Castin Edvards: “Rəqəmsal texnologiyalar dünyanı daha geniş şəkildə kəşf etmək imkanı verir”


“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı “Microsoft” şirkətinin öyrənmə təcrübələri üzrə direktoru Castin Edvards olub. Elm və Təhsil Nazirliyinin dəstəyi  və  “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutan “Yeni çağırışlar” proqramının 20 oktyabr 2023-cü il tarixində yayımlanan bölümündə cənab Edvards ilə oyun əsaslı öyrənmə barəsində danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

“Minecraft” ideyası

 

Görüşün aparıcısı C.Mənsimi qonağı salamlayaraq izləyicilərə təqdim edib. Bildirib ki, Castin Edvards dünyanın ən məşhur kompüter oyunlarından sayılan “Minecraft”-ın təhsil versiyası üçün kurikulum, təhsil siyasəti, qiymətləndirmə komandasına rəhbərlik edir. Həmçinin C.Edvards Nobel Sülh Mərkəzi və YUNESKO ilə əməkdaşlıq çərçivəsində 100-dən çox ölkədə milyonlarla istifadəçisi olan təhsil layihələri üzərində işləyib, Böyük Britaniyanın Kurikulum, İmtahan və Qiymətləndirmə Şurasının (CCEA) baş icraçı direktoru vəzifəsində çalışıb.

 

Castin Edvards proqramda iştirakı üçün təşəkkürünü bildirib və “Minecraft” ideyası haqqında bəhs edib. Qonaq kompüter oyunlarının öyrənənlər üçün çox gözəl vasitə olduğunu dilə gətirib və qeyd edib ki, fəaliyyət əyləncəli olduğu zaman öyrənənlərə daha xoş gəlir, onlar bəyəndikləri fənlə bağlı daha çox məlumatlı olmaq, kəşf etmək istəyirlər. “Minecraft”ı olduqca maraqlı platforma adlandıran C.Edvards deyib: “Platformada “Sambabox” deyilən bir prinsip var ki, orada birin birə olan kvadrat ölçüsündə sanki bir məkan yaradılır və bu məkan daxilində müxtəlif fəaliyyətlər - riyaziyyat, fizika, kimya üzrə biliklər virtual reallıqda 3D ölçüsündə tətbiq edilə bilər. Yəni siz yaşamaq, görmək istədiyiniz şəhərin reallıqlarını yarada bilərsiniz və bu memarlıq, şəhərsalma, dizayn və yaradıcılıq baxımından mühəndislik üçün çox gözəl platformadır. Burada müxtəlif alətlərdən istifadə edərək problemlərlə bağlı çözümlər, həll yolları tapa bilərsiniz.  “Minecraft” istənilən şəxs üçün istənilən yerdə öyrənməni əlçatan, onu müxtəlif formatlarda mümkün edən platformadır”.

 

Qonağın sözlərinə görə, “Minecraft” platformasının təhsil üçün nəzərdə tutulan versiyası müəllimi əvəzləmir, müəllimin fəaliyyətini daha da dolğun, tamamlanmış edir.“Minecraft” məktəblərdə riyaziyyat, fizika, ingilis dili fənlərinin öyrədilməsində, universitetlərdə kvant riyaziyyatı (mexanikası), kvant fizikası fənləri üçün istifadə olunur, eyni zamanda sənayedə, şirkətlərdə müxtəlif istiqamətlərdə istifadə edilə bilər.

C.Edvards bildirib ki, məktəbin dövlət və ya özəl formatda fəaliyyətindən asılı olmayaraq oyun əsaslı yanaşmaları, xüsusilə “Minecraft”ı tətbiq etmək olar. Mobil cihazlar və fərdi kompüterlər, planşetlər vasitəsilə proqramı yükləyərək tətbiq etmək, sinif şəraitində icra etmək mümkündür.

