Yusif Qazıyev: “Redaksiyaya hər dəfə gələndə özümü rahat hiss edirəm”


Bu il Elm və Təhsil Nazırliyinin orqanı olan “Azərbaycan müəllimi “ qəzetinin 90 yaşı tamam olur. Ölkəmizdə təhsil islahatlarının  həyata keçirilməsində, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın  icrası istiqamətində əldə edilən  bir sıra əhəmiyyətli nailiyyətlərin işıqlandırılmasında, bütövlükdə milli təhsilimizin uğurlarında “Azərbaycan müəllimi”nin  rolu əvəzsizdir. Respublikamızın təhsil həyatında mühüm rol oynamış, fəaliyyət göstərdiyi 90 ildə təhsilimizin tam salnaməsini yaratmış qəzet çoxminli müəllimlərin, təhsil ictimaiyyətinin, bütövlükdə  geniş oxucu kütləsinin rəğbətini qazanıb.

 

Qəzetimiz hər zaman dövlət qayğısını öz üzərində hiss edib. Qürur hissi ilə qeyd etmək istərdik  ki, Ulu Öndər Heydər Əliyevin qəzetin 60 illik, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə 70 illik yubileyləri münasibətilə redaksiya kollektivinə göndərdikləri  təbrik məktublarında “Azərbaycan müəllimi”nin fəaliyyətinə layiqli qiymət verilib, onun ictimai-siyasi həyatımızdakı rolu yüksək dəyərləndirilib. 

 

Birbaşa təhsilimizin inkişafına xidmət göstərməyi  hədəfləyən qəzet mövcud olduğu bu 90 il ərzində zaman-zaman özü də inkişaf edərək, təkmilləşərək sadiq oxucuları tərəfindən  maraqla oxunan  pedaqoji mətbuat imicini qorumağı bacarıb.

 

Bəli, bizim qəzeti təhsillə bağlı olan hər kəs oxuyur. Onun səhifələrində  müəllimlərin, alim və pedaqoqların, tələbə və şagirdlərin müxtəlif səpkili yazılarına, elmi-metodik məqalələrə geniş yer verilir. Yetər ki, həmin yazılar, məqalələr  maraqlı, oxunaqlı olsun, təhsilimizdə baş verən əsaslı dəyişikliklərdən, tətbiq edilən yeniliklərin uğurlu nəticələrindən, inkişafdan bəhs etsin.

 

Bu günlərdə oxucu auditoriyamızı nəzərdən keçirərkən  hər bir əməkdaşımız üçün əziz olan sadiq oxucumuz, 90 yaşlı Yusif Qazıyevin yazıları diqqətimizi cəlb etdi. Hər dəfə  qəzetə elmi- metodik, müəllim təcrübəsi ilə bağlı yazılarını təqdim edəndə onun necə məsuliyyət hissi, eyni zamanda  həyəcan keçirməsinin dəfələrlə şahidi olmuşuq. Hələ imzası ilə yazıları dərc olunanda, həmçinin  respublikamızın tanınmış alimləri, pedaqoqları  tərəfindən onun müəllimlik və alimlik fəaliyyətinə həsr olunan məqalələr  veriləndə  sevincdən kövrəlməsini də görmüşük. Ömrünün 60 ildən çoxunu “Azərbaycan müəllimi” ilə əməkdaşlıq edən 90 yaşlı Yusif müəllimi hər həftənin 5-ci günü redaksiyamıza  gələrək çapdan çıxan qəzetimizin yeni sayını   şəxsən özünə təqdim etməyə artıq adət etmişik.

 

Bu dəfə isə “Azərbaycan müəllimi”nin kollektivi olaraq SADİQ OXUCUMUZU redaksiyaya biz  dəvət etdik.

 

Beləliklə, qəzetimizin  90 illik yubileyi çərçivəsində  ilk qonağı uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olmuş, eyni  zamanda  alim, tədqiqatçı kimi tanınan  pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, 90 yaşlı  Yusif Qazıyevdir.

 

Bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya məruz qalmış pedaqoq

 

İlk öncə Yusif  Qazıyevi oxucularımızla daha yaxından  tanış etmək istəyirik. 1934-cü ildə Qərbi Azərbaycanın Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kəndində anadan olan  Yusif  Xıdır oğlu Qazıyev 1949-cu ildə öz doğma kəndində natamam orta məktəbi, 1953-cü ildə Gürcüstan Respublikasının Marneuli (Sarvan) Pedaqoji Məktəbini, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib. Kəşməkəşli həyatı olan  Yusif müəllim və keçmiş ata-babaları digər həmyerliləri kimi bir əsrdə 5 dəfə soyqırıma və deportasiyaya (1905-1907, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1991-ci illərdə) məruz qalmış, hər dəfə də mənəvi, fiziki əzab və itkilərə düçar olmuşlar. Lakin çəkdiyi əziyyətlər onu təhsildən soyutmayıb. Əksinə, müəllim olmaq, müəllimlik  nuru ilə ətrafı aydınlatmaq , şagirdlərinin sevimlisinə çevrilmək onun ən böyük arzusu olub.  Və müəllimlikdən alimliyə doğru pillə-pillə yüksəlib.

 

Təcrübəli pedaqoq 90 yaşının 53 ilini iki orta məktəbdə müəllimlik və eyni zamanda alimlik fəaliyyəti ilə məşğul olub. Bu 53 ilin 31 ilini Qərbi Azərbaycanda Pəmbək mahalının Arçut kəndində, 22 ilini isə Bakıdakı  276 nömrəli  tam orta məktəbdə  müəllim kimi fəaliyyət göstərib.

