Dünya Bankının təhsil üzrə qlobal direktoru Luis Benveniste “Yeni çağırışlar”da


“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı Dünya Bankının təhsil üzrə qlobal direktoru Luis Benveniste olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 10 yanvar 2024-cü il tarixində yayımlanan ilk bölümündə Luis Benveniste ilə “Beynəlxalq müqayisəli təhsil” mövzusunda danışılıb.

 

“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.

 

Əsas ideya

 

Luis Benveniste uzun illər Dünya Bankında müxtəlif vəzifələrdə işləyib, Harvard Universitetinin psixologiya üzrə bakalavr, Stanford Universitetinin isə beynəlxalq müqayisəli təhsil üzrə doktorantura dərəcələrinə yiyələnib. Proqramın girişində uşaq bağçasındakı ilk müəllimini xatırlayan qonaq həyatda qazandığı uğurlarda müəlliminin ona aşıladığı maraqcanlılıq hissinin böyük rol oynadığını vurğulayıb. Ətrafı kəşf etmək, yeniliklərə  açıq olmaq kimi keyfiyyətlər onda elmə olan həvəsi artırıb və o, sonradan peşəkar həyatında bu keyfiyyətləri özündə davam etdirib. L.Benveniste deyib: “Maraqcanlılıq bir toxumdur və onu səpdikdən sonra səmimiyyət, açıq münasibətlər, yenilikçilik, innovativlik, kəşfə olan maraq kimi hisslərin sonradan bəhrəsini görürsünüz”.

 

Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən qonaq qeyd edib ki, təhsil öz-özlüyündə imkanları asanlaşdıran, gerçəkləşdirən köməkçi bir vasitədir. Təhsil tədqiqatçısının sözlərinə görə, daha qlobal miqyasda təhsil körpələr, uşaqlar arasında ölüm səviyyəsini azaldır və bir sıra digər müsbət nəticələr hasil olur. Təhsilin sosial fenomen olduğunu və onun cəmiyyətdə yaratdığı müsbət təsirləri götürdükdə insanlar arasında yoxsulluğun azaldılması müşahidə edilir. Təhsil elə bir vasitədir ki, bilik və savad, bacarıqların formalaşmasını təmin edir və bu bacarıqlar vasitəsilə daha yaxşı iş şəraiti formalaşır.

 

Öyrənmə yoxsulluğu

 

Dünya Bankının tədqiqatlarında və şəxsi yazılarında yer alan “öyrənmə yoxsulluğu” anlayışına aydınlıq gətirən L.Benveniste bildirib ki, burada söhbət 10 yaşına çatmış və oxumağı, yazmağı bacarmayan, təməl bacarıqlara sahib olmayan uşaqlardan gedir. Aşağı və orta gəlirli ölkələrdə say etibarilə belə uşaqlar ümumi uşaqların 3/2-ni təşkil edir və bu, kifayət qədər böyük saydır. Qonaq qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı bir sıra mənfi fəsadlar, məktəblərdə müəllimlərin fəaliyyətində baş verən pozuntular nəticəsində öyrənmə yoxsulluğu sahəsində vəziyyətin daha da pisləşməsi müşahidə edilir və aparılan tədqiqatlara əsasən bu göstərici 2022-ci ildə 17 faiz daha da kəskinləşib. “Oxu və riyazi savaddan danışırıqsa, bu, böyük bir binanın kərpicləri, təməl daşlarıdır. Təməl daşlar yerində olmayacaqsa davamlı, dayanıqlı, sarsılmaz bir tikili haqqında danışa bilmərik. Söhbət fundamental bacarıqların təmin olunmasından gedir ki, onun üzərində növbəti bilik və bacarıqlar formalaşır. Nəticə etibarilə millətə, ölkəyə gərəkli olan işçi qüvvəsinin, məhsuldar qüvvənin formalaşmasında olan çatışmazlıqlardan danışırıq”, - cənab Benveniste deyib.

