Kərimbəyli kənd tam orta məktəbində "TechnoMan Klub" yaradılıb


Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində fərdi  kateqoriya üzrə qalib olan "TechnoMan" layihəsinin bağlanış mərasimi keçirilib. 

 

Salyan rayon H.Şahbazov adına Kərimbəyli kənd tam orta məktəbinin İnformatika müəllimi Zeynəb Məmmədlinin müəllifi olduğu layihədə əsas məqsəd kənd məktəbi şagirdlərində  robototexnika və mühəndislik sahələrinə aid  bilik və bacarıqlar formalaşdırmaqdan ibarət  olub. Layihədə  "Pilotsuz uçuş aparatları", "3 D çap" və "Micro:bit ilə proqramlaşdırma" modulları üzrə 33 şagird və 4 müəllim iştirak edib, layihə müddətində 28 saatlıq təlimlər təşkil olunub.   

 

Layihənin icra müddəti bitdikdən sonra onun davamlılığını və əhatə dairəsinin genişləndirilməsini təmin etmək məqsədi ilə Kərimbəyli kənd tam orta məktəbində "TechnoMan Klub" yaradılıb. Növbəti aydan fəaliyyətə başlayacaq kluba Kərimbəyli kənd məktəbinin və digər qonşu kənd məktəblərinin  6, 7 və 8-ci sinif şagirdləri cəlb olunacaq. Klubun fəaliyyəti  ilkin mərhələdə cari və növbəti tədris illəri üçün nəzərdə tutulub. 

 

Layihə çərçivəsində məktəbə 1 ədəd 3D Printer, 3 ədəd Micro:Bit kiti və 2 ədəd Dron verilib.