Naxçıvan Dövlət Universitetində fakültələrarası voleybol turnirinə start verilib. Universitetin rektoru, AMEA-nın muxbir üzvü Saleh Məhərrəmov yarışların açılışında ali məktəbin idman sahəsindəki uğurlarından bəhs edib. Qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin hərbi-vətənpərvərlik ruhunda, mənəvi və fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirən rektor yarış iştirakçılarına uğurlar arzulayıb.

 

“Bədən tərbiyəsi və idman” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, idman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, universitetdə tələbələrin idmanla məşğul olması könüllülük prinsipinə əsaslanır.  Bunun üçün universitetdə yaradılan idman klubunda 13 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir.

 

Oyunlar püşkatma ilə müəyyən olunub. Turnirə Xarici tələbələrlə iş üzrə dekanlıq və Pedaqoji fakültənin komandalarının oyunu ilə start verilib.