SAF 2023 iştirakçılarının təəssüratları


“Uğurlu nəticə göstərməyə iddialıyıq”

 

Şəmkir rayonu Kimya-biologiya təmayüllü liseyini “Boat Racing” - “Gəmi yarışması” kateqoriyası üzrə təmsil edən “Xebec” komandasının mentoru Nəsib Həbibov Bakı Ali Neft Məktəbinin II kurs tələbəsidir: “Biz komandamızla ilk qayıq modelimizi qurduq və “Xebec” adlandırdıq. Düşünürük ki, gələcəkdə bu qayığı daha peşəkar səviyyəyə gətirib çıxaracağıq. Onu da qeyd etmək istərdim ki, bu layihənin ideya müəllifi və həyata keçirilməsində ən çox əməyi keçən şəxs komandamızın kapitanı Mətin Həbibovdur. Uğurlu nəticə göstərməyə iddialıyıq”.

 

“Uğur qazanacağımıza çox ümid edirik”

 

Türkiyənin Adana şəhərindən SAF 2023-ə “Boat Racing” - “Gəmi yarışması” kateqoriyası üzrə qatılan “Alesta Rov”komandasının rəhbəri İsmail Akdaş: “Yarışmaya iki şagirdimlə qatılmışam. Layihəmiz su altında müxtəlif tapşırıqları yerinə yetirəcək qayığın nümayişindən ibarətdir. Buna sualtı dron da deyə bilərik. Festival çox gözəl təşkil edilib. Festivalda çox izdihamlı bir ortam var və bu da rəqabəti daha da artırır. İlk təəssüratlarımız olduqca müsbətdir və uğur qazanacağımıza çox ümid edirik”.

 

“Festivalın təşkilinə görə Azərbaycana təşəkkür edirəm”

 

Qazaxıstanı təmsil edən “1729-V Victorius” komandasının mentoru Eduard Kunayev: “Bizim komandamız yarışda V5 və VEX IQ robotları təqdim edir. Biz bu festivaldan sonra Sloveniyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində təşkil ediləcək yarışlara qatılacağıq. Bundan öncə komandamız Çində keçirilən müsabiqədə VEX IQ üzrə iştirak edərək 6-cı, bir ay qabaq isə V5 üzrə ABŞ-də keçirilən seçim çempionatında 18-ci yerə layiq görülüb. Möhtəşəm festivalın təşkilinə görə Azərbaycana təşəkkür edirəm”.

 

“Festivalda iştirak etdiyimə görə çox şadam”

 

Niderlandın Summa Kollecini təmsil edən 19 yaşlı iştirakçı Niels Teuninenvan Manen tələbədir: “Bu festivala “H2 Grand Prix PRO” kateqoriyası üzrə qatılmışıq. Tələbə olaraq biz gələcəyin bərpa olunan enerji prinsipləri haqqında hərtərəfli araşdırma aparırıq və hidrogenlə işləyən avtomobillər dizayn etməkdə maraqlıyıq. Yaratdığımız yanacaq hüceyrəli RC avtomobillərini digər iştirakçıların maşınları ilə yarışdıracağıq və bununla bərabər yarışımızdan böyük zövq alacağıq. Bu möhtəşəm festivalda iştirak etdiyimə görə çox şadam”.

 

“Uşaqlarımız robotları hərəkətə gətirir və idarə edirlər”

 

Bakı şəhəri 245 nömrəli tam orta məktəbin STEAM müəllimi Rəsmiyə Mehdiyeva: “Komandamızın adı “Happy Lego King”dir və 4 nəfər üzvü var. Onlar ibtidai sinif şagirdləridir və festivala “Master Peace” layihəsi ilə qatılıblar. Layihəmizin əsas mövzusu heyvanların qorunması və sağlamlıq imkanları məhdud insanların şəhərdə, parklarda rahat istirahət etməsi üçün yaradılan şəraitdir. Bu hərəkət edən lego robotu komanda üzvü Malik Mehdizadə düzəldib və onun adı “Qoruyucu robot”dur. Uşaqlarımız robotları hərəkətə gətirir və idarə edirlər. Ümid edirəm, layihəmiz münsiflər heyəti tərəfindən yüksək qiymətləndiriləcək”.

 

“Uşaqlarda texnologiyaya, alqoritmləşməyə maraq artır ”

 

Brilliant Allahverdiyeva Elitar Gimnaziyanın komandasının rəhbəridir: Mexatronika” kateqoriyası üzrə yarışan “Tandem” komandamız 8-ci sinif şagirdləri olan 2 iştirakçı ilə - Məryəm İsmayıl və Gültac Əliyeva ilə yarışa qoşulub. Finala CNC lazer kəsici aparatda hazırladığımız “Labirint” layihəsi ilə keçmişik. Festivalda qızlarımız öz Derbi maşınlarını hazırlayacaq və yarışdıracaqlar. Hansı daha sürətli getsə, o qazanmış olur. Festivalın təşkilatına görə əməyi keçən hər kəsə minnətdarıq. Festival uşaqlarda rəqəmsallaşmaya, müasir dövrün tələb etdiyi texnologiyaya, alqoritmləşməyə böyük maraq oyadır”.

