“Şagirdlərimizin qiymətləndirmə, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə etməsi əsas hədəfimizdir”


Zəngilan rayon Ağalı kənd tam orta məktəbi işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ilk məktəbdir. Təhsil müəssisəsində tədrisə 2022-ci ilin sentyabr ayında 62 nəfər şagird və 12 nəfər müəllimlə başlanılıb. “Böyük qayıdış” proqramı çərçivəsində kəndə qayıdanlarla birlikdə məktəbli sayı da artıb. Belə ki, 2022/2023 -cü tədris ilini 97 şagirdlə başa vuran kənd məktbində hazırda 142 şagird təhsil alır.

 

“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Şəhla İsmayılova bildirib ki, burada fəaliyyət göstərən müəllimlərin də sayı artaraq 15 nəfərə çatıb.

 

Tədris ilinin ikinci yarımilinə hazırlaşan məktəbin vacib hədəfləri var: “Bu tədris ilində əsas hədəfimiz şagirdlərimizdə yüksək bilik və bacarıqlar formalaşdırmaq və bu məqsədlə onların rayon fənn olimpiadalarında uğurla iştirakını təmin etmək, IV, IX və XI sinif şagirdlərimizin qiymətləndirmə, buraxılış və qəbul imtahanlarında yüksək nəticələr əldə etməsidir. Hər məktəb kimi bizim də başlıca hədəflərimizdən biri daha çox məzunumuzun ali təhsil müəssisələrinə qəbul olunmasıdır”.

 

Məktəb təşkilatçısı müəllim və şagird kontingentinin innovativ təlimlərdə, layihələrdə iştirakının da məktəb üçün vacib olduğunu qeyd edib: “Məzunlarımızı, sadəcə ali təhsil müəssisələrində görməyə çalışmırıq. Bununla yanaşı, müxtəlif bacarıq və vərdişləri mənimsəmələrinə çalışır, onları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq istəyirik”.

 

Ən böyük hədəfləri isə məsuliyyətli vətəndaş yetişdirməkdir: “Azərbaycan xalqının dəyərlərinə, o cümlədən ümumbəşəri dəyərlərə, insan hüquqları və azadlıqlarına hörmət edən, azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə sahib, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirməyə çalışırıq”.

 

Ruhiyyə DAŞSALAHLI