 

“Super məktəblər”

 

“Microsoft”un direktoru bildirib ki, uşaq təxəyyülünün ucsuz-bucaqsız olmasını nəzərə alaraq “Minecraft”da “Super məktəb” deyilən platforma yaradılıb. Burada uşaqlara innovativ, çağdaş, yenilikçi ideyalarını geniş formada tətbiq etmələri üçün imkan yaradılıb və platforma uşaqlar tərəfindən çox sevilir. Onlar oyun vasitəsilə arzu etdikləri məktəbi qurur, gələcəyin məktəbini düşündükdə oradakı müxtəlif səpkili problemləri həll edirlər. Uşaqların yaratdığı məktəblərdə açıq və qapalı məkanlar, fiziki hazırlıq məşğələləri yer alır. Eyni zamanda uşaqlar məktəbin daha da əlvan, maraqlı olması üçün incəsənət baxımından maraqlı ideyalar irəli sürürlər. Qonağın fikrincə, müxtəlif çağırışların, çətinliklərin birlikdə həll olunması üçün bu tipli oyunlar çox gözəl vasitə hesab edilir.

 

C.Edvards deyib: “Mən deyə bilərəm ki, uşaqlar kollektiv şəkildə müxtəlif problemləri həll etməyi, birgə işi çox xoşlayırlar. Uşaqlar anlayırlar ki, yaradıcı olmaq, problemləri həll etmək üçün geniş çeşiddə bacarıqlar olmalıdır. Xüsusilə söhbət gələcək dünyadan gedirsə, tək intellektual, zəka və biliklə deyil, həmçinin fiziki hazırlıqla da bir çox məsələləri həll etmək olar. Kreativlik baxımından birlikdə işləmək çox faydalıdır. Bu səbəbdən də uşaqların oyunda iştirakı zamanı onların arasında gələcək memarlar, dizaynerlər, landşaft mühəndisləri, innovativ fikir liderləri olduğunu görürük”.

 

Castin Edvards gələcəyin məktəbini kollektiv, kollaborativ mərkəz kimi gördüyünü bildirib və qeyd edib ki, yeni məktəb qursaydı orada uşaqların öyrənmə prosesindən zövq almasını təmin edər, məktəbdə açıq məkanlar yaradardı: “Mən istərdim ki, məktəbdə divarlardan daha çox açıq məkanlar olsun və uşaqlar ideya mübadiləsi həyata keçirsinlər. Eyni zamanda dizayn baxımından studiyalar yaradardım ki, uşaqlar orada müzakirə etdiyi fikirləri, ideyaları artıq tətbiq etməyə başlasınlar”.

 

Rəqəmsal dünyada öyrənmənin təşkili

 

“Microsoft”un direktorunun fikrincə, rəqəmsal dünya və texnologiyalar hazırda xətti şəkildə tətbiq olunur və bacarıqların aşkar olunmasından daha çox məlumatın çatdırılmasına xidmət edir. Qonaq bu məlumatlardan uşaqlarda olan biliyin səviyyəsini müəyyən etmək üçün istifadə olunmasının məqsədəuyğunluğunu qeyd edib.

 

Aparıcının “Minecraft”dan hansı yeni dərslər çıxarılmalıdır?” sualına cavabda C.Edvards ən mühüm tapıntılardan birinin məhz yaşla bağlı olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, daha azyaşlı uşaqlar kompüter oyunlarından sanki konstruktor kimi istifadə edirlər, nə isə qururlar və bu yaşda kreativlik daha çoxdur. Böyüdükcə isə uşaqlar oyunun ayarlarına uyğun şəkildə oynayırlar. Qonaq mövcud təhsil sisteminin uşaqlarda yaradıcılıq qabiliyyətini inkişaf etdirmədiyini, sadəcə məlumatla təmin etdiyini deyib.

