“Təhsildə yeni çağırışlar” IV Beynəlxalq Forumu müasir təhsilin qarşısında duran suallara cavab axtardı


“Daha təhsilli gələcək üçün hansı çağırışlar var?”, “Şagirdlərin smartfonlardan daha ağıllı olması üçün nə etməliyik?”, “Öyrənənlərin özünü məktəbə aid edəcəkləri effektiv öyrənmə mühiti necə yaradılmalıdır”, “Yeni dövrün öyrənmə mühitinin özünəməxsusluğu nədir, bu xüsusiyyətlərtəhsil prosesində hansı dəyişiklik yaradır?”, “Şagird və valideynlərin başqalarının sürətinə yox, öz sürətlərinə uyğunlaşmaları üçün təhsil mühitinə hansı redaktələrə ehtiyac var?” Bu suallara cavab arayışında olan müəllimlər öz peşə bayramlarını qeyd etdikləri gün Azərbaycan Dövlət Pedaqoji Universitetində toplanıb. Təhsildə yeni çağırışları müzakirə etmək, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da artırılmasına nail olmaq məqsədi daşıyan bu toplantı “Təhsildə yeni çağırışlar” IV Beynəlxalq Forumu çərçivəsində reallaşıb. Əsas müzakirə “Daha təhsilli gələcək” devizi altında effektiv öyrənmə mühiti, yeni öyrənmə mədəniyyəti, dünyanın təhsildən tələbləri, oxu savadlılığı kimi məsələlər ətrafında qurulub, “Zəka menyusu”, “Rəqəmsallıqdan təbiiliyə”, “Təhsildə balans yaratmaq”, “Xoşbəxt şagird, xoşbəxt şəxsiyyət” kimi mövzuları əhatə edib.

 

“Təhsil islahat deməkdir”

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli o fikirdədir ki, bu, XIX əsrin əvvəllərində də belə idi, indi də belədir. Onun sözlərinə görə, Azərbaycan təhsili yeni transformasiya mərhələsindədir. Təhsildə vacib hədəflərə toxunan Aparat rəhbəri mövcud planlardan da danışıb: “Elm və təhsil sistemi olaraq hədəfimiz rəqabətqabiliyyətli insan kapitalı yetişdirmək və müasir innovasiyalar məkanı formalaşdırmaqdır. Bu məqsədlə məktəbəqədər təhsilin əhatə dairəsini genişləndiririk, ümumi təhsildə səriştə əsaslı məzmun tətbiq edirik, təhsil üzrə beynəlxalq qiymətləndirmələrdə iştirak edirik, ali təhsilin müxtəlif istiqamətləri üzrə geniş miqyaslı islahat tədbirləri həyata keçiririk. Bunun üçün müəyyən fəaliyyət planlarımız, işçi qruplarımız, çoxsaylı əməkdaşlıq formatlarımız mövcuddur. Məqsədimiz odur ki, azərbaycançılıq ideyalarına, ümumbəşəri ideyalara sadiq qalan yüksək mədəniyyət və intellektə malik, vətənpərvər şəxsiyyətlər yetişdirək”.

 

Təhsilin bütün sahələrində innovativ layihələr davam edir. Bu, eyni zamanda müəllimlərin inkişafı deməkdir. İstər ali təhsil, istərsə də, təhsilin digər pillələrində müəllimlər peşəkarlıq səviyyəsini artırırlar: “Məktəblərdə əlverişli təlim mühitinin yaradılması əsas vəzifələrdən biri olmalıdır. Mənəvi psixoloji mühit, tərbiyə işinin səmərəli təşkili, məktəb-ailə münasibətlərinin düzgün qurulması vacib istiqamətlərdən biridir. Müasir dövrdə kadrların rəqabətqabiliyyətli olmasını istəyirik. Ancaq ən böyük istəklərimizdən biri odur ki, övladlarımız öz vətəninisevsin, milli dəyərlərə sadiq olsunlar. Bunu balanslı şəkildə edə bilsək, apardığımız təhsil islahatları da uğurlu olar”.

 

Gələcəyin müəllimini necə hazırlayaq?

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək məqsədi daşıyan forumda müəllim yetişdirən universitet olaraq qarşılarında duran məqsədlərdən danışıb: “Elm, təhsil, texnologiyaların inkişaf etdiyi bir dövrdə millətə, vətənə bağlı, yaradıcı təfəkkürlü, müasir dünyagörüşlü, praktik səriştəli, rəqəmsal və xarici dil biliklərinə sahib olan gənc mütəxəssislər, fəal vətəndaşlar yetişdirmək əsas məqsədlərimizdəndir. 102 yaşlı universitet kimi hazırda gedən tendensiyaları diqqətlə müşahidə edir, gələcəkdə təhsildə gözlənilən potensial dəyişiklikləri müəyyən etməyə çalışırıq. Sözsüz ki, məqsədlərimizdən biri də gələcəyin müəllimini müasir dünyada fəaliyyət göstərmək üçün lazım olan səriştələrlə təmin etmək, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən, öyrənməyi öyrədən keyfiyyətli müəllim kadrlarını hazırlamaqdır”.

