“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin ərazilərdə məktəb infrastrukturu yenidən qurulur


Hər il ölkəmizdə məktəb infrastrukturunun yaradılması istiqamətində çox mühüm işlər görülür. Ötən ildə tikilən və ya əsaslı təmir edilən məktəblər siyahısına yeniləri də əlavə edilib. Ancaq ən böyük proses və sürətli iş Qarabağda, işğaldan azad olunmuş ərazilərdə aparılıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yenidən qurulan obalarda müasir yaşayış binaları ilə yanaşı, yaraşıqlı, tam təchizatlı məktəblər də ucaldılıb.

 

Ağalı kənd məktəbi ilə başlayan QAYIDIŞ

 

Məlum olduğu kimi, Zəngilan rayon Ağalı kənd tam orta məktəbi Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayan ilk məktəbdir. Təhsil müəssisəsi 288 şagird yerlik olmaqla tədrisə 2022-ci ilin sentyabr ayında 62 şagird və 12 müəllimlə başlanılıb. Müvafiq Dövlət Proqramı çərçivəsində kəndə qayıdanlarla birlikdə məktəblilərin sayı da artıb. Belə ki, 2022/2023-cü tədris ilini 97 şagirdlə başa vuran kənd məktəbində hazırda 142 şagird təhsil alır və müəllimlərin də sayı artaraq 15 nəfərə çatıb. Eyni zamanda, Ağalı kəndində 60 yerlik uşaq bağçası da fəaliyyət göstərir.

 

2023-cü ildə “İlk zəng”i çalınanlar

 

Bir il öncəsindən fərqli olaraq, 2023-cü ildə fəaliyyətə başlayan məktəb sayı artıb. Elm və təhsil naziri Emin Əmrullayev 2023/2024-cü tədris ilinin sonuna qədər tikiləcək məktəb binalarının da, şagirdlərin də sayının artacağını hələ tədris ilinin əvvəlində açıqlayıb: “2023/2024-cü tədris ilində işğaldan azad olunmuş ərazilərdə 6 məktəb fəaliyyət göstərəcək. Həmin məktəblərdə ümumilikdə 780 şagird təhsil alacaq və onlara 94 müəllim dərs deyəcək”.

 

İşlər plana uyğun gedib və bu tədris ilində Laçın, Füzuli və Tərtər rayonlarında uzun illərdən sonra məktəb zəngləri səs-səsə verib.

 

2023-cü ildə ilk fəaliyyətə başlayan Tərtər rayonu Talış kənd tam orta məktəbində təmir-tikinti işləri nəzərdə  tutulduğu vaxtda başa çatıb. 144 şagird yerlik ikimərtəbəli məktəb binasının dam örtüyü tamamilə yenilənib, kommunikasiya sistemləri yenidən qurulub. Bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Məktəb binası 8 sinif, tibb və müəllimlər otaqları, akt zalı və kitabxanadan ibarətdir. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü futbol və idman meydançaları qurulub. Burada 2023-cü ilin mart ayında 24 şagird üçün məktəb zəngi çalınıb. Eyni zamanda, Talış kəndində 78 yerlik uşaq bağçası da fəaliyyət göstərir.

 

“Bilik Günü” üçün də hazırlığı tamamlanan məktəblər vardı. İlk dəfə zəngi çalınan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin öz xalqı adından hədiyyəsi olaraq inşa edilən 960 şagird yerlik Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə bu tədris ilində 123 şagirddən ibarət 11 sinifdə 15 müəllimlə dərslərə başlanılıb. Dövlət Proqramı çərçivəsində Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsi ilə məktəbdə şagirdlərin də sayı artıb. Məktəbin direktoru Həcər Mahmudova “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib ki, artıq təhsil müəssisəsində şagirdlərin sayı 336 nəfərdir. Məktəbəhazırlıq qrupu da nəzərə alınmaqla 12 sinifdə tədris təşkil edilib. Lakin artıq 400-dək şagirdimiz var. Belə ki, Elm və Təhsil Nazirliyinin sy.edu.az portalında ölkə üzrə şagird yerdəyişməsi 10 yanvar tarixindən dayanıb, ancaq Füzuliyə həmin tarixdən sonra da köç olub və məktəbimizə şagirdlər gəlib, onların məktəbə rəsmi qeydiyyatı portal açılan kimi həyata keçiriləcəkdir”.

