Cəmiyyətin həyatında müəllimin rolu çox böyükdür. Müəllim bilik, bacarıq və vərdişlərin gənc nəslə ötürülməsinin davamlılığının təminatçısıdır. O, şəxsiyyət formalaşdırır.

 

Məktəb sosiallaşmanın əsas institutlarından biridir. Təhsil  uşaq şəxsiyyətinin formalaşması və inkişafını təmin edən mühitdir. Bu mühitdəki qarşılıqlı əlaqə müəllim və şagird arasında səmərəli ünsiyyət kimi qəbul edilir. Müəllim və şagird məktəbdə ən vacib iki fiqurdur. Təlim-tərbiyə prosesindəki uğur isə onların arasındakı münasibətlərin inkişaf etməsindən çox asılıdır.

 

Təlim-tərbiyə prosesinin həyata keçirilməsi ünsiyyətsiz mümkün deyil. Məktəbdə hər şey müəllim-şagird münasibətlərinə əsaslanır. Ünsiyyət şagird şəxsiyyətinin formalaşmasında mühüm amil olmaqla, özündə  böyük pedaqoji imkanları ehtiva edir. Təhsilin və tərbiyənin əsasında ünsiyyət dayanır: ünsiyyət vasitəsi ilə müəllim şagirdlərin davranışını və fəaliyyətini təşkil edir, onların işini və davranışını qiymətləndirir, baş verən hadisələr haqqında məlumat verir, çətinliklərin öhdəsindən gəlməyə kömək edir, onlara bacarıqlarına inamı aşılayır.

 

Bu gün məhsuldar təşkil edilmiş pedaqoji ünsiyyət prosesi müəllimlə uşaqlar arasında yaranmalı olan real psixoloji əlaqəni təmin etmək üçün nəzərdə tutulub və təlim -tərbiyədə pedaqoji ünsiyyət şagirdin şəxsiyyətinə təsir vasitəsi kimi çıxış edir.

 

Ünsiyyət, dialoqda fəal iştirak edən subyektlər arasında münasibətlərin inkişafı və formalaşması prosesidir. Müəllimin nitqi ona şagirdləri öz düşüncə tərzi ilə tanış etməyə imkan verən əsas vasitədir.

 

Müasir dövrümüzdə pedaqoji ünsiyyətin  uğursuz və ya əksinə, uğurlu  olmasında müəllimin şəxsiyyəti xüsusi rol oynayır. Müasir müəllimə verilən  tələblər  arasında uşaqlara və  pedaqoji fəaliyyətə məhəbbət, xeyirxahlıq, inam, dürüstlük, erudisiya, peşəkarlıq və ədalət kimi keyfiyyətlər əsas yerdə durur.

 

Pedaqoji ünsiyyətin peşəkar əhəmiyyətli keyfiyyətləri bunlardır:

 

• uşaqlara maraq və onlarla işləmək, ünsiyyət ehtiyacları və bacarıqlarının mövcudluğu, ünsiyyətcillik, kommunikativ keyfiyyətlər;

• emosional empatiya və insanları anlamaq bacarığı;

• dəyişən ünsiyyət şəraitində tez və düzgün naviqasiya etmək, ünsiyyət şəraitindən, tələbələrin fərdi xüsusiyyətlərindən asılı olaraq nitq təsirini tez dəyişmək bacarığını təmin edən çeviklik, operativ və yaradıcı təfəkkür;

• ünsiyyətdə əks-əlaqəni hiss etmək və saxlamaq bacarığı;

• özünü idarə etmək, psixi vəziyyətlərini, səsini, üz ifadələrini, əhval-ruhiyyəni, düşüncələri, hissləri idarə etmək bacarığı;

• spontan ünsiyyət qurma bacarığı;

• mümkün pedaqoji vəziyyətləri proqnozlaşdırmaq bacarığı;

• yüksək verbal  qabiliyyətlər: mədəniyyət, nitqin inkişafı, zəngin lüğət, dil vasitələrinin düzgün seçilməsi;

• pedaqoji improvizasiya, müxtəlif vasitələrdən istifadə etmək bacarığı. Müəllimin şagirdlərlə ünsiyyətində tədris etdiyi fənn xüsusi rola malikdir. Unutmaq olmaz ki, dərs, ilk növbədə, müəllimin kollektiv olaraq siniflə işgüzar ünsiyyətidir. Tədris olunan fənnə şagirddə davamlı marağı formalaşdırmaq üçün müəllim ilk növbədə dərsə hazırlığın keyfiyyətinə və tədris metodlarına diqqət yetirməlidir. İdeyalar, mövzular, öyrənmənin mənası maraqlı şəkildə təqdim olunarsa, istənilən dərs mövzusu şagird üçün maraqlı ola bilər. Dərsə marağı qorumaq üçün müəllim dərsin formalarını şaxələndirməlidir. Dərs yaradıcı olmalı, şagirdlə müəllim arasında maraqlı ünsiyyət vasitəsi olmalıdır. Uşaqlar dərs boyu məşğul olmalıdırlar.

