Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsindən reportaj


Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Effektiv kommunikasiya” seminar-təlimində təhsildə müxtəlif fəaliyyət və dəyişikliklərin yer aldığı, Fəaliyyət Planına çevrilərək icraya yönəldildiyi, icra vəziyyətinin izlənildiyi, islahatların icrasına dair məlumatların toplandığı və hesabat şəklində ortaya çıxarıldığı şöbənin - Strateji planlaşdırma və icraya nəzarət şöbəsinin fəaliyyəti ilə bağlı təqdim edilən informasiya media üçün, demək olar ki, yeni idi.

 

Elm və Təhsil Nazirliyində həyata keçirilən bütün fəaliyyətlərlə birbaşa bağlı olan şöbə ilə daha yaxından tanış olduq.

 

Elm və Təhsil Nazirliyi bütün təhsil sistemini əhatə edən vahid plan əsasında fəaliyyət göstərir. Qurumun fəaliyyətini əks etdirən plan illik hazırlanır. İndiyədək bunu “Strateji planlaşdırma və koordinasiya sektoru” adı altında birləşən komanda hazırlayıb. Bu ildən həmin komanda Nazirliyin xarici hesabatlılığına məsul Hesabatvermə və icraya nəzarət sektoru ilə birgə böyüyərək 2 sektordan ibarət şöbəyə çevrilib.  Şöbəyə Leyla Xəlilova Rzazadə rəhbərlik edir.

 

Strateji planlaşdırma və koordinasiya sektorunda

 

Şöbədə gender bərabərliyi qadınların xeyrinə dəyişib. Strateji planlaşdırma və koordinasiya sektorunda iş başında gənc xanımlardır. Hər biri xaricdə təhsil alan, özünü qiymətləndirməyi bacaran, işini sevən gənc, dinamik kadrlardır. Əsasən təhsil olmaqla müxtəlif fəaliyyət sahələrində çalışıb təcrübə qazanıblar. Bu sayədə əldə etdikləri bacarıqlar indi təhsilin idarəetməsində onların karına gəlir. Məsələn, sektorun böyük məsləhətçisi Xuraman Mahmudova sektor yaranan gündən burada fəaliyyət göstərir. O, sektorun işinə olan zərurəti belə izah edir: “Təhsildə baş verən proseslərə kənardan nəzarət və baş verənlərlə bağlı rəhbərliyin məlumatlandırılması məqsədilə sektorumuz fəaliyyətə başladı. Daha sonra müəyyən layihələrin idarə olunması, rəhbərlik səviyyəsində keçirilən görüşlərin izlənilməsi, görüşlər zamanı verilən tapşırıqların tərəflərlə müzakirəsi, geri dönüşlər, bir sözlə, proseslərin izlənməsi üçün fəaliyyət göstərən bir struktura çevrildi”.

 

Mütəmadi olaraq Nazirliyin fəaliyyəti ilə bağlı hesabatlar və icmallar hazırlanır, həm rəhbərliyə, həm də proses iştirakçılarına təqdim edilir. Strategiya və hədəflərə uyğun hazırlanan Fəaliyyət Planının icrası izlənilir, hesabatı hazırlanır, xüsusi riskli məsələlərlə bağlı aylıq icmallar tərtib edilir.

 

Komandanın iş bölgüsü

 

Sektor Fəaliyyət Planının hazırlanması və proseslərə nəzarət formatında fəaliyyət göstərir. Leyla Xəlilova Rzazadənin sözlərinə görə, iş prosesində mahiyyəti dəyişərək məsuliyyəti artan sektor hazırda strateji planlaşdırma, Fəaliyyət Planının hazırlanması və onun icrasına nəzarət, həmin proseslərin hesabatlılığının təmin olunması, müxtəlif platformalarda müzakirəsi ilə məşğuldur: “Təhsil böyük sistemdir və onun çox sayda aktorları var. Nazirliyin struktur bölmələri, Agentliklər, başqa tabe qurumlardan daxil olan təkliflər bu şöbədə toplanır, sonra gediləcək yolun planı, xəritəsi hazırlanır, qoyulan hədəflərə çatmaq üçün keçiləcək mərhələlər müəyyən edilir. Prosesin gedişatında hansı mərhələnin uğurlu olduğu, harada çətinliklər yarandığı aşkarlanıb bu barədə müvafiq qaydada müzakirələr aparılır, prosesin hesabatları hazırlanır”.

