Hər bir xalqın tarixində və taleyində əlamətdar zamanlar, müəyyən dönüş xarakterli günlər olur. Şübhəsiz, zəngin dövlətçilik və qəhrəmanlıq ənənələrinə malik olan Azərbaycan xalqının tarixində də belə mühüm, əhəmiyyətli günlər az deyil.

 

Bu gün müasir müstəqil Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə elə möhtəşəm, misilsiz tarixi bir dövr yaşayır ki, hazırda yaşadığımız günlərin, ayların, bütövlükdə illərin hər bir anı zəfər, müvəffəqiyyət, tərəqqi ilə əlamətdardır.

 

Yola salmaqda olduğumuz 2023-cü il bu tərəqqi salnaməsi içərisində xüsusilə fərqlənir. Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı siyasətçi və düha olan Heydər Əliyevin 100 illik yubileyinin təsadüf etdiyi və “Heydər Əliyev İli” kimi tarixə yazılan 2023-cü ildə ölkəmiz və xalqımız istər yerli, istərsə də, beynəlxalq səviyyədə bir çox uğurlara imza atdı, ən əsası isə suverenliyimiz tam bərqərar olundu. Tamamlanmaqda olan il Azərbaycan üçün bütün sahələrdə əhəmiyyətli nailiyyətlərlə yadda qaldı.

 

2022-ci ilin 12 dekabrında qanunsuz erməni separatçı rejiminin Azərbaycan ərazilərində törətdiyi ekoloji terrora qarşı başlanan etiraz aksiyaları 2023-cü ilin əvvəllərində də davam etdi və bu prinsipial vətəndaş mövqeyi nəticəsində Azərbaycan dövləti həm davam edən ekoloji terrora son qoymaq, həm də qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədi ilə öz suveren hüququndan istifadə edərək 2023-cü ilin 23 aprelində Laçında sərhəd-buraxılış məntəqəsi yaratdı, bununla da, hiyləgər separatçıların və onların havadarlarının məkrli təxribat planları iflasa uğradı. Daim humanizm prinsiplərini  rəhbər tutan Azərbaycan, eyni zamanda, humanitar məqsədlər üçün Laçın sərhəd-buraxlış məntəqəsinin daimi fəaliyyətini təmin etdi və Ağdam-Xankəndi yolu üzrə humanitar yüklərin daşınması üçün alternativ marşrut da təklif etdi.

 

Baş verən hadisələr fonunda artıq həqiqi üzlərinin ortaya çıxdığını görən Ermənistan və onun Fransa kimi qərbli havadarları dünya miqyasında Azərbaycan əleyhinə geniş qarayaxma kampaniyalarına start verdilər. Avqustun 16-da Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsi ilə bağlı təcili iclası Ermənistanın və erməni lobbisinin bütün səylərinə, dəstəkçilərinin canfəşanlıqlarına baxmayaraq, istədikləri nəticəni vermədi: nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat qəbul olundu.

 

İstədiklərinə nail ola bilməyən separatçılar “humanitar fəlakət”ə məruz qalmış “məzlum” rollarının uğursuzluğunu görəndə isə hərbi təxribatlara əl ataraq, Azərbaycanın hövsələsini daşırmaq, özlərinin güc tətbiqinə məruz qaldıqları mənzərəsini göstərmək istəyirdilər. Lakin “nəyi, necə, nə vaxt” edəcəyini bilən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da lokal xarakterli antiterror tədbirlərinə başlayan Azərbaycan Ordusu cəmi 23 saat ərzində düşməni darmadağın etdi. Sentyabrın 20-də Qarabağda qalmaqda olan separatçı rejim özünü buraxdığını elan elədi, onun silahlı dəstələri tərksilah olundu, qısa müddət sonra isə dırnaqarası rəhbərlər Azərbaycan təhlükəsizlik orqanları tərəfindən saxlanıldı. Yeri gəlmişkən, bu dəfə də fəaliyyətdə olan erməni diplomatiyası dünyanı ayağa qaldırsa da, BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirildiyi 21 sentyabr tarixində zərgər dəqiqliyi ilə hərəkət edən rəsmi Bakının nümayəndələri artıq Yevlaxda Qarabağın yerli erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş keçirdi, bununla da, hər şey bitmiş oldu. Azərbaycan dünyaya bir daha özünün yüksək humanizmini, eyni zamanda gücünü və iradəsini nümayiş etdirdi. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini, eləcə də beynəlxalq hüququ məhz öz gücü hesabına, mülki əhaliyə ziyan vermədən yüksək dəqiqlik və peşəkarlıqla bərpa etdi.

 

Prezident İlham Əliyev oktyabrın 15-də - ilk dəfə Prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə öz xalqı qarşısında verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirmiş qətiyyətli lider kimi Xankəndi şəhərinin mərkəzində üçrəngli Azərbaycan bayrağını qaldırdı və xalqa müraciət edərək dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.”

 

İlin daha bir mühüm hadisəsi isə Zəfər Günündə - noyabrın 8-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan möhtəşəm hərbi parad oldu. Dekabrın 21-də Xankəndi stadionunda Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş ərazilərdəki ilk idman yarışını – “Qarabağ” və “MOİK” komandalarının qarşılaşmalarını şəhid övladları ilə birgə izləməsi isə əzəli torpaqlarımıza əbədi qayıdışımızın təntənəsidir.

