“Parlaq gələcəyim” layihəsi çərçivəsində növbəti görüş Sabirabadda təşkil edilib. Sabirabad rayonu M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) nümayəndələri, Hökumətlərarası Təqaüd Proqramlarının (HTP) məzunu, həmçinin 200-ə yaxın şagird iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən Mil – Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi Vüqar Fərzəliyev layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

 

Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Mehriban Fətullayeva xaricdə təhsil üzrə dövlət proqramları və HTP-yə qəbul barədə iştirakçıları məlumatlandırıb.

 

Sonra ASAP-ın ictimaiyyətlə əlaqələr üzrə meneceri Seyfur Hacımuradov təşkilat barədə məlumat verərək tələbə birlikləri, eləcə də ölkə daxilində və xaricində keçirilən tədbirlərdən danışıb.

 

Tədbirdə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi və HTP çərçivəsində Macarıstanda “University of Pécs”də təhsil almış Sübhan Əsgərzadə mühəndislik ixtisası, düzgün peşə seçimi və gələcəyin tələb olunan ixtisas sahələri barədə şagirdləri məlumatlandırıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də şagirdlər arasında keçirilən intellektual oyunlar çərçivəsində qaliblərə hədiyyələr təqdim olunub.