 

Keyfiyyətli öyrənmə

 

Dünya Bankının təhsil üzrə qlobal direktoru diqqətə çatdırıb ki, günümüzdə 250 milyondan çox uşağın təhsilə çıxışı ya yoxdur, ya da məhdudlaşdırılıb. Bu isə çox önəmli amildir, çünki sosial durumundan, sağlamlıq statusundan, etnik kimliyindən asılı olmayaraq bütün uşaqların təhsilə çıxışı təmin olunmalıdır. Digər vacib elementlər olaraq qonaq təsirli, səmərəli öyrənmə və tədrisi qeyd edərək artıq tələbəyönümlü təhsilə çoxdan keçməyin vaxtı olduğunu bildirib. Benvenistenin fikrincə, tədris interaktiv olmalı, şagird və tələbələrdə kritik düşüncə, problemlərin həll olunması, ömürboyu öyrənmə bacarıqları təşviq, təbliğ olunmalı, aşılanmalıdır, təhsilin istənilən formatda istənilən keyfiyyəti təmin etməsi üçün dəstəkləyici öyrənmə mühiti formalaşmalıdır.

 

Təhsil tədqiqatçısı çox vacib olan kurikulum məsələsinə toxunaraq tədris proqramının, planının uyğun şəkildə qurulmalı olduğunu deyib: “Nəticə etibarilə biz bu planı keyfiyyətli şəkildə ölçməyi bacarmalıyıq, qiymətləndirmə baş verməlidir. Kritik düşüncə, problemləri həll etmək, ünsiyyət, kommunikasiya bacarıqları ön plana çıxdığı üçün bu sual zamanımızda aktuallığını qazanmış olur. Dərs zamanı fəal öyrənmə təmin olunmalı, şagirdlərdə praktiki məşğələlərdə fəal şəkildə iştirak etmək, ünsiyyət qurmaq, mübadilə etmək, kollektiv şəkildə qoyulmuş problemləri həll etmək kimi bacarıqlar, yaradıcı yanaşma kimi keyfiyyətlər formalaşmalıdır. Məzmun və prosesin şagirdlər tərəfindən daha yaxşı başa düşülməsi üçün artıq dərslərin saathesabı ölçülməsi ilə deyil, səriştəəsaslı yanaşma istifadə olunmalıdır. Odur ki, anlamlı təcrübənin formalaşması üçün biz müəllimlərə dəstək olmalı, onları keyfiyyət baxımından gücləndirməliyik. Söhbət ixtisasartırmadan, müəllimlərin bilik və səriştələrinin gücləndirilməsindən, texniki vasitələrlə təmin olunmasından gedir ki, onlar bu texniki vasitələrlə həm pedaqoji praktikalarını təkmilləşdirsinlər, digər tərəfdən də qiymətləndirməni uyğun şəkildə həyata keçirsinlər”.   

 

Eyni ölçüdə ayaqqabı

 

Proqramın aparıcısı C.Mənsiminin qonağa ünvanladığı “Təhsil sistemi sanki ayaqqabı ölçüləri fərqli olan insanlara eyniölçülü ayaqqabını geyindirməkdə israrlıdır. Şagirdlərin ayaqqabı ölçüləri fərqli olsa da, niyə hələ də hər şagirdin eyni ölçüdə ayaqqabı istifadə etməsinə israr edirik?” sualını cavablandıran L.Benveniste diqqətə çatdırıb ki, öyrənənlərin müxtəlif öyrənmə, məlumatları qavrama tərzləri, ehtiyacları var. Bütün bunların fonunda onlara vahid bir tədris kurikulumu üzərindən tədris edilir. Bununla şagirdlərin bacarıqlarının maksimuma çatdırılması deyil, onları şablon daxilində tuturmuş kimi bir fikir yaranır. Belə olan şəraitdə təhsil eksperti müəllimin rolunun olduqca önəmli olduğunu, müəllim peşəkarlığını qeyd edib. Qonaq müəllimin müxtəlif səriştələrə yiyələnməsinin önəmini, onun tədris etdiyi prosesin mümkün qədər ətraflı, iştirak əsaslı, şagirdyönümlü olmasının vacibliyini dilə gətirib. Benvenistenin fikrincə, şagirdlərin sosial-emosional dəstəklə təmin olunması, onlara fürsətlərin qazandırılması baxımından müəllimin rolu önəmlidir- hamıya eyni yanaşmadan qaçmaq lazımdır, vahid kurikulum içərisində müəllimlərə sərbəstlik verilməlidir və bacarıqlara yiyələnmək imkanı olmalıdır ki, müəllimlər bu effekti təmin etsinlər.