 

Odur ki, kadr hazırlığının mühüm halqası olan ixtisaslar üzrə baza məktəblərinin müəyyən olunması və universitet-məktəb işbirliyinin yeni modelinin tətbiq edilməsi zəruridir: “Bu ildən başlayaraq tələbələrin regionlarda pedaqoji təcrübə keçməsini nəzərdə tutan, ilk dəfə pedaqoji internaturanın tətbiqinə start verilib. Qarabağ və Şərqi Zəngəzurdakı təhsil müəssisələri fəaliyyətini tam bərpa etdikdən sonra ADPU burada da təcrübə proqramları həyata keçirəcək”.

 

Rəqəmsallıqdan təbiiliyə: təhsildə balans

 

Türkiyənin sabiq milli təhsil naziri, “Maya” Məktəblər Şəbəkəsinin qurucusu Ziya Səlçuk “Rəqəmsallıqdan təbiiliyə: təhsildə balans yaratmaq” mövzusunda təqdimatla çıxış edib. O, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, texnoloji yeniliklərin tədris mühitinə təsiri, ümumilikdə müəllim-şagird münasibətlərinin önəminə diqqət çəkib.

 

“Bu gün insanlar fərqli məsələləri müzakirə edir və gələcəklə bağlı pessimist fikirlər var”, - deyən Ziya Səlçuk bu fikirdədir ki, təhsilli insanlar artdıqca, kvalifikasiyalı cinayətlər çoxalır. Odur ki, təhsil mütəxəssisi soruşur: “Aclıqla piylənmənin eyni vaxtda artdığı başqa dönəm olmayıb. Ətraf mühit çirklənir, uşaqlar texnologiyaya, narkotikə asılı vəziyyətə düşür. Dünyadakı iqtisadi böhranı təhsilli insanlar yaradır. Təhsillilər artdıqca dünya daha yaxşı yer olur, yoxsa əksinə istiqamətdə yönəlir?”

 

Dünyada bir çox şeyin yerinin dəyişdiyini vurğulayan mütəxəssis təhsildəki mövqe dəyişikliklərinə də diqqət çəkib: “Əvvəllər təhsil ölçmə, qiymətləndirmə sistemlərinə təsir edirdi, artıq qiymətləndirmə sistemləri təhsilə təsir edir. Bir ölkənin təhsil sisteminin yaxşı olduğuna PISA (Programme for International Student Assessment) qiymətləndirmə sistemi qərar verir.  Səbəbi sadədir, dövrümüz qeyri-müəyyənlik dövrüdür. “Bilmək” nəyə deyilir, bəlli deyil,“gerçək”isə şəxsə görə dəyişir”.

 

Z.Səlçuk bütün sahələrdə rəqəmsallaşmanın önə çıxdığına diqqət çəkib: “Uşaqlar musiqini qulaqlıqla dinləyir, qulağı ilə yox, öz orqanlarını işlətmək əvəzinə  texnologiyanın imkanlarından istifadə etməyə üstünlük verirlər”.

 

Z.Səlçuq insanların təbii və normala qoyduğu fərqə də diqqətə çəkib:  “Valideynlər psixoloqa aparıb uşaqlarının normal davranmadığını əsaslandırır, onlardan kömək istəyirlər. Yəni insanlar uşaqlarının olduğu kimi yox, normalara uyğun davranmaları üçün pul ödəyirlər. Təbii yox, normativ olmalarını istəyirlər”.

 

Xoşbəxt şagird = Xoşbəxt şəxsiyyət...

 

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin akademik direktoru Turan Zəkəriyəyeva “Xoşbəxt şagird = xoşbəxt şəxsiyyət” adlı təqdimatında biliklərin artma tezliyi, süni intellekt, icraedici fəaliyyət bacarıqlarının erkən yaşlarda qazandırılması mövzularına toxunub.

 

Foruma onlayn qoşulan yazıçı və psixoloq Azra Kohen “Zəka menyusu” adlı təqdimatla çıxış edib, uşaqlara öyrənməyi öyrətməyin vacibliyindən danışıb.

 

Sonra çıxış edən Harvard Universitetinin professoru, Qlobal Təhsil İnnovasiyaları Təşəbbüsünün direktoru Fernando Reimers Dayanıqlı İnkişaf Məqsədlərinin bir sıra dərs mövzuları içərisində tədrisinin əhəmiyyətini qeyd edib, şagirdlərin təcrübəəsaslı biliyə yiyələnməsinin önəmini diqqətə çatdırıb.

 

Daha sonra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer “Real dünyanın təhsildən tələbləri” mövzusunda təqdimatla çıxış edib. 10-15 yaşlı uşaqlar arasında aparılan yaradıcılıq və rəqəmsal bacarıqlarla bağlı tədqiqatın nəticələrinə dair statistika təqdim edən Andreas Şleyxer analitik, koqnitiv və metakoqnitiv, sosial-emosional bacarıqların əhəmiyyətindən danışıb.

 

Hibrid forum təhsildə yeni çağırışları müzakirə etdi

 

Beynəlxalq forumda millət vəkili Ceyhun Məmmədov, ali məktəblərin rektorları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, dünyanın tanınmış təhsil mütəxəssisləri, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər.

 

Qeyd edək ki, forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, müasir dövrün təhsil tələblərini nəzərdən keçirmək olub. Beynəlxalq forum Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondu, “T - Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə hibrid formatda baş tutub.

 

Ruhiyyə DAŞSALAHLI