I məqalə

 

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda tədqiqat universitetlərinin yaradılması əsas prioritetlərdən biri sayılır. Lakin bir sıra hallarda tədqiqat universitetləri əsas etibarı ilə tədqiqatlar aparan ali məktəb kimi dəyərləndirilir. Təbii ki, biz bu müddəa ilə tam razılaşırıq, tədqiqat universitetlərində elmi tədqiqatların aparılması xüsusi önəm kəsb edir. Lakin fikrimizcə, tədqiqat universitetini məzmun etibarı ilə yalnız elmi tədqiqat aparan müəssisə kimi dəyərləndirmək səhv olardı. Axı universitetin fəaliyyət sahəsində tədris prosesi də önəmli yer tutur. Bu müstəvidə tədqiqat universitetində elmi tədqiqat işlərinin auditoriyaya daxil olması da zərurətə çevrilir. Tədqiqatların auditoriyaya daxil olması iki istiqamətdə mümkündür.

 

Birinci istiqamət: - Tələbələrdə tədqiqatçılıq bacarıqlarının aşılanmasına xidmət edən təlim metodlarının tətbiqi;

İkinci istiqamət: - Məşğələlərdə tələbələrin ən yeni elmi tədqiqat işləri ilə tanış edilməsi;

Üçüncü istiqamət: - Tələbələrin universitetdə aparılan tədqiqat işlərinə cəlb olunması.

 

Tədris prosesi belə təşkil edildikdə ali təhsil müəssisəsi tədqiqat universiteti vəzifələrini tam yerinə yetirmiş olur. 

 

Universitet modelləri

 

Universitet modelinin müəyyən edilməsi cəmiyyətin inkişaf səviyyəsi və təhsilin qarşısına qoyduğu tələblərdən asılıdır. Model dedikdə “universitetdə  tədris prosesinin idarə edilməsinin  təşkili  və reallaşması üsulu” nəzərdə tutulur.  Universitet modelləri müxtəlif prinsiplərə görə bölünə bilər. Universitetlərin aşağıdakı modelləri ayırd edilir: “Universitet 1.0”, “Universitet 2.0”, “Universitet 3.0”, “Universitet 4.0”.  

 

“Universitet 1.0” modeli çərçivəsində universitetlər əsas diqqəti hər hansı bir ixtisas hazırlığı baxımından zəruri olan biliklərin tələbələrə ötürülməsinə yönəldirlər. Bu universitet modeli hələ ilk universitetlər yaradılarkən formalaşıb və uzun dövr ərzində kadr hazırlığı “tələbə nəyi bilməlidir?” sualı müstəvisində həll olunub və zaman - zaman bu kontekstdə öz məzmununu təkmilləşdirə-təkmilləşdirə inkişaf edib.

 

Haşiyə: İlk universitet 1158-ci ildə İtaliyada “Boloniya hüquq məktəbi”nin nəzdində yaranıb, daha dəqiq ifadə etsək, bu təhsil ocağı universitet statusu əldə edib. Lakin buna baxmayaraq, ali təhsil verən məktəblərin tarixi antik dövrə gedib çıxır. Sonra, V əsrdə Konstantinopolda yaradılmış “Auditorium” adlı məktəblər, XI əsrdə Bağdadda fəaliyyət göstərməyə başlamış “Nizamiyyə” mədrəsəsi ali təhsil müəssisəsi kimi tarixin səhifələrinə düşüb. 

 

Əgər müəyyən dövr ərzində hazırlanan kadrın yalnız ixtisası üzrə əldə etdiyi biliklərin çoxluğu və dərinliyi cəmiyyətin inkişafı baxımından qane edirdisə, zaman keçdikcə, kadrın keyfiyyəti onun daha geniş fənlərarası biliklər əldə etməsini tələb etdi. Bu məsələ xüsusən ikinci sənaye inqilabından sonra aktuallaşdı. Artıq hazırlanan kadrlara verilən biliklər məzmunu baxımından daha da dərinləşdirildi. Nəticədə  “Universitet 2.0” modeli yarandı. Bu modeldə müəllimlər tədris fəaliyyəti ilə yanaşı, həm də elmi tədqiqatlara cəlb olunurdular və apardıqları tədqiqatların nəticələrini dərs prosesində tələbələrlə bölüşürdülər.

