Robert Cenkins: “Biz müəllimin mərkəzi rolunu tanımalı və ona dəstək verməliyik”


“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı UNICEF-in baş ofisinin təhsil və yeniyetmələrin inkişafı üzrə direktoru Robert Cenkins olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 24 noyabr 2023-cü il tarixində yayımlanan bölümündə Robert Cenkins ilə “Təhsil gözləyə bilməz” mövzusunda danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Öyrənmə böhranı

 

UNICEF-in baş ofisinin təhsil və yeniyetmələrin inkişafı üzrə direktoru Robert Cenkins proqramın girişində uşaqlığı barədə məlumat verərək Kanadanın Ontario vilayətinin mərkəzində yerləşən kənddə böyüyüb, təhsil aldığını diqqətə çatdırıb. Anasının müəllim olduğunu, uşaq olarkən valideynlərinin yaratdığı fürsətin sonradan onun həyatına çox böyük təsir göstərdiyini qeyd edən qonaq hazırda vəzifəsi, gördüyü iş çərçivəsində uşaqların potensialının gerçəkləşdirilməsi, onların təhsil alması, öyrənməsinin önəmindən bəhs edib və bu yolda səy göstərdiyini bildirib.

 

Qlobal öyrənmə böhranının fövqəladə şəkil aldığını söyləyən UNICEF-in direktoru hazırda qlobal miqyasda 10 yaşına qədər 3 uşaqdan ikisinin sadə cümləni anlaya bilmədiyini deyib. Əsas məsələni təhsilin keyfiyyətində gördüyünü dilə gətirən Robert Cenkins bir qism uşaqların keyfiyyətli təhsil imkanlarının olduğu halda digər uşaqların keyfiyyətli təhsildən faydalanmaq fürsətinin yoxluğunu qeyd edib: “Bu kimi səbəblər öyrənmə böhranını daha da kəskinləşdirir və bərabərsizliyi daha da genişləndirmiş olur. Ümumiyyətlə, təcrid olunmuş, daha aciz vəziyyətdə olan uşaqların mövcudluğu onların müxtəlif kənar təsirlərdən daha da əziyyət çəkməsinə gətirib çıxarır. Misal olaraq, biz bilirik ki, qızlar təhsildə oğlanlarla müqayisədə böhranlardan daha çox əziyyət çəkirlər. Yoxsul ailələrdən olan, ucqar yerlərdə yaşayan, humanitar böhranlardan, təbii fəlakətlərdən, müharibədən əziyyət çəkən uşaqlar bu baxımdan xüsusilə əlacsızdırlar. Digər bəla ondadır ki, bu cür uşaqlar keyfiyyətli təhsil almayanda onların sonrakı nəsillərə ötürəcəyi miras da olmur. Növbəti nəsillər də eyni cür əziyyət çəkirlər və nəticədə bu mənfi miras çıxış yolu olmayan qapalı tələ kimi nəsildən nəslə ötürülür”.

 

RAPID çərçivəsi

 

Robert Cenkins qlobal böhrandan çıxış yolu olaraq UNICEF-in tərəfdaşları ilə birlikdə RAPID deyilən çərçivə hazırladığını diqqətə çatdırıb. Qonaq qeyd edib ki, “rapid” ingilis dilində “sürətli” mənasını verir və 5 sözdən ibarət baş hərflərin toplusudur. Burada söhbət aşağıdakı anlayışlardan gedir: R hərfi təcrid olunmuş uşaqların xəritələnməsi, onların təhsilə cəlb olunması və təhsildə qalmasını təmin etməkdən ibarət olan tədbirlərdir. Hər bir uşağın, xüsusilə təcrid olunmuş uşaqların məktəbdə saxlanılması və təhsil imkanları ilə təmin olunmasıdır. A hərfi “assessment”, yəni “qiymətləndirmə” sözündən ibarətdir. Bu, müxtəlif səviyyələrdə olan uşaqların nəyi və necə öyrəndiyini qiymətləndirməkdir. P hərfi “prioritising”, yəni fundamental məsələlərin prioritetləşdirilməsidir. Cənab Cenkinsin sözlərinə görə, müasir dövrdə kurikulumlar çox həcmlidir və kurikulum okeanında fundamental olan məsələlər yuyulub gedə bilər. Bu səbəbdən onları prioritetləşdirmək önəmlidir. I hərfi öyrənmədə geridə qalan və ya təhsilə çıxışı məhdud olan uşaqların təhsil sisteminə inteqrasiyasını gücləndirməkdən ibarətdir. Sonuncu D amili təhlükəsiz mühitdə inkişafın təmin olunmasıdır. Burada şagirdlərin psixo-sosial imkanlarının artırılması, psixoloji sağlamlığın təmin olunması kimi əsas bünövrə məsələlər yer alır. 

