Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə çıxış edərkən Azərbaycanın tarixi torpaqları olan Qərbi Azərbaycan - bu torpaqlardakı tarixi, dini abidələrimizin dağıdılması haqqında, xalqımızın dəfələrlə bu ərazilərdən deportasiya edilməsi, zorla çıxarılması, qovulması, bu prosesdə bir çoxlarına işgəncələr verilməsi, öldürülməsi haqqında məlumat verərək qeyd edib: “Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən bir xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

 

Cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, Qərbi Azərbaycan İcması bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməlidir, tarixi həqiqətlərlə bağlı kitablarımız yenilənməlidir, müəyyən dövrdə kitablar dərc edilmişdir, o cümlədən tarixi şəhərlərimizin, kəndlərimizin adları ilə bağlı kitablar dərc olunmuşdur, lakin bu iş dövlət səviyyəsində edilməlidir, bu təbliğat işləri mütləq aparılmalıdır.

 

Cənab Prezidentin bu çağırışına dərhal reaksiya verənlərdən biri ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar müəllim, Prezident təqaüdçüsü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova oldu. Bu tarixi görüşdə iştirak edən professor Mahirə Hüseynova bir neçə aylıq gərgin araşdırmaların, böyük zəhmətin nəticəsi kimi “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyasını hazırlayaraq çap etdirib. Monoqrafiya giriş, iki fəsil və nəticə hissələrindən ibarətdir, girişdə Qərbi Azərbaycanda türkmənşəli toponimlərin, onların arxaik məna çalarlarının, forma və əlamət xüsusiyyətlərinin, yayılma areallarının, fonetik və morfoloji tərkiblərinin tədqiq edilməsinin aktuallığı, onomastikanın diapazonunun genişləndirilməsi, onun linqvistik və ekstralinqvistik inkişafının hərtərəfli təmin edilməsi üçün paleotoponimik tədqiqatların əhəmiyyəti vurğulanır, dilin arxaik qatında xüsusi yeri olan və müəyyən söz formaları ilə bərpa edilən, forma və strukturuna, semantikasına aydınlıq gətirən paleotoponimik leksikanın dərindən araşdırılması, diqqətlə təhlili, elmi şəkildə ümumiləşdirilməsinin zəruriliyi diqqətə çatdırılır. Bundan əlavə, onomastik vahidlərin ən qədim qollarından sayılan toponimlərin, xüsusən də paleotoponimlərin bir dildən digər dilə tərcümə edilməsi, mənasının dəyişdirilməsinin qəti şəkildə yolverilməz olması, lakin erməni şovinistlərinin dünyada qəbul olunmuş bu qanuna əməl etmədən, məhəl qoymadan bu qədim toponimləri mənəvi soyqırıma məruz qoymalarından bəhs edilir.

 

“Qərbi Azərbaycanda (indiki Ermənistanda) türk mənşəli paleotoponimlərin tarixi kökləri, fonetik, leksik, morfoloji tərkibi və semantik resursları” adlı birinci fəslin “Qərbi Azərbaycan paleotoponimləri Azərbaycan türkünün etnoyaddaşının ən möhtəşəm abidəsi kimi” bölməsində Dərələyəz mahalının Ardaraz, Arpa, Ayısəsi, Cul, Erdəpin, Ertiş, Əkərək, Ərgəz, “Qərbi Azərbaycanın “art” komponentli coğrafi adlarının paleoetnonimik müstəvidə linqvistik təhlili” bölməsində Artaşat, Ararat, Artiz, Artuş toponimləri tədqiqata cəlb edilib. “Qərbi Azərbaycan ərazisində “Ay” komponentli paleotoponimlərin tarixi-etimoloji təhlili” bölməsində Hayastan, Ayaslı, Ayarlı, Ayrım//Ayrum, “Van” komponentli toponimlərin etimologiyası haqqında mülahizələr” bölməsində Naxçıvan, İrəvan, Mincivan, Bəcirəvan, Təngivan toponimləri, “Sir//Şir//Siraq//Çıraq//Zirək komponentli türkmənşəli toponimlərin tarixi etimoloji təhlili” bölməsində Sirak, Çirak, Zirik toponimləri, Sır Dərya hidronimi, “Hay, erməni” etnonimlərinin tarixi-etimoloji təhlili” bölməsində hay etnonimi, Armini toponimi, “Kuti//quti” türkmənşəli etnoniminin tarixi-etimoloji təhlili” bölməsində kuti etnonimi və ondan törəmiş toponimlərə yer verilib. “Qəmərli” paleotoponiminin tarixi-etimoloji təhlili” bölməsində qəmər//qamər//kimmer etnonimi və ondan törəmiş Qəmərli, Qamarlı, Qomarlı, Kəmərli, Komarlı toponimləri, “Əkərək” coğrafi termini əsasında formalaşmış paleotoponimlərin linqvistik etimoloji təhlili” bölməsində Əkərək toponimi, Əkərək tapı, Hüseyn əkərəyi, Əkərək yamacı, Əkərək dərəsi mikrotoponimləri, “Tur” və “keş” komponentli paleotoponimlərin etnogenezinə dair mülahizələrim” bölməsində Turşalı, Keşkənd toponimləri, “Qərbi Azərbaycanın türkmənşəli toponimlərində paleodialekt və şivə elementlərinin linqvistik xüsusiyyətləri”bölməsində Tapantağ, Sovsırt, Sallı, Zəngəzur, Şəki toponimləri təhlil olunub. “Türk-Azərbaycan mənşəli “Qafan” toponiminin paleoetnonimik istiqamətdə etnolinqvistik təhlili” bölməsində Qafan, “İndiki Ermənistanda türk-Azərbaycan mənşəli toponimlərin paralelləri” bölməsində Arpava, Abaran, Qaşqa, Qızqala, Zeyvə, “İndiki Ermənistanda Azərbaycan mənşəli paleotoponimlərdə baş vermiş fonetik hadisələrin linqvistik xüsusiyyətləri” bölməsində Ağudi, Axura, Alagöz, Ələyəz, “İndiki Ermənistan ərazisindəki paleotoponimlərin Mahmud Kaşğari “Divan”ında izləri” bölməsində Kəngər, Qıpçaq, Çəpni, Xalaclar yurdu, Kayalı, “Qərbi Azərbaycanın türkmənşəli toponimlər sistemində “göy” komponentli coğrafi adların poledialektal müstəvidə linqvistik təhlili” bölməsində  isə Göyabbas, Göyçə toponimləri təhlil süzgəcindən keçirilib, maraqlı elmi nəticələr əldə edilib.