 

III sənaye inqilabından sonra yeni universitet modelləri yarandı. “Universitet 3.0” və “Universitet 4.0” modelləri cəmiyyətin inkişafını şərtləndirən təhsil müəssisəsinə çevrildilər. “Universitet 3.0” modeli məzmunu etibarı ilə öz sələfindən çox az fərqlənir. Bu təhsil müəssisəsində fərqlilik idarəetmə üsulunda özünü daha çox göstərir, daha səlis desək, bu universitet modeli daha çox sahibkarlıq fəaliyyəti ilə aktualdır, orada müəllimlərin elmi-innovativ fəaliyyətinin kommersiya məqsədlərinə xidmət etməsi üstünlük kəsb edir. Universitet rəhbərliyi müxtəlif təşkilarlarla müqavilələr bağlayır, onların sifarişi əsasında müəllimlər tərəfindən müəyyən layihələr yerinə yetirilir. Həyata keçirilən layihələr həm həmin təşkilatın, həm də universitetin inkişafını şərtləndirir. Universitet əldə etdiyi gəlir vasitəsilə müəllimlərin məvaciblərini artırmaqla yanaşı, həm də universitetin maddi-texniki bazasını müasir dövrün tələbləri səviyyəsində qura bilir. Bu ali məktəblərdə  təhsilin distant formada təşkilinə də önəmli yer verilir. Sevindirici haldır ki, artıq ölkəmizdə fəaliyyətini bu universitet modeli əsasında qurmağa başlayan universitetlər yaranır.  

 

Ali təhsil sahəsində ən yüksək inkişaf  Universitet 4.0 modelində öz təzahürünü tapır. Bəzi müəlliflər bu ali təhsil müəssisəsini Rəqəmsal Universitet kimi də dəyərləndirirlər. Bu universitet modeli III sənaye inqilabından sonra yaransa da, mahiyyəti etibarı ilə zamanı qabaqlayaraq, IV sənaye inqilabına keçid ərəfəsində daha aktual görünür. Belə ki, süni intellektin formalaşmasında, robototexnikanın inkişafında bu universitet modelinin rolu nəhayətsizdir. 

 

Universitet 4.0 modelində təhsildə rəqəmsal texnologiyalar, elmi nailiyyətlər və müasir biznesin tələbləri vəhdət təşkil edərək, universitet həyatına daxil olur. Təhsil öz sələflərinin fəaliyyətindən köklü şəkildə fərqlənərək, yeni məzmun kəsb edir. Burada ənənəvi (oxu: əyani) təhsil distant təhsil ilə bir-birini tamamlayır, təhsildə mentorluq və  adaptivlik artır, əks-əlaqəyə üstünlük verilir, tələbələr müəllimlərlə birlikdə tədqiqat prosesinə cəlb olunurlar.

 

Tədqiqat universitetinin özünəməxsusluqları

 

Tədqiqat universitetinin fəaliyyətində əsasən aşağıdakı istiqamətlər prioritetdir:

 

  • 1. Dövrün tələblərinə uyğun innovativ problemlər istiqamətində tədqiqatların aparılması;
  • 2. Tədrisin tələbələrdə tədqiqatçılıq keyfiyyətlərinin aşılanmasına xidmət etməsi; 
  • 3. Tələbələrin müəllimlərlə birgə tədqiqat prosesinə cəlb edilməsi və s.