 

Keyfiyyətli təhsil

 

UNICEF-in baş ofisinin təhsil və yeniyetmələrin inkişafı üzrə direktorunun fikrincə, uşağın məktəbə gedərkən artıq hazırlıqlı olması çox vacib faktordur. R.Cenkins deyib: “Uşağı erkən yaşlarından, yəni 3-4 yaşından məktəbə hazırlamaq lazımdır. Burada edilən yatırımların rentabelliyi çox müsbətdir. 3-4 yaşında uşağa qoyulan sərmayə, ayrılan resurslar sonradan çox böyük bəhrə verir. İbtidai təhsildən ən azı 1 il öncə uşaqların belə hazırlıq imkanlarının olması çox vacibdir. Getdikcə artan bərabərsizliyin aradan qaldırılması üzrə vacib məqamlardan biri odur ki, bütün uşaqlar, xüsusilə iqtisadi imkanları zəif olan ailələrin uşaqları üçün münbit təhsil şəraiti yaradılsın. İqtisadi təsirdən danışdıqda onların bütov bir vətəndaş kimi formalaşması üçün mövcud olan disproporsional imkanları aradan qaldırmaq lazımdır. Təhsil sistemi öyrənmə səyahətində hansı səviyyədə olmasından asılı olmayaraq daima uşaqların yanında, uşaqyönümlü olmalıdır. Xüsusilə əlilliyi olan, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün inklüziv təhsil mühitinin, əlçatan imkanların yaradılması və ümumi təhsil sisteminə inteqrasiyası ən vacib məsələlərdəndir. Bütün bu dediklərim uşaqların bütün potensialının gerçəkləşdirilməsi və yaxşı məktəb mühitinin yaradılmasının əsas xarakterik cəhətləri, amilləridir”.

 

Müəllimə dəstək

 

R.Cenkins təhsili təkmilləşdirməyin yollarından bəhs edərkən müəllimlərin səlahiyyətinin və motivasiyasının artırılmasına diqqət çəkərək qeyd edib: “Müəllimlər hər bir uşağın öyrənməsi və cəmiyyətin inkişafı yolunda mərkəzi rola sahibdirlər. Biz istər valideyn, istər icma rəhbərləri olaraq müəllimin mərkəzi rolunu tanımalı və ona dəstək verməliyik. Təhsil sisteminin uğurla təsir tapması üçün müəllim həlledici vasitədir. Hazırda təhsil sistemində transformasiya baş verir.  Müəllim lazımınca dəstək alsa, səlahiyyətləndirilsə və təlim görsə, bacarıqlarını artıra bilsə bu transformasiya prosesində itməyəcək və prosesə əlavə dəyərlərini qatacaqdır. UNICEF tərəfdaşları, müxtəlif dövlətlərin hökumətləri ilə birlikdə məhz müəllimlərə olan dəstəyi təbliğ və təşviq etməyə çalışır. Bu dəstək onların rifahı, güzəranı, iş şəraitinin lazımi şəkildə təşkil olunması, istərsə də onların peşə inkişafı, təlimləndirilməsi, ixtisasartırması baxımından lazımi imkanlarla təmin olunmasıdır. Kurikulum əsasında məktəbdə lazımi qərarlar vermək üçün müəllimin kifayət qədər səlahiyyəti olmalıdır. Xüsusilə rəqəmsal sahədə baş verən texnoloji dəyişiklikləri nəzərə alaraq müəllim texnoloji dəyişikliklərdən istifadə etməlidir ki, onun yaratdığı müsbət təsir maksimum olsun”. 

 

XXI əsr bacarıqları

 

UNICEF direktorunun fikrincə, uşaqların sonradan həyatları boyunca tətbiq edilməsi lazım olan iş bacarıqlarına yiyələnməməsi gələcəkdə onların yoxsulluqla üzləşməsi deməkdir. Uşaqlar lazımi bacarıqlara yiyələnmədiklərinə görə sonradan əmək bazarında lazımsız olurlar. Uşaqların uğurla yetkinlik həyatına qədəm qoyması üçün onlardan digər bacarıqlarla yanaşı iş bacarıqları tələb olunur. Qonaq böyüyən nəslin oxu, yazı, riyaziyyat kimi təməl bacarıqlarla yanaşı, kritik düşüncə, problemləri həll etmə, kommunikasiya, digər şəxslərlə qarşılıqlı əlaqələrin yaradılması və s. kimi XXI əsr bacarıqlarına da sahib olmasının önəmindən danışıb. Bunlarla yanaşı rəqəmsal, konkret ixtisas sahəsində olan peşə bacarıqları, yaşıl bacarıqlar, yaşıl iqtisadiyyatın gündəmdə olduğunu vurğulayaraq uşaqlar üçün əlçatan edilməsinin vacibliyinə toxunub.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Robert Cenkins aşağıdakı çağırışları səsləndirib:

 

  • 1. Hər bir uşaq ibtidai səviyyədən ən azı 1 il öncə məktəbə hazırlıq görməlidir. Erkən təhsilə sərf olunan yüksək sərmayə mütləq olaraq öz müsbət təsirini göstərir.
  • 2. Təməl öyrənmə amili. Söhbət 10 yaşına kimi oxu, yazı və riyazi biliklərin əldə edilməsindən gedir. Əvvəllər oxunu mənimsəmək üçün, artıq isə öyrənmək, inkişaf etmək üçün öyrənirik.
  • 3. Yeniyetmələrin sahiblənməsi üçün lazımi bacarıqlarla təmin olunması, böyüyəndə həyatlarında bu bacarıqları tətbiq etmələri üçün aktual olan bacarıqların onlar üçün əlçatan edilməsi.
  • 4.      Artan iqlim dəyişikliyinin, böhranların, müxtəlif hadisələrin təsiri fonunda uşaqların yenə də öyrənmə həvəsinin vacibliyi. Onlar müəyyən bacarıqlara yiyələnməli və böhran şəraitlərində belə öyrənməyə davam etməlidirlər.
  • 5. Bərabərsizliyin aradan qaldırılması, xüsusilə təcrid olunmuş, kənarda qalan uşaqların prosesə cəlb olunması, gender baryerlərinin aradan qaldırılması, qızların təhsildən yararlanması üçün bütün imkanlarla təmin olunması.
  • 6. İqlim dəyişikliyi ilə bağlı olan təhsil prosesi. Biz uşaqlara elə bacarıqlar çatdırmalıyıq, lazımi səriştələrlə təmin etməliyik ki, onlar iqlim dəyişikliyi sahəsində savadlansınlar və iqlim dəyişikliyinin çempionları  olsunlar, burada katalizator rolunu oynasınlar.
  • 7. Rəqəmsal öyrənmə - elə etməliyik ki, uşaqlar rəqəmsal transformasiyadan bəhrələnsinlər. Sonradan uşaqların mənimsədiyi rəqəmsal bacarıqları təhsilin inkişafı istiqamətində məqsədyönlü şəkildə istifadə edə bilərik.
  • 8. Bizim baxışımızın, sadaladıqlarımızın reallığa çevrilməsi üçün təhsil istiqamətində büdcədən resursların, maliyyələrin ayrılması. Bu mənada təhsilin maliyyələşdirilməsi dünyada hələ də bir çağırış olaraq qalmaqdadır”.

 

Görüşün sonunda Robert Cenkins təhsil sahəsində çalışan şəxslərə hər bir uşağın bənzərsiz olduğunu nəzərə almağı, uşaqlar olan yerdə olmağı tövsiyə edib.

 

Lamiyə ƏLİMƏRDANOVA