Dekabrın 7-də Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və ulu öndərin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.

 

Büstün açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. 

 

Qonaqlar Azərbaycanın Xalq rəssamı, heykəltaraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyevin müəllifi olduğu sənət əsəri ilə bağlı məlumatlandırılıb. 

 

Ardınca “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda tədbir iştirakçıları ulu öndərin əziz xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Daha sonra Heydər Əliyevin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. 

 

Açılış nitqi ilə çıxış edən rektor Yaqub Piriyev BMU-da ulu öndərin büstünün qoyulmasının böyük qürur olduğunu vurğulayaraq bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib.

 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında BMU-da Heydər Əliyevin büstünün açılışını yüksək dəyərləndirib, bu addımın universitetdə çalışanlar üçün böyük məna kəsb etdiyini vurğulayıb. 

 

Konfransın aktual mövzuya həsr olunduğunu deyən nazir bütün sahələrdə olduğu kimi, təhsildə də Heydər Əliyev strategiyalarına sadiq qalındığını və ümummilli liderin elm və təhsil siyasəti konsepsiyası əsasında islahatların uğurla davam etdirildiyini vurğulayıb, Heydər Əliyevin zəngin irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsinin təmin ediləcəyini diqqətə çatdırıb.  

 

Konfrans digər çıxışlarla davam etdirilib.