Aminə Kərəmli: “Səbirsizliklə gözləyirik ki, gedib Laçında işləyək”


Ay Laçın, can Laçın... İllərdir həsrət dolu baxışlarını yollardan yığa bilməyən daha bir el üçün dünyaya bədəl bir gündür bu gün. “Laçın şəhəri günü”nü qeyd edən evlərdən biri Aminə müəllimin ailəsidir. Ocaqlarına qor düşəndə o, atasının himayəsində idi. Çoxuşaqlı bir ailənin üzvü olsa da, yoxluq nədir, öyrənməmişdi. Ən böyük dərdi hansısa ona çətin gələn məsələnin həlli, ən böyük sevinci onun üçün alınan yeni kitablar, geyimlər idi. Bir gündə, bir gecədə dəyişdi dövranın gərdişi. Bir anın içində evindən, sadəcə geyimini götürüb çıxan, qaçqına-köçkünə çevrilən ailələrdən biri oldu onun da ailəsi.

 

O günlər getsin, gəlməsin! Bu gün ən böyük duası bu olan həmin ailə indi Laçında yaşayacaqları evin hazır olacağı günü gözləyir: “İllərdir məktəb tədbirlərində “Gün o gün olsun, Laçına qayıdaq”, “Bu bayramı Laçında qeyd edək”, - kimi arzular səsləndirirdik. Artıq o gün gəlib. Laçına getmişdim, qayıdan andan darıxmağa başladım. Səbirsizliklə gözləyirik ki, gedib Laçında işləyək”.

 

Ata himayəsindən ayrılıb 30 ildə özünə düzən quran Aminə müəllim burada qurub-yaratdığı hər şeyin üstündən xətt çəkməyə, yenidən Laçına qayıtmağa hazırdır. Laçından ötrü burnunun ucu göynəyən o müəllim şagird olaraq çıxdığı torpağına Əməkdar müəllim kimi dönəcək.

 

Məcburi köçkünlüyün bitirdiyi uşaqlıq

 

“Əməkdar müəllimlərimizi tanıyaq” rubrikasının növbəti qonağı Laçın rayon 18 nömrəli tam orta məktəbin kimya müəllimi Aminə Kərəmli 25 illik müəllim təcrübəsinə sahibdir. Laçında doğulub, uşaqlığı orada keçib, Laçın məktəblisi olub. Amma Laçın şəhər 1 nömrəli tam orta məktəbində başladığı orta təhsilini, həm də uşaqlığını tamamlaya bilməyib. Yeniyetməlik dövrünə düşən məcburi köçkün həyatını necə olub qəzasız-bəlasız atladıb, özü də təəccüblənir: “İndi düşünürəm ki, yeniyetməlik dövrü nə qədər çətin  dövrdür və mən bu dövrü necə keçirtmişəm. Qohum evində yaşayırdıq. Halbuki Laçında hər şəraiti, həyət-bacası, bağı-bağçası olan bir evdə yaşamışdıq. Geniş evdən sonra bir otağa sığışmaq asan olmadı”.

 

Bütün çətinliklərə baxmayaraq, oxudular: “4 uşaq idik, üçümüz universitetə getmək üçün evdən çıxırdıq. Hər birimizə yol pulu lazım idi, amma elə olurdu hamımıza çatmırdı. Bu çətinliklərə baxmayaraq oxuduq, universitet bitirib bacarığımıza uyğun yer tutduq”.

 

Bakıda Laçın məktəbi

 

Aminə də müəllim oldu: “Biologiyadan müəllimim Sevil Ağakişiyeva sayəsində ən yüksək bal topladım, kimya müəllimim Dilşad Bəşirovanın dəstəyi də həlledici oldu. Onların dəstəyi olmadan bu günlərə çətin gələrdim. Bəziləri ilə sonradan çiyin-çiyinə də işlədik”.

 

Söhbət Bakıdakı Laçın məktəbindən, o məktəbin müəllimlərindən  gedir: “Biz Bakıya gələndən sonra Yeni Günəşlidə Laçın məktəbi açıldı. Həmin məktəbdə oxudum, universiteti bitirib elə həmin məktəbdə də işlədim”.

 

“Qaçqın məktəbi”ndən universitetə...