 

Yekunlaşmaqda olan 2023-cü ildə Qarabağa qayıdış prosesində də yeni mərhələnin başlanğıcı qoyuldu. Qarabağa “Böyük Qayıdış”ın ötən il Ağalı kəndi ilə başlayan ilk müjdəsi bu dəfə 2023-cü ilin martında Tərtər rayonunun Talış kəndindən, may ayının 28-dən başlayaraq Laçın şəhərindən, avqust ayından başlayaraq Füzuli şəhərindən gəlməyə başladı. Bununla yanaşı, cənab Prezidentin Sərəncamı ilə işğaldan azad edilən şəhərlərimizin azad olunma tarixləri şəhər günləri kimi rəsmiləşdirildi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva avqustun 26-da Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Oktyabrın 17-də isə Prezident İlham Əliyev “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 

Həmçinin, il ərzində işğaldan azad olunmuş ərazilərdə yeni təhsil ocaqları fəaliyyətə başladı. Avqust ayının 23-də Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən açılışı edilmiş 960 yerlik Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbi bu baxımdan xüsusilə fərqlənir.

 

Cari ilin 28 noyabrında cənab Prezidentin imzaladığı Sərəncamla Xankəndi şəhərində 1969-cu ildə Qarabağda ilk ali məktəb olaraq hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı kimi yaradılmış, 1973-cü ildən Xankəndi Pedaqoji İnstitutu kimi fəaliyyətini davam etdirmiş ali təhsil müəssisəsinin bazasında yaradılan Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə bölgədə təhsil ənənələri tamamilə bərpa olunacaq və region innovativ elmi-tədqiqat mərkəzinə çevriləcək. Azərbaycan Prezidentinin 15-16 dekabr tarixlərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayının iştirakçılarına ünvanladığı müraciət və qurultayda geniş müzakirələr əsasında ölkə müəllimlərinin qəbul etdiyi qətnamədə də bu və təhsilin inkişafı ilə bağlı digər mühüm strateji hədəflər aydın şəkildə ifadə olunur.

 

Digər tərəfdən 2023-cü il Azərbaycan üçün iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi baxımından da olduqca yaddaqalan bir il oldu. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu qat-qat artıb, bununla yanaşı, respublika iqtisadiyyatında qeyri-neft istehsal sahələrinin payı əhəmiyyətli dərəcədə yüksəlib.

 

2023-cü il, xüsusən, türk dövlətlərinin, həmçinin Mərkəzi Asiya ölklələrinin birlik və bərabərliyi, əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi və vahid coğrafi-iqtisadi-mədəni məkan üzərində birgə inkişaf meyillərinin çiçəkləndiyi il kimi yadda qaldı.

 

İlin əvvəllərində qardaş Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövləti və xalqımız səfərbər olaraq, öz qardaşlıq missiyasını ən yüksək səviyyədə icra elədi.

 

2023-cü ilin 16 martında Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü, eləcə də sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü, oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası, noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı və nəhayət, noyabrın 24-də Azərbaycanın təşəbbüsü ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü, eləcə də digər qlobal forumlar, qarşılıqlı xarici səfərlər və imzalanan sənədlər Azərbaycanın artan rolu və möhkəmlənən mövqeyinin göstəricisidir.

        

İl ərzində gözlənilən ən mühüm məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması məsələsi idi. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının yaydığı birgə açıqlama isə sülh və etimad quruculuğu işinə olan ümidləri xeyli artırır, 30 ildən artıq müddətdən sonra heç bir vasitəçi olmadan verilən bu ilk bəyanatla hər iki ölkə regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Bu da düşünülmüş və uğurlu konstruktiv Azərbaycan diplomatiyasının, şəxsən ölkə başçısı İlham Əliyevin böyük uğurudur.

 

Birgə açıqlamada bəyan olunan qarşılıqlı surətdə əsirlikdə saxlanılan hərbi qulluqçuların azad olunması prosesinin artıq dekabrın 13-də uğurla həyata keçirilməsi isə yüksək siyasi iradənin təzahürü, sözü də imzası qədər dəyərli olan güclü liderin növbəti qələbələrindən biridir.

 

Lokal antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin Azərbaycana qarşı əsassız ittihamlarına baxmayaraq, son günlərdə ölkəmizin əldə etdiyi növbəti böyük uğurlarından biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un gələn il Azərbaycanda keçirilməsinə dair beynəlxalq birliyin verdiyi yekdil qərardır. Bu qərar Azərbaycana və onun müstəqil siyasət yürüdən rəhbərliyinə göstərilən böyük ehtiram və hörmətin, qazandığımız nüfuzun və güclü mövqenin göstəricisidir.

        

Beləliklə, 2023-cü ili Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərini bir daha təsdiq etdiyi, ikiqat zəfər qazandığı bir il, qarşıdan gələn 2024-cü ili isə sülh və firavan gələcək dövrü kimi xarakterizə etmək olar. Şübhəsizdir ki, növbəti ilin 7 fevralında keçiriləcək Prezident seçkilərində xalqımız bir daha milli birliyi, tərəqqini, qüdrətli dövlət və yüksək rifah cəmiyyətini seçəcək.

 

Taleh MİRZƏYEV,
ADPU-nun redaktoru