 

“İlk zəng”lə dünyaya səs salan daha bir təhsil ocağı Laçın şəhər 2 nömrəli tam orta məktəbi olub. Müəssisə üçün nəzərdə tutulan binanın layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə ölkə Prezidentinin 2022-ci ilin sentyabrında imzaladığı Sərəncama uyğun aparılan təmir işləri vaxtında yekunlaşıb və ötən ilin avqustunda açılışı olub. Məktəb 2023/2024-cü tədris ilindən fəaliyyətə başlayıb.

 

Laçın rayonunda fəaliyyətə başlayan ikinci məktəb Zabux kəndindədir. Məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ölkə Prezidentinin Sərəncamına əsasən həyata keçirilib. 176 şagird yerlik məktəb binasında aparılan bərpa-gücləndirmə və əsaslı təmir işləri vaxtında başa çatdırılıb və ötən ilin 13 dekabr tarixində Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb. Məktəbdə 35 şagird təhsilə cəlb edilib.

 

İkimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı və tibb otaqları, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur.

 

Şagirdini gözləyən məktəblər

 

Tədrisə başlamaq üçün tam hazır olsa da, hələlik məskunlaşma olmadığından şagirdinin yolunu gözləyən təhsil müəssisələrinin başında Şuşa şəhər 1 nömrəli tam orta məktəbi gəlir. Müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarından biri olacaq məktəbdə təmir-tikinti və təchizat işləri 2023-cü ilin sentyabr ayında başa çatıb. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən ilin noyabrında məktəbin açılışında iştirak ediblər.

 

Qeyd edək ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika kabineti, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin çağırışaqədər hazırlığı otağı, rəsm və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları vardır. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.

 

Müasir tələblərə cavab verən yeni təhsil müəssisəsi Şuşanın bərpa səviyyəsi ilə uzlaşmaqla yanaşı, müvafiq Dövlət Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin ən yüksək standartlara uyğun təhsil almasına xidmət edəcəkdir.

 

Tərtər rayonu Suqovuşan kənd 144 şagird yerlik tam orta məktəbin təmir-tikinti işləri də tamamilə başa çatıb. Bir hektar ərazidə tikilən məktəb binasında 12 sinif otağı, informatika kabineti, 2 laboratoriya, kitabxana, akt zalı, futbol, basketbol, açıq oyun meydançaları yaradılıb. 18 mart 2023-cü il tarixində Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub. Kəndə əhalinin köçürülməsi olmadığı üçün tədrisə başlanılmayıb.

 

Elm və Təhsil Nazirliyi qarşısına qoyulan hədəfə vaxtından əvvəl nail olub

 

Təmir-tikintisini 2023-cü ildə başa çatdırıb istifadəyə verilməsi nəzərdə tutulan məktəblərdə işlər plana uyğun gedib. Elm və Təhsil Nazirliyi qarşısına qoyulan hədəflərə vaxtından əvvəl çatıb. Qurumun Hesabatvermə və icraya nəzarət sektorunun müdiri Yaşar Zeynalovun sözlərinə görə: “İşğaldan azad olunan ərazilərdə 2023-cü ildə 6 məktəbin tikintisini başa çatdırmağı hədəfləmişdik. Tikintisi başlayan müəssisələrdə proses planauyğun aparılıb. Bəzi ərazilərdə məskunlaşma olmadığından məktəblərin tikinti prosesi ləngidilmişdir”.

 

Məsələn, Ağdam şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbdə hazırda tikinti işləri davam edir. Sektor müdirinin sözlərinə görə: “Elm və Təhsil Nazirliyi tərəfindən Ağdam şəhərindəki məktəbin tikintisi 2023/2024-cü tədris ilinin əvvəlinə yekunlaşdırılması nəzərdə tutulsa da  şəhərə məskunlaşma aparılmadığından tikinti işləri ləngidilmişdir. Hazırda isə məktəbin tikinti işlərinin 90 faizi yerinə yetirilib”.