 

Müəllimin şagirdləri ilə maraqlanması və onların hər birini yüksək qiymətləndirməsi, şagirdlərin işini dəstəkləməsi və aydınlaşdırıcı suallar verməsi, hər bir şagirdin güclü və zəif tərəflərini bilməsi onları bilik və bacarıqlara yiyələnməyə həvəsləndirər.

 

Ünsiyyət texnologiyası, ilk növbədə, müəllimin peşə fəaliyyətində özünürealizə vasitəsidir. Ünsiyyət müəyyən pedaqoji funksiyalara malikdir və əlverişli psixoloji mühitin yaradılmasına, eləcə də təhsil fəaliyyətinin və müəllim -  şagird münasibətlərinin psixoloji optimallaşdırılmasına yönəlib.

 

Optimal pedaqoji ünsiyyət təlim prosesində müəllimlə şagirdlər arasında elə ünsiyyət formasıdır  ki, şagirdlərin motivasiyasını və təhsil fəaliyyətinin yaradıcı xarakterini inkişaf etdirmək, şagird şəxsiyyətinin düzgün formalaşması istiqamətində ən yaxşı şərait yaratmaq üçün əlverişli emosional mühiti təmin edir. Ünsiyyət kommunikativ fəaliyyətin əvəzsiz atributudur.

 

A.S.Makarenko müəllimin pedaqoji məharət texnikasına, pedaqoji ünsiyyət texnikasına yiyələnməsinin zəruriliyini vurğulayırdı.

 

Bu məsələyə görkəmli pedaqoq S.T.Şatski də çox diqqət yetirmişdir. O, belə düşünürdü ki, müəllim təkcə öz tələblərinin məzmununa deyil, eyni zamanda bu tələblərin təqdimat forması və tonuna diqqət yetirməlidir.

 

V.A.Suxomlinski deyirdi: “Məktəbin divarları arasında səslənən hər bir söz düşüncəli, müdrik, məqsədyönlü, dolğun olmalı və sözlərin dəyərdən düşməməsi, sözün qiymətinin daim artması üçün canlı, konkret, insanın vicdanına ünvanlanmış olmalıdır . Müəllimin sözü,  ilk növbədə, insanlıq, həssaslıq, tolerantlıq alətidir”.

 

Tədris zamanı hər bir müəllimin fərdiliyi, unikallığı nəzərə alınmalıdır. Ünsiyyətin müəllim üçün fərdi, təbii olması vacibdir. Dərs zamanı səmərəli ünsiyyət üçün şagirdi sinifdə dəstəkləmək və təsdiqləmək lazımdır. Şagirdlərə cütlər, qruplar, fərdi şəkildə  yaradıcı tapşırıqların verilməsi, mövzu üzrə layihələr hazırlanması, diskussiyalar, ekskursiyalar, rollu oyunlar onları bir araya gətirir, problemlərin birgə həll edilməsinə, şagirdlərarası ünsiyyətin formalaşmasına, yoldaşlarının fikirlərinə hörmətlə yanaşılmasının inkişafına xidmət edir.

 

Məlumdur ki, müəllimlə şagird arasında müsbət münasibət şagirdlərin məktəb-təhsil mühitində özlərini psixoloji cəhətdən təhlükəsiz hiss etmələrinə, mühüm sosial və akademik bacarıqların inkişafına  əlverişli şərait yaradır. Bundan əlavə, məktəblilər və müəllimlər arasında müsbət münasibətlər fəal sosial və emosional inkişaf prosesinə, o cümlədən həmyaşıdları ilə münasibətlərə və özünə hörmətin inkişafına kömək edir .

    

Ünsiyyət insanların əsas fəaliyyətlərindən biridir, o, təkcə idrak proseslərinin, emosional-iradi sferanın inkişafına kömək etmir, həm də bütövlükdə şəxsiyyətin formalaşmasına təsir göstərir.

 

İlhamə  İBRAHİMOVA,

ADPU nəzdində Azərbaycan  Dövlət Pedaqoji Kollecinin biologiya müəllimi