 

Leyla Xəlilova Rzazadə qeyd edir ki, əvvəl  rəqəmlərə əsaslanan işləri daha da dərinləşib: “Təcrübəmiz artdıqca, proseslərin içərisinə daxil olduqca keyfiyyətcə, məzmunca daha dərinə enə bildik”.

 

Bunu edərkən hər kəsin öz sahəsi formalaşıb. Məsələn, Xuraman Mahmudova məktəbəqədər və ümumi təhsillə bağlı məsələlərlə məşğul olur. Komandanın digər üzvləri İlhamə Qasımzadə Yılmaz ali təhsil və elm istiqaməti üzrə, Ruziyyə Məmmədova isə peşə təhsili sahəsində püxtələşib.

 

Sektorun məsləhətçisi İlhamə Qasımzadə Yılmaz hesab edir ki, təhsilləri, təcrübələri, işə yanaşmaları şöbənin fəaliyyətinə yeni nəfəs gətirməyə imkan verir: “Gördüyümüz işdə təcrübədən başqa yanaşma tələb olunur. Bu yanaşma standartdan kənar, daha innovativ olmalıdır”.

 

Nazirliyin məlumat bazası

 

İş bölgüsündə şöbə müdiri Leyla Xəlilova Rzazadənin “Nazirliyin məlumat bazası” adlandırdığı Hesabatvermə və icraya nəzarət sektorunun əməkdaşlarının da üzərinə böyük məsuliyyət düşür. Sektor 2018-ci ildə yaradılıb və ölkə Prezidentinin fərman və sərəncamları ilə təsdiq olunan  strategiyaların, strateji yol xəritələrinin, dövlət proqramlarının icrasına nəzarət edir. Sektorun müdiri Yaşar Zeynalovun sözlərinə görə, görülmüş işlər barədə məlumatların toplanması, təhlili, hesabatların hazırlanması və aidiyyəti üzrə təqdim olunması, müqayisəli təhlil əsasında əldə olunmuş məlumatların dövlət monitorinq portallarına daxil edilməsi onların əsas işidir. Bundan əlavə, dövlət proqramlarının, strategiyaların, fəaliyyət planlarının, fərmanların, sərəncamların, dövlət başçısının və Birinci vitse-prezidentin tapşırıqlarının icra vəziyyətinin yoxlanılması ilə əlaqədar tələb olunan məlumatları da Prezident Administrasiyasına təqdim edirlər. Qurumlardan daxil olan sənədlərin, Nazirliyin fəaliyyət əmrlərinin icrasına nəzarət funksiyasını da öz üzərinə götürən sektorda təhsil sahəsi üzrə Tədbirlər Planlarının və fəaliyyət əmrlərinin hazırlanması da həyata keçirilir.

 

Əsas işi sənədlərlə bağlı olan sektor əməkdaşlarının qarşısına bəzi çətinliklər də çıxır: “Kəsişən bəndlər olur. Onları uyğunlaşdırıb təqdim edirik.Vaxtilə hazırlanmış sənədlərdə belə hallara daha çox rast gəlinir. Qurumlararası yazışmalar, razılaşmalar vaxt aparır və belə gecikmələr də bizim işimizin çətinlikləri sırasındadır”.

 

Növbəti illər üzrə strateji plan və fəaliyyət planlarında  nəticəyönümlü idarəetmə prinsiplərinə əsaslanan yanaşma tətbiq olunacaq

 

Onlar hazırda 2024-cü ilin Fəaliyyət Planını hazırlayırlar və əllərində özlərinin hazırladığı analoji sənəd də var: “Fəaliyyət Planı-2023”, əsasən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və digər dövlət əhəmiyyətli strategiyalar, strateji yol xəritələri, konsepsiyalar, dövlət proqramlarına istinadən hazırlanıb. 2024-cü ildən etibarən nəticəəsaslı idarəetməyə keçidin təmin edilməsi fəaliyyətin planlaşdırılmasına yeni yanaşma və baxışlar müəyyən edir”.

