Məlum olduğu kimi, noyabrın 17 - 18-də Azərbaycan Respublikasının Təhsil İnstitutu və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş doktorant və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransı (NASCO XXVI) keçirilib. Konfransda iştirak edən gənc tədqiqatçılar “Azərbaycan müəllimi”nə tədbir barədə təəssüratlarını bölüşüblər.

 

“Bir gənc tədqiqatçı olaraq zəhmətin yerdə qalmadığını görmək gözəl hissdir”

 

Səbinə İzzətli, BDU-nun doktorantı: - Konfransda BDU-nun jurnalistika fakültəsinin yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının doktorantı olaraq məruzə ilə çıxış etdim. “İnformasiya saytlarında xəbər kontentində qaynaqlarla işin təhlili” adlı məruzəmi panel iştirakçıları və bölmə rəhbərləri böyük maraqla dinlədilər. Bölmə rəhbərlərinin tədqiqat mövzumla bağlı suallarını cavablandırmağa çalışdım. Çox sevindirici haldır ki, bölmə rəhbəri, Xəzər Universitetinin siyasi elmlər və fəlsəfə departamentinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev məruzəmi ən yaxşılar sırasında qeyd etdi. Bir gənc tədqiqatçı olaraq zəhmətin yerdə qalmadığını görmək gözəl hissdir. Məhz belə konfranslar biz doktorant və dissertantlara bu imkanları verir. Ümumiyyətlə, yüksək səviyyədə təşkil olunmuş konfransın açılışında bir-birindən maraqlı çıxışlar dinlədik. Diqqətimi elm və təhsil naziri Emin Əmrullayevin çıxışı daha çox çəkdi. Nazir elm və tədqiqat sahəsində mövcud problemlərdən və onların həlli istiqamətində hansı addımların atılmasından bəhs etdi, dünya təcrübəsini paylaşdı.  Müxtəlif sahələrdə tədqiqat aparan yerli və beynəlxalq tədqiqatçıların bir araya gəlməsi həm şəbəkələşmə, həm də təcrübə və bilgi paylaşımı baxımından olduqca faydalıdır. Eyni zamanda gənc tədqiqatçıları müxtəlif universitet və institutların, elm mərkəzlərinin tanıması üçün bu konfrans əla fürsətdir.

 

 

 

“Konfrans doktorantlar üçün dəstəkləyici və əməkdaşlıq mühiti təklif edir”

 

Yusif Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı: - Belə bir konfrans gənc tədqiqatçılar üçün öz işlərini nümayiş etdirmək, müvafiq sahələr üzrə ekspertlərdən rəy almaq, tədqiqat nəticələrini təqdim etmək və dəyərli təcrübələr qazanmaq baxımından mühüm rol oynayır. Həmçinin, tanınmış professor-müəllim heyətinin rəyi doktorantlara işlərini təkmilləşdirməyə və tədqiqatlarının keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkdir.  Müxtəlif təhsil sahələrindən olan doktorantlar öz tədqiqatlarını təqdim edərək fikir mübadiləsi aparmaqla və akademik müzakirələrə cəlb olunmaqla tədqiqatlarını daha geniş auditoriya ilə bölüşmək fürsəti əldə edirlər. Konfrans gənc araşdırmaçılara öz işlərinə görə tanınmaq, konstruktiv tənqid almaq, tədqiqatçı həmkarları və potensial əməkdaşlarla peşəkar əlaqələr qurmaq və sosiallaşmaq baxımından əlavə imkanlar yaradır.