 

2024-cü ilin hədəfləri

 

Tikintisi 2024-cü ildə başa çatacaq məktəblər siyahısında Cəbrayıl rayonunda da 1 məktəb var. Yaşar Zeynalov bildirib ki, regionda Elm və Təhsil Nazirliyindən əlavə digər qurum və təşkilatlar da təhsil müəssisələrinin tikintisi ilə məşğuldur. Belə məktəblərdən biri də Cəbrayıl şəhərində tikilən 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbdir.

 

2021-ci ilin oktyabrında ölkə başçısının təməlini qoyduğu məktəbin tikinti işlərinin 70 faizi yerinə yetirilib.

 

Kəlbəcər şəhəri 960 şagird yerlik tam orta məktəbin binasının da tikintisi davam edir. Burada tikinti işlərinin 15 faizi yerinə yetirilib və 2024-cü ilin sonunadək tamamilə yekunlaşdırılacağı nəzərdə tutulub.

 

Daha bir 960 şagird yerlik tam orta məktəb Zəngilan şəhərində olacaq. Məktəbin layihə-smeta sənədləri hazırdır. Torpaq işlərinə başlanılıb. Hazırda məktəbin tikintisi həyata keçirilir.

 

Şuşa Real Məktəbinin tikinti-bərpa işlərinə 2024-cü ildən başlanılıb. “Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama uyğun olaraq layihə-smeta sənədləri hazırlanıb, tikinti-bərpa işlərinə başlanılıb.

 

Bu il Şuşa rayonu Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəbin layihə-smeta sənədləri hazırlanandan sonra tikinti işlərinə başlanılacaq.

 

Sektor müdirinin sözlərinə görə, hazırda Qubadlı şəhər 600 şagird yerlik tam orta məktəbi və Ağdam şəhər 2 nömrəli 960 şagird yerlik tam orta məktəbi ilə bağlı layihə-smeta sənədləri hazırlanır: “Tikinti işlərinə layihə-smeta sənədləri hazırlandıqdan sonra başlanılacaq. Laçın rayonu Sus və Bəylik kəndləri üçün 132 şagird yerlik məktəbin tikintisi üzrə isə tamamlama işləri icra olunur”.

 

Xankəndi şəhəri Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəb əsaslı təmir edilərək şagirdlərinə qapılarını açacaq.

 

Xocavənd rayonu Hadrut qəsəbə tam orta məktəbin bərpa-gücləndirilmə və əsaslı təmir işlərinin təşkili və istifadəyə verilməsi də bu il ərzində reallaşdırılacaq.

 

Cari ildə daha bir məktəb açılışı Xocalı şəhərində olacaq. Şəhər tam orta məktəbi bu il əsaslı təmir olunacaq.

 

Müasir, innovasiyalara əsaslanan təhsil ocaqları qurulur

 

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqları qurulur. Bu fikri Laçın məktəblisi, müvafiq Dövlət Proqramı çərçivəsində Laçına qayıdan ailələrdən birinin qızı, IX sinif şagirdi Fatimə Mirzəyevanın yeni məktəbi ilə tanışlığı çox maraqlı olub: “Köçəcəyimizi eşidəndə əvvəlcə dostlarımdan, mühitimdən ayrılmağın çətin olacağını düşündüm. Ən əsası isə məktəbim idi. IX sinifdə oxuyuram və artıq gələcək planlar barədə düşünməyin vaxtıdır. Belə bir vaxtda məktəbi dəyişmək məni qorxudurdu. Laçında məktəbimizi gördükdən, müəllimlərimi tanıdıqdan, dərs prosesində iştirak etdikdən sonra fikrim dəyişdi. Məktəbimiz çox gözəl, dərslərimiz keyfiyyətlidir”.

 

Ruhiyyə DAŞSALAHLI