Ziyalı düşüncəsi - gələcək hədəflər


Məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 fevral 2024-cü il tarixli qərarı ilə Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə uyğun olaraq, Qarabağ Universiteti publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək və Xankəndi şəhərində yerləşəcək. Qarabağ Universiteti ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlayacaq. Universitetdə elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması nəzərdə tutulur.  Bundan əlavə, universitet orta ixtisas və əlavə təhsil proqramlarını da həyata keçirəcək.

 

2024-2025-ci tədris ilində universitetdə 1000-ə yaxın tələbənin təhsil alması nəzərdə tutulub. Bakalavr səviyyəsində 5 istiqamətdə 20 ixtisas üzrə tədris aparılacaq. Pedaqoji, iqtisadiyyat, mühəndislik, humanitar və sosial elmlərə aid, incəsənət, turizm sahələri üzrə ixtisaslar tədris olunacaq. Növbəti mərhələdə bu ixtisasların sayı artırılacaq. Ümumilikdə, universitetdə 10 istiqamət üzrə ixtisasların olması nəzərdə tutulur. Növbəti illərdə tələbələrin sayı 10 mindən çox olacaq.

 

Tələbələr birinci mərhələdə dövlət sifarişli təhsil alacaq, müvafiq təqaüd proqramları ilə əhatə olunacaqlar. Tələbələrə yataqxanada qalmaq imkanı da yaradılacaq. Universitetdə ilkin mərhələdə 70 nəfərin işlə təmin olunması gözlənilir. Onların böyük hissəsini akademik şəxslər təşkil edəcək.

 

Bundan əlavə, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması Nizamnamədə nəzərdə tutulur.

 

Azərbaycanın müasir tarixində ali təhsil sahəsində mühüm təşəbbüslərdən olan Qarabağ Universitetinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi elm, təhsil, yaradıcı ictimaiyyət nümayəndələri  tərəfindən böyük məmnunluqla qarşılanıb. “Azərbaycan müəllimi”nə müsahibələrində  onlar Qarabağ Universitetinin yaradılmasını dövlətin ali təhsilin inkişafına diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.

 

Anar İsgəndərov,

Milli Məclisin deputatı, professor

 

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri öz gücünü göstərdi. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız düşməndən azad edildi. Dövlət başçısının bilavasitə yaxından iştirakı və rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda gecə-gündüz bərpa və quruculuq işlərinə başlanıldı. Amma, eyni zamanda Azərbaycan ziyalılarının üzərinə də böyük bir məsuliyyət düşürdü və bu məsuliyyətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzaladı. Bununla da Qarabağ torpaqlarında, yeni bir həyatın, həm də bir ziyalı dönəminin bünövrəsi qoyuldu. Bu nədən ibarətdir?

 

Təbii ki, 2024-cü ildə Qarabağ Universitetində də qəbul keçiriləcək. Tələbələr bu auditoriyanı dolduracaqlar və burada fəaliyyətə başlayan müəllimlər də həm Qarabağın tarixi, həm Qarabağın qəhrəmanlıq mübarizəsini dərsliklərə, tələbələrin beyninə köçürürlər. Eyni zamanda Qarabağın tarixi abidələrinin tədqiqatına başlayırlar. Çünki sovet dönəmində meydan ermənilərə verildi, ermənilər tarixi həqiqətləri təhrif etdilər və Qarabağın güya tarixi erməni torpağı olması haqqında cəfəng düşüncələri dünyaya yaya bildilər. Ona görə də biz həm ermənilərin yaydıqları o mifləri darmadağın etməli, həm də Qarabağın hansı ərazisində İslama qədər və İslam dövrü ilə bağlı dini, tarixi abirədələrimiz varsa onları öyrətməliyik, öyrənməliyik və dünyaya bəyan etməliyik. Bu mənada Qarabağ Universitetində oxuyacaq tələbələr xoşbəxtdir. Çünki Azərbaycan əsgərinin qılıncla, tüfənglə, silahla gördüyünü onlar qələmlə görməlidir. Arxeoloji qazıntısı ilə görməlidir. Bütün dünyaya bir daha bəyan etməlidir ki, Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir. Bu da o deməkdir ki, bu qədim torpağın sahibi bizik.