 

“Qərbi Azərbaycanda rəng bildirən sözlər əsasında formalaşmış paleotoponimlərin tarixi-linqvistik təhlili” adlı ikinci fəsildə “Ağ” komponentli paleotoponimlərin leksik-semantik xüsusiyyətləri” bölməsində Ağbaba, Ağbud, Ağbulaq, Ağveys, Ağdaban və s., “Qərbi Azərbaycanda “al” və ala” komponentli türkmənşəli toponimlərin tarixi-etimoloji təhlili” bölməsində Alavar, Alakuk, Alakilsə, Alagöz, Alapapax, Alapars və s., “Qara” komponentli toponimlərin leksik-semantik xüsusiyyətləri” bölməsində Qaraarxac, Qarabulaq, Qaravəng, Qaradağ və s., “Qərbi Azərbaycanın toponimik sistemində “sarı” sözünün məna çalarları” bölməsində Sarıyoxuş, Sarıyal, Sarıtəpə, Sarıcalar toponimləri, “Toponimlərin qədim fonetik və leksik-semantik yaruslarının dəyişməsi prosesinin linqvistik xüsusiyyətləri” bölməsində Moz, Mozkənd, Mozannənə, Şorca, Çivə və s. toponimlər linqvistik-etimoloji təhlilə cəlb edilib.

 

Professor Mahirə Hüseynova tədqiqatlarında alim dəqiqliyi, araşdırıcı diqqəti ilə hər bir xüsusi adı təhlilə cəlb edib, bu adlarla bağlı əvvəlki tədqiqatlardan bəhrələnməklə yanaşı, onlara öz münasibətini də bildirib, orijinal elmi nəticələr əldə edib. Alimin Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik-etimoloji təhlili ilə bağlı gəldiyi qənaətlər, dil faktları əsasında təqdim etdiyi sübutlar saxtakar, qəbilə təfəkkürlü erməni millətçilərinin söz oyunbazlığına girişərək Azərbaycan-türk mənşəli paleotoponimləri öz dillərində “izah etmək” cəhdlərinə ən güclü zərbədir.

 

Tədqiqata cəlb etdiyi paleotoponimlərin areallarını da müəyyənləşdirən müəllif bu adlara Azərbaycan Respublikasının digər bölgələrində, Cənubi Azərbaycanda, Gürcüstanda, Şimali Qafqazda, Mərkəzi və Orta Asiyada, Əfqanıstanda, hətta Şərqi Avropada da rast gəlindiyini mənbələr əsasında üzə çıxarıb, bu toponimlərin türkmənşəli adlar olduğunu tutarlı dəlillərlə sübuta yetirib. M.Hüseynova tədqiqatlar nəticəsində bu qənaətə gəlib ki, Qərbi Azərbaycanın türkmənşəli paleotoponimlərində fonetik, leksik-semantik istiqamətlərdə yarandığı dövrlərdən fərqli olaraq, uzun illərin, yüzilliklərin linqvistik təkamülü ilə bağlı şəkildə müəyyən struktur-semantik dəyişmələr baş verib, bəzilərində semantik cəhətdən yarandığı dövrlə müqayisədə məna çalarlarının uzaqlaşması olub. Belə uzaqlaşmalara ümumtürk dillərinin inteqrasiyası ilə bərabər, paleodialekt yaruslar da güclü təsir göstərib.

 

Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik-etimoloji təhlili ilə bağlı araşdırmalarını ümumiləşdirən professor Mahirə Hüseynova qeyd edib ki, paleotoponimlər xalqın ilkin yaranış dövrlərindən onun dilinə, tarixinə, coğrafiyasına işıq tutan ən möhtəşəm mədəniyyət abidələrindəndir. Bu böyük abidələrimizin kökündə xalqımızın ilkin təfəkkür, mənəviyyat tərzi, adət-ənənələri, etnik tərkibi, qədim tarixi və coğrafiyası, məşğuliyyət sahələrinin ən önəmli cəhətləri yaşamaqdadır. İndiki Ermənistan ərazisində mövcud olmuş yer-yurd adları Azərbaycan dilinin, ümumilikdə türk dillərinin ən dəyərli və etibarlı tarixi mədəniyyət xəzinəsi kimi sözdə yaşayan və əbədiləşən ulu mənəvi sərvətimizdir.

 

Monoqrafiya ilə tanışlıq onu deməyə əsas verir ki, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” monoqrafiyası Qərbi Azərbaycan ərazisindəki yer adlarının tədqiqi baxımından çox əhəmiyyətli bir tədqiqat əsəri, vaxtında yazılaraq elmi ictimaiyyətə təqdim edilmiş etibarlı mənbədir.

 

Sevinc SADIQOVA,

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru