Məktəbli startapçıların uğur hekayələri


Məlum olduğu kimi, artıq bir ildən çoxdur ki, Bakı məktəblərində “Məktəbli startapçılar” layihəsi reallaşdırılmaqdadır. 2022-ci ilin mart ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı tərəfindən start verilən “Məktəbli startapçılar” adlı layihədə paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunur. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə məlumat verirlər.

 

“Azərbaycan müəllimi” qəzeti olaraq Bakı məktəblərinin istedadlı startapçılarını və onların layihələrini ictimaiyyətə daha yaxından tanıtmaqda davam edirik.

 

“Gələcək hədəfimiz şagirdlərlə birgə daha maraqlı layihələrlə yüksək nailiyyətlər əldə etməkdir”

 

Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin STEAM laborantı Natəvan Aslanova ixtisasca kimyaçıdır və 2023-2024-cü tədris ilindən “Məktəbli startapçılar” layihəsinə qoşulduqlarını bildirir: “Bildirmək istəyirəm ki, startap layihəsi şagirdlərdə çox böyük marağa səbəb olur və şagirdin ideyalarını, düşüncələrini reallaşdıra biləcəyi bir biznes planının hazırlanması deməkdir. İlkin mərhələdə biz şagirdlərə startap, biznes planı anlayışı ilə bağlı məlumatlar veririk. Şagirdlərə müəyyən bir ideya verilir, onun necə reallaşdırılması üçün plan qurulur. Startapçılar kreativ düşüncə bacarığına sahib olmaqla digər şagirdlərdən fərqlənirlər. Məktəbimizdə istedadlı, bacarıqlı uşaqların sayı çoxdur və startapçılarımız əsasən elektronika, mühəndislik sahələrinə böyük maraq göstərirlər. Mən “MYSTERİUS TEAM” komandasının mentoruyam və 3 nəfərdən ibarət üzvü olan komandamla FLL (First Lego League) kateqoriyası üzrə Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak etmişik. Gələcək hədəfimiz şagirdlərlə birgə daha maraqlı layihələrlə beynəlxalq müsabiqələrdə yüksək nailiyyətlər əldə etməkdən ibarətdir”.

 

“Beynəlxalq arenada öz kreativ və yaradıcı ideyalarımı tətbiq etmək ən böyük arzumdur”

 

Elnur Fətəliyev Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin 10 a sinfində oxuyur. Ən sevdiyi fənlərin riyaziyyat, informatika və fizika olduğunu deyir: “Mənim uşaqlıqdan Lego konstruktor oyuncaqlarına böyük marağım olub və elə uşaqlıqdan həmişə böyük yarışlarda iştirak etmək istəmişəm. Bunun ilk səbəbkarı anam, daha sonra isə təhsil aldığım məktəbin STEAM müəllimləri olub. Vəfa xanım, Xatirə xanım, Vüsalə xanım, Nərgiz xanım və Lütviyyə xanım ilə birlikdə müxtəlif illərdə STEAM və FLL yarışlarına qatılmışıq. 2017-ci ildə 3-cü sinifdə oxuyarkən ilk qatıldığım müsabiqə BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin “Birinci sinifdən proqramlaşdırmanın tədrisi” layihəsi olub. Layihə çərçivəsində təşkil edilən “Ən yaxşı Scratch hekayəsi” müsabiqəsində fəal iştirak etdiyimə görə sertifikata layiq görülmüşəm.

 

Mən SAF 2021-də SUMO yarışmasında, 18-19 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, ADA Universiteti və “Edumedia-Azərbaycan” şirkəti tərəfindən təşkil edilmiş “City Shaper” mövzulu FİRST LEGO LEAGUE Azərbaycan yerli turnirində uğurla iştirak edərək sertifikatlarla təltif olunmuşam. 24-25 dekabr 2022-ci il tarixlərində Elm və Təhsil Nazirliyinin, ADA Universiteti və “Mars Academy” MMC tərəfindən təşkil edilmiş “Smart City” mövzulu “RoboGames 2022” müsabiqəsində iştiraka görə təşəkkürnamə almışam. FİRST LEGO LEAGUE Challenge 2022-2023 Azərbaycan turnirinin “Robot dizayn” kateqoriyasında komanda olaraq 3-cü yer tutduğumuza və final mərhələsində uğurlu iştirakımıza görə sertifikata layiq görülmüşük. Bu il isə “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalına FLL Challenge (Off-Season) kateqoriyası üzrə “MasterPiece”(şedevr, şah əsəri) layihəsi ilə komanda rəhbəri olaraq qatılmışam. Layihəmizin mövzusu isə çirkli suların təmizlənməsi ilə bağlı idi.

 

Mən gələcəkdə seçdiyim ixtisasa uyğun həm yerli, həm də beynəlxalq yarışlara qatılmağı düşünürəm. Ən böyük arzum beynəlxalq arenada öz kreativ və yaradıcı ideyalarımı tətbiq etməkdir. Məktəbi bitirdikdən sonra ölkəmizin aparıcı universitetlərindən birində İT, mühəndislik üzrə təhsil almaq istərdim. Gələcəkdə isə dünyanın nüfuzlu ali məktəblərinin birində təhsilimi davam etdirməyi düşünürəm. Məktəblilərə tövsiyəm ondan ibarətdir ki, özgüvənlərini hər zaman yüksək tutsunlar və məqsədlərinə çatmaq üçün ancaq irəli baxsınlar. Komanda ruhu hər zaman ilk planda olmalıdır”.

 

“Robot texnologiyasının inkişafına da öz töhfəmi verməyi çox istərdim”

 

144 nömrəli tam orta məktəbin 9 a sinif şagirdi Zakir İsgəndərov idman, riyaziyyat və informatika fənlərini çox sevdiyini deyir. İnsana bənzər robotlar düzəltdiyini diqqətə çatdıran Zakir bu marağın onda uşaqlıqdan baş qaldırdığını və Natəvan müəllimin mentorluğu ilə daha da inkişaf etdiyini bildirir: “Mən “MYSTERİUS TEAM” komandasının bir üzvüyəm. Layihəmiz leqodan silahlar düzəltməkdən ibarət idi və bizim komandamızın üzvləri vətənpərvərlik ruhunda seçilən əsgər geyimində yarışa qatılmışdı. Artıq yeni ideyalar üzərində də işləməyə başlayırıq. Mənim arzum ali təhsil alaraq peşəkar mütəxəssis olmaq, dövlətimiz üçün, işğaldan azad edilmiş ərazilərimiz üçün faydalı layihələr həyata keçirməkdir. Mən riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda iştirak edərək uğurlu nəticələr qazanmışam. Gələcəkdə ali təhsilimi Bakı Dövlət Universitetində davam etdirmək və riyaziyyatçı olmaq niyyətindəyəm. Eyni zamanda ölkəmizdə robot texnologiyasının inkişafına da öz töhfəmi verməyi çox istərdim”.

 

Lamiyə ƏLİMƏRDANOVA