 

“Qaçqın məktəbi”ndə aldığı dəstək öz nəticəsini göstərdi. A.Kərəmli qəbul imtahanlarında uğurlu nəticə göstərdi, tələbə adı qazandı. O vaxt N.Tusinin adını daşıyan Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya müəllimliyi” ixtisasına qəbul olundu. Tələbəlik illəri də bir göz qırpımında keçdi: “Universteti bitirib 3 nömrəli Laçın rayon tam orta məktəbində işə başladım. 15 il burada işlədikdən sonra 18 nömrəli tam orta məktəbinə yerdəyişmə etdim”.

 

Yerdəyişmə çox rahat olub: “Diaqnostik qiymətləndirmədə ən yüksək nəticə göstərən 3 nəfərdən biri idim. Çoxları dedi ki, bu qədər böyük nəticə ilə istənilən məktəbə yerdəyişmə edə bilərəm, istəmədim. Çünki seçdiyim evimin yaxınlığında olan və özümün də təhsil aldığım Laçın məktəbi idi. Laçın adı mənə hər zaman doğma olub. 26 ildir ki, Laçın məktəbinin müəllimiyəm”.

 

Laçın məktəbi yaxşı müəllim olmaq üçün meydandır

 

Laçın məktəbi onun üçün qürur mənbəyi olduğu qədər, həm də mübarizə meydanıdır. Yaxşı dərs demək üçün, yaxşı müəllim ola bilmək üçün o da mübarizə aparmalı olub. Ümumiyyətlə, maraqlı dərs keçməyə, dərslərində daim yeniliklər etməyə maraqlıdır: “Yaradıcılığa meyilliyəm. Xoşum gəlir yeni nəsə yaratmaqdan, yenilik etməkdən. Uşaqlarla işləmək zövq verir. Kitabdan  oxuduqları reaksiyaları görəndə daha yaxşı dərk edirlər, yadlarında birdəfəlik qalır”.

 

“Bu adı daşımaq fərqli hissdir”

 

“Başımı salıb işləmişəm”, - desə də, arada başını qaldırıb “Bəs, mən?!”, - dediyi vaxtlar da olub. Məsələn, diaqnostik qiymətləndirmədə 60 baldan 59 bal toplayaraq kimya fənni üzrə ölkədə ən yüksək nəticə göstərən 3 müəllimdən biri olduğunun fərqinə varıb: “Nə etmişəmsə, peşəmə sevgimlə etmişəm. Ona görə də işimə daim ikiəlli sarıldım. Demək ki, hər şeyin öz vaxtı varmış”.

 

Vaxtı isə 3 il əvvəl yetişib: “Direktor mənə dedi ki, təqdimatımı istəyiblər, nəsə mükafat verəcəklər. Heç ağlıma gəlməzdi ki, “Əməkdar müəllim” adı alaram. Elə bilirdim ki, bu adı yaşlı müəllimlərə verirlər. Təltif günü yaxınlaşanda direktorumuz zəng edib xəbər verdi ki, “Əməkdar müəllim” adına layiq görülmüşəm. Qulaqlarıma inanmadım. “Axı mən qoca deyiləm”, - desəm də, çox sevindim. Bu şərəfli ada layiq görüldüyüm üçün qürur duydum. Laçınlı olaraq, müəllim olaraq bu adı daşımaq fərqli hissdir”.

 

Sertifikatlaşdırmanı gözləyir ki, maaşı tez qalxsın

 

Sertifikasiya prosesinin də uğurlularından olacağına şübhəmiz yoxdur: “Təhsildə islahatları bəyənirəm. Yerdəyişmə prosesinin iştirakçısı kimi deyirəm, evdə oturub telefonla ərizə yazaraq ərazicə yaxınlığımdakı məktəbə yerdəyişmə etdim. İndi də səbirsizliklə sertifikatlaşdırmanı gözləyirəm. Daha tez olsun istəyirəm ki, maaşlarımız qalxsın”.

 

Aminə müəllim, sadəcə müəllimlik etməklə kifayətlənmir, ara-sıra məqalələr yazır, onları yerli və beynəlxalq nəşrlərdə dərc etdirir: “2 ölkədə elmi məqaləm dərc olunub, kitab müəllifiyəm. Elmi redaktoru olduğum kitab bu yaxınlarda nəşr olundu. İşimə aid məsələlərdə daim fəal olmuşam”.

 

Olimpiada iştirakçıları, qalibləri, qəbul imtahanlarının uğurluları çoxdur şagirdləri arasında: “Getdikcə şagirdlərimizin sayı azalır. Şagird az olsa da, qəbul faizimiz yüksək olur”.

 

Ruhiyyə DAŞSALAHLI