 

Luis Benveniste məktəb qurarsa

 

Dünya Bankının təhsil üzrə qlobal direktoru bildirib ki, ona həvalə olunsa gələcək karyerasını arzusunda olduğu məktəbin qurulmasına həsr edər. Qonaq həmin məktəbi digərlərindən fərqləndirəcək cəhətlər kimi orada fərdiləşdirilmiş tədrisi, yəni şagirdlərin fərdi ehtiyacları, xarakterik xüsusiyyətləri nəzərə alınmaqla olan tədrisin həyata keçirilməsini, hərənin ehtiyacına uyğun şəkildə təlimatlandırma tələb edilməsini, şagirdyönümlü yanaşma tədris üsullarının tətbiq olunmasını, inklüzivliyin təmin olunmasını, kollektiv şəkildə problemlərin həll edilməsini, multimedia vasitələrindən, qabaqcıl texnoloji vasitələrdən istifadəni, məktəbin infrastrukturunda daha fərqli yanaşmaların tətbiq edilməsini, daha çox açıq sahələr, praktiki məsələlər, kollektiv çalışmalar üçün ərazilər, psixo-emosional dəstək üçün vasitələrdən geniş istifadəni, şagirdlərin özünü tanıması, şagirdlərdə zamanımızda baş verən sarsılmazlıq, kommunikativ keyfiyyətlərin formalaşmasını qeyd edib və bu məqamlara böyük əhəmiyyət verəcəyini diqqətə çatdırıb.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, daha təhsilli gələcək üçün onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında Luis Benveniste aşağıdakı çağırışları səsləndirib: “1.Rəqəmsallıq və texnoloji inteqrasiya. 2.Fərdiləşdirilmiş öyrənmə. 3.Sürətlə dəyişən dünyada qlobal vətəndaşlıq şüurunun, dərrakəsinin formalaşması, empatiya və vətəndaş olmaq məsuliyyəti. 4.XXI əsrin və gələcək illərin çağırışlarına cavab olacaq bacarıqlara sahiblənmə, süni zəka və maşın öyrənməsi. 5.Şagirdlər arasında ekoloji şüur məsələsi.Yəni məktəbdə ekologiya ilə bağlı rəftar və davranışlar, müsbət praktikalar, qlobal iqlim dəyişməsi, fəlakətlər, fövqəladə hallara qarşı dayanıqlılığın formalaşması. 6.Şagird və tələbələrin psixi sağlamlığı, onlarda emosional şüurun formalaşması. 7.Dünya Bankının da gündəmində olan təcrid olunmuş, təhsilə çıxış imkanları zəif olanlar üçün fürsət və imkanların yaradılması. 8.Ömürboyu öyrənmə mentalitetinin formalaşması”.

 

Görüşün sonunda Luis Benveniste uğur qazanmaq istəyən hər kəsə XXI əsrin yaratdığı çağırışların fonunda kritik və təhlili düşüncə, ünsiyyət yaratmaq, əməkdaşlıq və əmək bazarında tələb olunan digər bacarıqlara yiyələnməyi, həyat boyu öyrənməyi, təhsildə olan etnik, gender və digər əsaslı bərabərsizliklərin aradan qaldırılmasını tövsiyə edib.

 

Lamiyə ƏLİMƏRDANOVA