Emin Əmrullayev: “Azərbaycanda və dünyada yaşayan tanınmış alimlər Qarabağ Universitetində işləmək üçün artıq müraciət edirlər.”


Növbəti tədris ilindən Qarabağ Universiteti fəaliyyətə başlayacaq. 

 

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə Qarabağ Universitet ilə bağlı planlardan danışıb. Onun sözlərinə görə, infrastruktur burada 2000-3000 tələbənin təhsil almasına imkan versə də, tamamilə sıfırdan qurulacaq universitetdə ilk il üçün 800-1000 tələbənin təhsil alması planlaşdırılır.

 

Qəbul imtahanlarında tələbələri ənənəvi qaydada seçiləcək yeni universitetdə həm də SABAH qruplarında təhsil alan istedadlı gənclərin təhsili nəzərdə tutulur. Bundan başqa, ölkəmizdəki digər ali təhsil müəssisələri ilə mübadilə proqramları və ya ikili diplom proqramları da işlək olacaq.

 

4 fakültə olacaq

 

Universitet ilk mərhələdə 4 fakültə - beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media fakültələri ilə yola çıxacaq. Sonrakı mərhələdə kənd təsərrüfatı, təbiət elmləri üzrə fakültələrin təşkili də planlaşdırılır: “Qarabağ Universitetində, əsasən müəllimlik ixtisasına geniş yer ayrılacaq. Bundan əlavə tikinti-quruculuq işlərinin həyata keçirilməsi üçün mütləq mühəndislik ixtisası təsis olunacaq. Növbəti 2-3 ay ərzində tədris olunacaq ixtisasların siyahısı dəqiqləşdirilərək ictimaiyyətə açıqlanacaq”.

 

Nazirin sözlərinə görə, kadr hazırlığı təşkil ediləcək ixtisaslar ehtiyaca görə yox, imkanlara görə müəyyənləşdirilir: “İlkin mərhələdə texniki cəhətdən hansı ixtisaslarla başlamaq mümkündürsə, həmin ixtisaslar üzrə kadr hazırlığı təşkil ediləcək”.

 

Tanınmış alimlər Qarabağ Universitetində işləmək istəyir

 

Kadr hazırlığının təşkilində təhsilverənlər önəmlidir. Odur ki, akademik heyətlə bağlı planlar da var. Nazir hesab edir ki, professor və müəllim heyətinin intensiv modullar əsasında Xankəndinə səfəri və onlayn qaydada tədrisin təşkili mümkündür. 30-40 nəfərin orada daimi yerləşməsi imkanlarından da danışan nazirin sözlərinə görə,  müəllimlərin bir qismi yaxın ərazidə yaşayacaq.

 

Qarabağ Universitetinin yaradılması ilə bağlı qərar cəmi bir neçə gündür elan edilib. Buna baxmayaraq, universitetə böyük maraq olduğunu dilə gətirən nazir bu ali məktəbdə çalışmaq istəklərindən də danışıb: “Azərbaycanda və dünyada yaşayan tanınmış alimlər Qarabağ Universitetində işləmək üçün artıq müraciət edirlər. Müraciətlər həm işləmək üçün, həm də yardım məqsədi ilə edilir”.

 

Nazir brifinqdə müəllimlərin sertifikatlaşdırılması prosesinin növbəti mərhələsi barədə də məlumat verib. Bu il riyaziyyat, Azərbaycan dili (dövlət dili kimi), rus dili, alman dili, ingilis dili, fransız dili, tədrisi rus dilində aparılan siniflərdə rus dili və ədəbiyyatı müəllimlərinin sertifikatlaşdırılacağını deyib. Prosesin sonunda müəllimlərin göstərdiyi nəticədən asılı olaraq, təqribən 60 min müəllim sertifikatlaşdırılmış olacaq.

 

Emin Əmrullayev müəllim və şagird münasibətləri, təhsil müəssisələrində baş verən problemlər və başqa məsələlərlə bağlı sualları da cavablandırıb.

 

Ruhiyyə DAŞSALAHLI