 

Bu fəaliyyət istiqamətlərinin həyata keçirilməsi bir neçə məqsədin reallaşmasına xidmət edir:  

 

  • 1. Nəzəri və praktiki biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin hazırlanması;
  • 2. Tələbələrin inkişafı üçün zəruri olan münasib didaktik şəraitin yaradılması;
  • 3. İnnovasiya proqramları və layihələrinin hazırlanması və həyata keçirilməsi məqsədi ilə müxtəlif elmi və istehsalat müəssisələri ilə əlaqələrin yaradılması;
  • 4. Yeni  texnologiyaların yaradılması və yeni məhsul növlərinin  hazırlanması məqsədilə təhsilin elm və istehsalatla vəhdətinin yaradılması və s.

 

Bilik paradiqmasından innovativ təhsil paradiqmasına keçid

 

Qeyd etdiyimiz kimi, universitet 1.0 və universitet 2.0 modellərində biliklərin verilməsi prioritet idi. Hazırlanan kadr istehsalatda fəaliyyət göstərərkən öyrəndikləri bilikləri xatırlamaqla (fikir verin: xatırlamaqla - keçən əsrin 70-80-ci illərinə qədər biliyin xatırlanması işçinin uğur qazanması üçün kifayət idi) qarşısına qoyulmuş tələbləri yerinə yetirə bilirdi. Amma, xüsusən XX əsrin sonlarından başlayaraq cəmiyyətin inkişaf sürəti (hətta bəzi mənbələrə görə bəşəriyyətin qazandığı biliklərin mütləq əksəriyyəti son 30 ildə əldə edilib) bu yanaşmanın məqbul olmadığını göstərdi. Bu o deməkdir ki, universitet 1.0 və universitet 2.0 modellərinə əsaslanan ali təhsil müəssisələrində hazırlanan kadrların cəmiyyətin tələblərini ödəmək imkanları məhdudlaşdı. XX əsrin ikinci yarısının ortalarında artıq elə bir dövr yarandı ki, ali məktəbdə hazırlanan kadrlar təkcə bilikləri xatırlamaqla rəqabətə tab gətirə bilmədilər. İstehsalda yeniliklər edə bilən, tədqiqatçılıq səriştələrinə malik olan işçilərə ehtiyac yarandı və universitetlərin qarşısına yeni tələblər qoyuldu. Bu tələblər bilik paradiqmasından innovativ təhsil paradiqmasına keçidi, yeni paradiqmaya keçid isə universitet 4.0 modelinin aktuallaşmasını şərtləndirdi.  Tədqiqat universitetlərinin təşkili müəyyən şərtlər çərçivəsində mümkündür.

 

I. Təlim üçün münasib şəraitin yaradılması: - Bu şərt, ilk növbədə, “ağıllı auditoriya”ların yaradılmasını aktuallaşdırır. Sevindirici haldır ki, artıq ölkəmizdə bu məsələyə start verilib. Auditoriyalar “ağıllı lövhə”lər, proyektorlar və kompüterlərlə təchiz edilir. Bu auditoriyaların internet şəbəkəsinə qoşulması onların rəqəmsallaşma imkanlarını artırır.

 

Amma müasir təlim konsepsiyalarının tətbiqi auditoriyaların ənənəvi quruluşuna yeniliklər gətirilməsini tələb edir. Başqa sözlə desək, bu gün ali təhsil müəssisələrində informasiyanın ötürülməsində yeni texnologiyalar aktuallaşmışdır. Buna uyğun olaraq, mühazirə, seminar, laborator, praktik və digər məşğələlər öz sərhədlərinin hüdudlarından kənara çıxır. Bu, tələb edir ki, ali təhsil müəssisəsində yeni quruluşlu auditoriyalar yaradılsın. Məsələn, hər hansı bir məsələnin müzakirəsi üçün “dəyirmi masa” olan auditoriya; qrupla tədqiqat və ya layihə metodunun tətbiqi üçün 5-6 “dəyirmi masa”dan ibarət olan auditoriya; qövs şəkilli, yeni tipli mühazirə auditoriyaları; laborator və praktik məşğələlər üçün xüsusi auditoriyalar və s. Təbii ki, bu gün ali məktəblərimizin auditoriya çatışmazlığı ilə üzləşməsi hamıya bəllidir. Belə şəraitdə müxtəlif formalı auditoriyaların yaradılması ehtimalı azalır. Lakin hər bir vaxt olduğu kimi yenə vəziyyətdən çıxış yolu var. Məsələn, quruluşu dəyişdirilə bilən auditoriyalar yaratmaq olar. Belə auditoriyaları qısa müddət ərzində müəllimin keçəcəyi dərsdə tətbiq edəcəyi metodologiyaya uyğun dəyişdirmək mümkündür. 

