəllim kimi tətili başlayanda təlimlərə qatılan A.Xalıqov beynəlxalq təlimçidir. Fizikanın tədrisi metodikası ixtisası üzrə pedaqoji elmlər üzrə fəlsəfə doktorudur.

 

Ruhiyyə DAŞSALAHLI