 

Bundan əlavə, konfrans doktorantlar üçün öyrənmə təcrübəsi təqdim, digər tədqiqatçıların təqdimatlarında və müzakirələrində iştirak edir, onları öz tədqiqat sahələrində yeni ideyalar, metodologiyalar və yanaşmalarla tanış edir. Doktorantlar öz tədqiqat sahəsinə dair anlayışını və perspektivini genişləndirə, yeni ideya və innovasiyaları stimullaşdıra bilərlər. Konfrans doktorantlar üçün dəstəkləyici və əməkdaşlıq mühiti təklif edir ki, bu da doktorantlar üçün gələcək əməkdaşlığa, mentorluq  və potensial iş imkanlarına səbəb ola bilər. Ümid edirəm ki, konfrans gənc tədqiqatçılar və doktorantlar üçün çox faydalı olacaq və başda Elm və Təhsil Nazirliyi olmaqla, Təhsil İnstitutunun və Bakı Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

 

“Tibb üzrə ən yaxşı məruzəçi kimi qeyd olundum”

 

Fariz Məmmədov,  Naxçıvan Dövlət Universitetinin müəllimi: - Düşünürəm ki, bu konfrans gənc tədqiqatçıların inkişafında müstəsna rola malikdir. Xüsusən də, tədbirin milli brend olması, konfransa əlavə dəyər qatır. Mən şəxsən bu tədbiri bir çox beynəlxalq konfranslardan üstün tuturam və sertifikatlarımın içində ən üstdə cənab nazirimizin imzaladığı sertifikatı saxlayıram. Artıq ikinci ildir ki, doktorantların və gənc tədqiqatçıların elmi konfransında iştirak edirəm, hər dəfə konfransın peşəkarlıqla təşkil olunmasından, əməkdaşların yüksək mədəniyyətindən zövq alıram. Konfransın təşkilində bütün zəhməti olanlara dərin minnətdarlığımı bildirirəm.

 

Tədbirin sonunda aldığım bir xəbər mənim üçün çox sevindirici oldu. Konfransda etdiyim məruzəmə görə tibb üzrə ən yaxşı məruzəçi kimi qeyd olunmuşam.

 

 

“26 il sonra bu kimi konfranslarda professor və akademik olaraq iştirak edə bilməyimizə ümid edirəm”  

 

Aytac Cavadova, Mingəçevir Dövlət Universitetinin müəllimi, Lənkəran Dövlət Universitetinin doktorantı: - Elm və təhsil naziri  Emin Əmrullayevin məzmunlu nitqi, sözün həqiqi mənasında, bir doktorant olaraq elmi fəaliyyətimizi sorğulamağa zəmin yaratdı. Bölmə iclaslarında dinlədiyim məruzələrlə bir daha əmin oldum ki, təhsilimizdə doktorantların genişmiqyaslı tədqiqat işləri cəmiyyətimiz üçün bilavasitə faydalı və zəruridir. Çıxışlarımız zamanı professor Bünyalı Əhmədovun hər məruzəyə uyğun təcrübəli fikirləri və dəstəyi belə konfransların əhəmiyyətini bir daha ön plana çəkir. Konfrans doktorant və gənc tədqiqatçılar arasında kommunikasiyanın güclənməsinə, təhsilimizdə önəmli tədqiqat nəticələrini öyrənərək, dünyagörüşümüzün artırılmasında mühüm rol oynayır. Eyni zamanda, onu vurğulamaq lazımdır ki, 279 elmi məqalə arasından tezisimizin seçilməsi və belə mötəbər konfransda iştirak, elm və təhsil nazirinin imzası olan sertifikat əldə etmək özü bir motivasiyadır. Konfrans müddətində bizə qayğı və diqqət göstərən, hər zaman elmi fəaliyyətimizlə maraqlanan, dəstək olan MDU rektoru Şahin Bayramova təşəkkür edirik. MDU konfransda 18 elmi məqalə ilə təmsil olunurdu. Sonda qonaqpərvər qarşılama və səmimi mühit üçün BDU rəhbərliyinə, komandasına, operativ fəaliyyəti üçün ARTİ-yə dərin təşəkkürümüzü bildiririk. Nazirimiz Emin Əmrullayevin fikirlərinə istinad olaraq demək istərdim ki, 26 il sonra bu kimi konfranslarda artıq professor və akademik olaraq iştirak edə bilməyimizə ümid edirəm.  

 

Oruc MUSTAFAYEV