 

Haşiyə: Bu gün müəllimin tribunadan mühazirə deməsi və ya seminar məşğələlərində tələbələrin mühazirə mətnini öyrənib danışması artıq tarixin arxivinə düşüb. Universitetlərdə məşğələlərin təşkili texnologiyaları çevik xarakter daşıyaraq, rəngarəngliyi ilə fərqlənməlidir. Bu isə auditoriyanın hansı didaktik imkanlara malik olmasından asılıdır.    

 

Amma universitetlərdə tədris təkcə “ağıllı auditoriya”larda və ya laboratoriyalarda təşkil edilməməlidir. Universitetlərdə elmi-tədqiqat institutlarının, layihə təşkilatlarının, konstruktor bürolarının, biznes inkubatorlarının, texnoloji parkların olması da universitet 4.0 modeli çərçivəsində günün tələblərindən birinə çevrilir. Hazırda ali məktəblərimizdə ağıllı auditoriya və laboratoriyaların hazırlanması baxımından müəyyən işlər görülüb. Bəzi ali məktəblərin nəzdində elmi-tədqiqat institutları da fəaliyyət göstərir. Yaxın gələcəkdə universitetlərin nəzdində bu tip müəssisələrin sayının çoxalması nəzərdə tutulur.

 

Konstruktor büroları və biznes inkubatorları yeni anlayışlardır. Onları universitetlərdə təşkil etmək üçün böyük maliyyə resursları tələb olunmur. Əksinə, konstruktor büroları və biznes inkubatorlarının yaradılması universitetlərin maliyyə resurslarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Konstruktor büroları sənayenin müxtəlif sahələri ilə bağlı innovasiya texnologiyalı yeni nəsil cihazların yaradılması, texniki avadanlıqların təkmilləşdirilməsi, yeni modifikasiyaların tətbiqi, biznes inkubatorları isə kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara fəaliyyətlərini səmərəli qurmaq üçün məsləhətlər vermək, hüquq, mühasibat və s. xidmətlər göstərmək məqsədilə yaradılır. Təbii ki, həm konstruktor büroları, həm də biznes inkubatorları müvafiq ixtisaslarla bağlı kadr hazırlayan fakültələrin nəzdində də yaradıla bilər. Onlar öz fəaliyyətlərini kommersiya məzmununda təşkil edərək, həm öz məsləhət və təklifləri ilə istehsalın müxtəlif sahələrinin inkişafına təkan verir, həm də bunun üçün istehsalın tələblərinə müvafiq olaraq, yeni ədəbiyyatları və təcrübələri öyrənirlər. Bu prosesə tələbələrin cəlb edilməsi onların öyrənmə motivasiyasının artmasına təkan verir.

 

Texnoparkların yaradılması kifayət qədər böyük maliyyə tələb etdiyi üçün artıq universitetin inkişafı müəyyən mərhələyə çatdıqdan sonra mümkündür. Sözün həqiqi mənasında bu gün bəzi universitetlər istisna olmaqla, tədris müəssisələrinin yerləşdiyi ərazilərdə texnoparkların yaradılması üçün imkanlar məhduddur. Düzdür, həmin universitetlər şəhərin kənarında texnoparklar yarada bilərlər. Bu, onların fəaliyyətində müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan texnoparkların yaradılmasının müəyyən zamana ehtiyacı var.

 

Hikmət ƏLİZADƏ,

BDU-nun professoru