Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin elmi işçisi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) Sədri Aynurə Həsənova və “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin kiçik elmi işçisi, ŞAR GAMŞ sədr müavini Samirə Rəhimli Qazaxıstanın Almaatı şəhərində ezamiyyətdə olublar.

 

Səfər Şamaxı Astrofizika Rəsədxanası ilə Qazaxıstan astronomları arasında elmi əməkdaşlığın genişləndirilməsi, birgə elmi fəaliyyət, kadr hazırlığı və təcrübə mübadiləsinin yaradılması məqsədini daşıyır.   

 

Ezamiyyət dövründə ŞAR əməkdaşları Əl-Farabi Qazax Milli Universitetinin fizika və texnologiya fakültəsi tərəfindən keçirilən “Astronomik müşahidə materiallarının IRAF vasitəsilə emalı və analizi” adlı qış məktəbində iştirak ediblər. Qış məktəbi çərçivəsində onlar universitetdə tətbiq edilən astronomik materialların müasir üsullarla emalı metodikaları və analiz üsullarının öyrədilməsi məqsədilə kurslara cəlb olunublar.

 

Fizika və texnologiya fakültəsinin daxili seminarında A.Həsənova “HD208501(B8Ib) ifratnəhəng ulduzu atmosferində qeyri-stasionar proseslər”, S. Rəhimli isə “NGC3516 Seyferd qalaktikasının fotometrik tədqiqi” mövzusu üzrə məruzə ilə çıxış ediblər. Çıxışların yekununda mövzular ətrafında geniş diskussiya aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, elmi ezamiyyət müddətində ŞAR əməkdaşları Qazaxıstanın V.Q.Fesenkov adına Astrofizika İnstitutuna və Tien Şan Astronomiya Rəsədxanasına da səfər ediblər.