 

Nazirlər Kabineti tərəfindən Qarabağ Universitetinin Nizamnaməsi təsdiq olunmuşdur. Bu da bir uğurdur və Qarabağ Universitetində işləmək də, oxumaq da böyük məsuliyyətdir. Çünki bu gün Qarabağda müharibə səngisə də, silah səsi gəlmirsə də, amma ideoloji mübarizə hər zaman var. Düşməni birdəfəlik susdurmaq, bu ərazi ilə bağlı onun iddialarına son qoymaq üçün Azərbaycan öz mübarizəsini davam etdirməlidir. Və bu mübarizə, bu missiya isə Qarabağdakı olan müəllimlərin və tələbələrin üzərinə düşür. Əlbəttə ki, Qarabağda təkcə bir ali məktəb yox, gələcəkdə də bir neçə ali məktəblərin yaradılmasına ehtiyac var. Hələlik bu missiyanı Xankəndidəki Universitetimiz öz üzərinə götürür.

 

Mən əminəm ki, bu ali məktəbin Azərbaycanın ən nüfuzlu universitetinə çevrilməsi üçün hər bir Azərbaycan ziyalısı bu işdə öz xeyirxah əlini uzatmalıdır. Qarabağ Universitetində zəngin kitabxananın yaradılması, eyni zamanda tarixi təcrübənin bu əraziyə gətirilməsi, müəllim mübadiləsi keçirilməsi, tələbələrin müxtəlif dillərə malik olması və Azərbaycan həqiqətlərini dünyaya yayması  - bütün bunlar Qarabağ Universitetinin qarşısında duran ən mühüm vəzifələrdən biridir və mən əminəm ki, bu ali məktəb bu məsul işin öhdəsindən gələcəkdir. Çünki Qarabağ bütün dünyaya bəyan etdi ki, mən Azərbaycan torpağıyam. Xanlığı yaradan da təbii ki, Azərbaycan xanıdır.

 

Cümhuriyyət dövründə Qarabağ general qubernatorluğunu yaradan da Azərbaycan dövlətidir. 70 illik sovet dönəmində birmənalı olaraq bu torpaq Azərbaycan torpaqları idi. Amma çox təəssüflər olsun ki, Sovet Rusiyasının yaxından iştirakı və diqtəsi ilə 1923-cü ildə muxtar qurum yaradıldı. Amma bu qurum yarandığı gündən Azərbaycan xalqına düşmən oldu, separatçı mövqeyə sahib oldu.

 

Xoşbəxtlikdən 2023-cü il sentyabrın 19-20-də bu separatçı qurum 100 ildən sonra Azərbaycanın tarixindən silindi. Və Azərbaycan bütövləşdi, Azərbaycanın suverenliyi bərpa olundu. Qarabağ Universitetinin qarşısında duran əsas missiya, xüsusilə tarixçilərin əsas missiyası bu tarixi həqiqətləri dünyaya çatdırmaqdır.

 

 

Rəşad Məcid,

Azərbaycan Mətbuat Şurasının sədri

 

Qarabağ Universitetinin yaradılması mühüm hadisədir. Bu ali təhsil müəssisəsinin yaradılması ilə bağlı ilk sərəncam olanda öz fikrimi bildirmişdim. Orada çalışan müəllimlər barədə danışmışdım, onların əksəriyyəti indi dünyasını dəyişiblər. Amma onların içərisində Raqub Kərimov var ki, professor, elmlər doktoru indi də Qarabağ ədəbiyyatını araşdıran bizim yaxşı bir araşdırmaçımızdır.

 

Mən çox xoş duyğularla Xankəndidə fəaliyyət göstərən universitetin Azərbaycan bölməsində olan müəllimləri xatırlayıram. Öz bacım da həmin universitetdə təhsil almışdır və mən ara-sıra gedib-gəlirdim. Universitetlə tanışlığım var idi. İndiyə kimi Ənvər Əhmədin orda evində olmağını xatırlayırıq. Ənvər Əhməd də orda çalışırdı. Sonralar da o həmin universitetin filialının rəhbəri olmuşdur.

 

Bu, bizim tariximizdə mühüm hadisələrdən biridir. Bu gün də hamı qürur və sevinc hissi ilə nizamnamənin təsdiq olunmasından danışır. Bu universitetdə 10 minə yaxın tələbə oxuyacaq, təqaüdlər veriləcək və çoxlu insanlar can atırlar ki, Xankəndidə Qarabağ Universitetində çalışsınlar.

 

Mən hesab edirəm ki, Qarabağ Universiteti Azərbaycanın səviyyəli, layiqli universitetlərindən biri olacaq və gələcək abituriyentlər, tələbələr orada oxumağa can atacaqlar. Mən uğurlar arzulayıram Qarabağ Universitetinə!

 

Oruc MUSTAFAYEV