 

“Böyük ümidlərlə yarışa  qatılmışıq”

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetini “Deep Dive” - “Sualtı dronlar/gəmi” kateqoriyası üzrə təmsil edən “Black Squad” komandasının kapitanı Əli Rzayev və komanda yoldaşları BA proqramları, “Robototexnika və mexatronika” ixtisasının III kurs tələbələridir: “Gördüyünüz dənizaltı dronumuzu idarə etmək üçün mühərriklərdən istifadə etmişik. Dronun içərisində kamera var və suyun altında olan metal parçalarını görüb götürmək üçün istifadə edilir. Dronun su keçirməzliyi üçün su filtrindən istifadə etmişik və boşluq olan hissələri bərkiyən maye ilə bağlamışıq. Həmçinin beləliklə elektronika dövrəmizi qorumuş oluruq. Gövdə hissəsini avtomatik Arximed qüvvəsi yaradan yüngül materialdan düzəltmişik. İstədiyimiz vaxt mühərrikləri idarə edərək dronumuzu batırır və suyun altından çıxarırıq. İki mühərrik irəli-geri hərəkət  etmək, 4 mühərrik isə dronun suya dalıb sonra qalxması üçündür. Su altında stabilliyi qorumaq çox önəmli olduğuna görə modelimizdə bu məqama çox önəm vermişik. Böyük ümidlərlə, üzərimizdə çox işləyərək yarışa qatılmışıq. Bu festival müxtəlif ideyaları reallaşdırmaq, həll yolları araşdırmaq üçün tələbələr arasında yeni əməkdaşlıqlara şərait yaradır”.

 

“Belə layihələrin həyata keçirilməsi təhsil sahəsində böyük nailiyyətdir”

 

Bakı Avropa Liseyini “H2 Grand Prix PRO” kateqoriyası üzrə təmsil edən “Hot Boys” komandasının mentoru Nazim Babayev bizi iştirakçılarla tanış edir: “Komanda üzvlərimiz Hakim Əlizadə 10-cu, Tamerlan Məmmədov isə 9-cu sinif şagirdləridir. Onlar özləri yığdıqları maşını yarışda təqdim edirlər. Maşın su batareyaları ilə işləyir. Burada akkumulyator da var. Bu batareyaların digərlərindən fərqi ondadır ki, adi batareyalarla maşın 10 dəqiqə gedə bilərsə, su batareyaları ilə 50 dəqiqəyə qədər vaxt ərzində çox böyük məsafə qət edə bilər. Həmçinin su batareyası maşına sürət və çeviklik verir, eyni zamanda təmiz enerji hesab edilir. Düşünürəm ki, belə layihələrin həyata keçirilməsi təhsil sahəsində böyük nailiyyətdir”.

 

“Festivalın təşkili üçün çox təşəkkür edirik”

 

Festivalda Türkiyənin Çanaqqala şəhərinin FMA Kollecini təmsil edən “Castle Tech” komandasının mentoru Betül Belma Tural özlərini belə təqdim edir: “Bura gəlməzdən öncə komandamızla ilk turnirimizi İstanbulda gerçəkləşdirdik və böyük nailiyyət əldə etdik. Belə ki, uğurla iştirak edərək “Built Award” mükafatına layiq görüldük. Sonra isə Azərbaycana dəvət edildik. Artıq bu festivalda yarışmağa hazırlaşırıq və çox həyəcanlıyıq. “VEX IQ” kateqoriyası üzrə yarışa qatılmışıq. Uşaqlar robot dizayn etdilər və sonradan onu daha da təkmilləşdirərək 20 xal əldə etdilər. Burada da həmin xalı gözəl bir şəkildə göstərə biləcəklərini düşünürəm. Belə gözəl festivalın təşkili üçün çox təşəkkür edirik”.

 

“Festival izdihamlılığı ilə məni heyrətləndirir”

 

Özbəkistanın Daşkənd şəhərində yerləşən Al-Beruniy Beynəlxalq Məktəbinin ABIS STEAM Akademiyasını təmsil edən Beqoya Bekmuratova təsəssüratlarını bölüşür: “Bizim komandamızın mentoru Mirzo Murodillayevdir. Komandada 3 nəfərik və robot hazırlamışıq. Uşaqlar hazırda tapşırıqların yerinə yetirilməsi üçün robotun kodlaşdırılması ilə məşğuldur. Komandamız “First LEGO League Explore” kateqoriyası üzrə festivala qatılıb və qalib gəlmək üçün bütün gücünü səfərbər edib. Mən bizim komandanın qalibiyyətə yaxın olduğuna inanıram. Festival məni yüksək səviyyədə təşkil olunması və izdihamlılığı ilə heyrətləndirir”.

 

“Çox maraqlı layihələr görürük”

 

Norveçdən festivala gələn “The Code Girls” komandasının mentoru Audun Andersen 3 məktəbli qızla təmsil olunduqlarını qeyd edir: “Biz “First LEGO League Explore” kateqoriyası üzrə yarışa qatılmışıq. Qızlarımızın hazırladığı layihə uşaqlar üçün fəal əyləncə mərkəzidir. Gördüyünüz kimi, qızlar lego robotlar yığaraq onları yarışa tam hazır vəziyyətə gətiriblər. Çox möhtəşəm bir festival keçirilir. Festivalda digər iştirakçıların layihələri ilə də tanış oluruq, çox maraqlı layihələr görürük”.

 

“Festival həyatımıza yeni rəng qatacaq” 

 

Çexiya Respublikasını təmsil edən “HC Verra racing team 44” komandasının üzvü Adele Hrbek “H2 Grand Prix PRO” kateqoriyası üzrə qatıldıqlarını və hidrogenlə işləyən RC avtomobilləri layihələndirdiklərini deyir: “Gələcəkdə bu avtomobillərin kütləvi istehsalında çox maraqlıyıq. Festival heyrətamizdir, insanlarınız çox qonaqpərvər və mehribandırlar. Düşünürəm ki, bu festival bizim həyatımıza yeni bir rəng qatacaq və çox xoş xatirələrlə yaddaşımıza yazılacaq”.

 

Lamiyə ƏLİMƏRDANOVA