 

Təklif olunan yeni modelin icrası beynəlxalq təcrübəyə əsaslanır, sadəcə institusional nəzarəti deyil, həmçinin funksional nəzarəti özündə ehtiva edir. Leyla Xəlilova Rzazadənin sözlərinə görə, 2013-cü ildə qəbul edilən təhsilin inkişafı strategiyası hələ də ETN-də əsas sənədlərdən biri olaraq qalır, eyni zamanda fərman və sərəncamlar, bir sıra qanun və qaydalar, müəyyənləşdirilmiş strategiyalar da təhsildə verilən qərarların istinad nöqtəsi ola bilir.

 

Fəaliyyət Planının hazırlanması və monitorinqlərin aparılması 2021-ci ildən etibarən yeni adı ilə Strateji planlaşdırma və koordinasiya sektorunda həyata keçirilir. 2023-cü ildə ilk dəfə olaraq Fəaliyyət Planının həyata keçirilməsi məqsədilə rəhbərliyin və məsul tərəflərin iştirakı ilə silsilə görüşlər keçirilib, hədəflər, nəticə meyarları, büdcə və s. ilə bağlı birgə qərarlar verilib, sənədə dair təkliflər toplanaraq nəzərə alınıb.

 

Öyrənmək bitməyən bir prosesdir

 

Təhsillə yanaşı, özlərini də təkmilləşdirən komanda nəticəyönümlü idarəetmənin həyata keçirilməsinə hazırlıq məqsədilə təlimlər keçir.  “Bizim şöbənin təşəbbüsü ilə reallaşan təlimlər artıq başlayıb”, - deyən şöbə müdirinin sözlərinə görə, onlar daim öz üzərlərində işləyir: “Təhsil kimi daim yenilənən və dinamik bir sahə ilə ayaqlaşmaq üçün daim öz üzərimizdə çalışmalıyıq. Ona görə təlimlərə qatılır, kurslarda iştirak edirik”.

 

Özləri də bir sıra təlimlərin təşkilatçısı olan şöbə əməkdaşları beynəlxalq səfərlərdə olur, tədbirlərə qatılır, xarici ekspertlərdən dəstək alırlar: “Öyrənmək bitməyən bir prosesdir”.

 

Daim dəyişən, yenilənən təhsillə başqa necə ayaqlaşmaq olar? Demək olar ki, hər gün yeniliklər qeydə alınır. Daim özünü hazırlayan, hər yeniliyə açıq olan, yenilikləri işinə gətirən komanda Nazirliyin Fəaliyyət Planına və həyata keçirdiyi islahatlara bir şöbənin deyil, bütün Nazirliyin ümumi işi kimi baxır: “Biz bu prosesi bütün Nazirlik sistemini əhatə edən bir proses kimi görürük. Bu, Nazirlik sisteminə aid olan hər bir aktorun iştirakı vacib olan açıq prosesdir və  çevik yanaşma tələb edir. Elm və Təhsil Nazirliyinin Strateji planlaşdırma və icraya nəzarət şöbəsi uyğunlaşma və innovasiyanın mayakı kimi dayanır. İrəlilədikcə dəyişikliyi qəbul etmək metodoloji yanaşmamızın əsas aspektidir və komanda dəyişikliyin passiv müşahidəçisi deyil, hər yeni təşəbbüslə gələcəyi formalaşdıran fəal iştirakçıdır. Yeniliklərə açıqlıq bizim iş mədəniyyətimizə kök salmış bir fəlsəfədir. Biz hər bir yeniliyin, hər bir islahatın təhsildə mükəmməlliyə nail olmaq üçün bir addım olduğu gələcəyə doğru getməyə hazırıq”.

 

Ruhiyyə DAŞSALAHLI