 

Castin Edvardsın sözlərinə görə, rəqəmsal texnologiyalar dünyanı daha da geniş şəkildə kəşf etmək imkanı verir. Rəqəmsal texnologiyaların təyinatını bilməyin vacibliyini vurğulayan direktor qeyd edib: “Minecraft”da bizim təməl prinsipimiz odur ki, oyun zamanı və oyundan sonra mütləq fayda olmalıdır. Söhbət öyrənmədən gedirsə həm oyun zamanı (in game), həmçinin də oyundan sonra (out of game) öyrənmə təmin olunmalıdır. İstənilən şəxs üçün oyunu bitirdikdən sonra da öyrənmə effekti davam etməlidir”.

 

Texnologiyanın inkişafı - müəllimin nüfuzu

 

“Microsoft”un apardığı tədqiqatların birində qeyd olunan “Texnologiyanın inkişafı müəllimin nüfuzunu və rolunu artıracaq” fikirlərinə aydınlıq gətirən C.Edvards özünün də əvvəllər müəllim işlədiyini, üç fənni (kompüter elmləri, riyaziyyat və musiqi) tədris etdiyini diqqətə çatdıraraq bəşəriyyətin təkamülü prosesi boyunca texnologiyanın bu və ya digər şəkildə inkişaf etməsini, cəmiyyətin müxtəlif texnoloji təsirlərə məruz qaldığını, ancaq müəllimin rolunun həmişə əvəzolunmaz olduğunu vurğulayıb.

 

Oyun əsaslı öyrənmədə qiymətləndirmənin necə təşkil edilməsi sualını cavablandıran cənab Edvards bildirib ki, oyun zamanı tapşırıqlar yerinə yetirildikdə “yalnış, doğru” deyilən qiymətləndirmə baş verir. Digər hollistik adlanan kompleks qiymətləndirmə zamanı layihə tapşırığı verilir və onun ümumi şəkildə icra olunma nəticələri qiymətləndirilir. Oyunun gücü ilə daha yaxşı bir dünya yaratmağa qərarlı olduqlarını vurğulayan qonaq rəqəmsal savadla bağlı uşaqları rəqəmsal cihazlarla, kompüter texnologiyaları ilə tanış etmək, onların məktəbdə təhsil prosesi zamanı daha özlərini əmin hiss etmələrini təmin etmək məqsədini daşıdıqlarını diqqətə çatdırıb.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Castin Edvards aşağıdakı çağırışları önə çəkib:

 

“1. Təhsilin üzərinə düşən keyfiyyət - uşaqlar keyfiyyətli təhsil sisteminə layiqdirlər.

2. İnklüzivliyin və bərabər imkanların təmin olunması.

3. Rəqəmsal boşluq üzərindən körpü salınması. Bütün uşaqların rəqəmsal texnologiyalardan, vasitələrdən istifadə etmək imkanı olmalıdır.

4. Müəllimlərin işə qəbulu və onların iş yerlərində saxlanılması.

5. Kurikulumun reallığa söykənməsi.

6. Biliyin qiymətləndirilməsi və testlər.

7. Sosial-emosional öyrənmə.

8. Bağlantı məsələsi - yəni mədəni maariflilik, bağlılıq, müxtəlif insanlar arasında olan bağlar. Uşaqlar erkən yaşlarından başa düşməlidirlər ki, müxtəlif xalqlar və insanlar yalnız birlikdə çalışaraq, işləyərək çoxsaylı problemlərin öhdəsindən gələ bilərlər. Biz dünyanı birlikdə yaxşılaşdıra bilərik və birlikdə hərəkət etdiyimiz zaman uğurlu oluruq. Bu bağlantını uşaqlara erkən yaşlardan aşılamalıyıq”.

 

Görüşün sonunda “Microsoft” şirkətinin öyrənmə təcrübələri üzrə direktoru Castin Edvards qlobal uğur qazanmaq istəyənlər üçün “Xəyal etdiyiniz arzuların arxasınca gedin” fikrini səsləndirib.

 

Lamiyə ƏLİMƏRDANOVA