 

Yusif müəllim 2011-2021-ci illərdə AMEA-nın Tarix İnstitutunda “Azərbaycan xalqına qarşı soyqırımları” şöbəsində böyük elmi işçi işləyib.

 

Gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, ölkəmizdə elmi-pedaqoji problemlərin həllində də fəal iştirak edən təcrübəli müəllim respublika miqyasında keçirilən  pedaqoji konfranslarda mühazirə və məruzələr edib, öz iş təcrübəsini dövri mətbuatda - qəzet və jurnallarda işıqlandırıb. O, dəfələrlə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı mühazirəçisi” üzrə rayon və şəhər müsabiqələrinin qalibi olub.

 

Tələbə ikən abunə yazıldığı 3 mətbu orqandan biri “Azərbaycan müəllimi” qəzeti olub  

 

Qonağımız Yusif müəllim  qəzetimizə olan maraq və sevgisindən söz açır: “1938-ci ildə  evimizdə başqa yerdən gəlib bizim kənddə məktəb direktoru işləyən Məmməd Əliyev yaşayırdı. Məmməd müəllimlə tanışlığım  məndə müəllimlik peşəsinə  maraq oyatdı. Kənd məktəbinin 7-ci sinfini bitirdikdən sonra 1949-cu ildə müəllim olmaq üçün Gürcüstan SSR Marneuli Pedaqoji Məktəbinə daxil oldum. Orada tələbə ikən şəxsi vəsaitimiz  hesabına 3 qəzetə - “Azərbaycan müəllimi”, “Kommunist” və Tbilisidə çap edilən “Zarya Vostoka” abunə yazıldıq. Biz tələbələr “Azərbaycan müəllimi” qəzetini həvəslə oxuyurduq və oradan maraqlı məlumatları kəsib albom düzəldirdik. Həmin albomun tərtibatçısının biri elə özüm idim. Qəzeti mütəmadi oxuyurdum. Və getdikcə məndə “Azərbaycan müəllimi” qəzetinə böyük maraq yarandı. Beləliklə, oxuduğum  4 il müddətində bizim kurs hər zaman “Azərbaycan müəllimi” qəzetini mütaliə edirdi. 1953-cü ildə ali məktəbə qəbul olundum . O zaman da gözüm “Azərbaycan müəllimi”ni axtardı və yenidən sevimli qəzetimə abunə yazıldım. Yenə də maraqlı məlumatları kəsərək özüm üçün  albom düzəldirdim”.

 

“Qəzetdə mənimlə bağlı  ilk yazı yüksək səviyyədə imtahan verməyim haqqında idi”

 

Qəzetlə bağlı xoş xatirələrini bölüşən Yusif müəllim deyir ki, 1957-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) son kursunda oxuduğu zaman  tanınmış pedaqoqlar Hüseyn Əhmədov və Muxtar Hacıyev gəlib onların pedaqogika fənnindən imtahanında iştirak ediblər. Və həmin imtahanla bağlı “Azərbaycan müəllimi” qəzetinin 1957-ci il 27 iyul tarixli nömrəsində  məqalə də dərc olunub: “Məqalədə mənim yüksək səviyyədə  imtahanı verməyim qeyd olunurdu. Bu məqalə mənə çox əzizdir. Gəncliyimin xatirəsidir, eyni zamanda gələcək uğurlarımın başlanğıcı oldu”.

 

“Qəzetdə işləyənləri xatırladıqca yenidən həmin illəri sanki yaşayıram”

 

Yusif müəllim söyləyir ki, yolumun nə vaxtsa “Azərbaycan müəllimi” qəzeti ilə kəsişəcəyi ağlıma belə gəlməzdi: “Bir vaxtlar imzalarını yalnız qəzetdən tanıdığım redaksiya əməkdaşları ilə yaxından ünsiyyətdə olmağım, əməkdaşlığım müəllimlik, eləcə də bir alim kimi fəaliyyətimdə mühüm rol oynayıb. Qəzetdə işləyənləri xatırladıqca yenidən həmin illəri sanki yaşayıram. Dövrünün tanınmış ziyalılarından olan qəzetin mərhum baş redaktoru Şahin Səfərovun yazı müəlliflərinə olan həssaslığı, bu gün həyatda olmayan baş redaktor müavini Məhyəddin Əbdülovun  müəllimlərə, tanınmış alim və pedaqoqlara xoş münasibəti, təmkinli davranışı, məqalələrinin qəzetdə çap olunmasını istəyənlərə verdiyi istiqamətlər haqqında çox eşitmişdim”.

 

Adıçəkilən mətbu orqanı ilə ilk yaxından tanışlığı  o zamanlar  baş redaktor olan mərhum  Məhəmməd Baharlı ilə olub. Bu 1993-cü ilə təsadüf edirdi: “Qəzetin 1993-cü il 10 may tarixli nömrəsində “Məktəb kitabxanası və məktəbli oxucuların mütaliə mədəniyyətinin formalaşması mərhələləri” adlı məqaləm  dərc olunmuşdu. Və həmin vaxtdan “Azərbaycan müəllimi” qəzeti ilə sıx əlaqələrim yarandı.  Qəzetin baş redaktorları olmuş Valeh Mirzə, Bayram Hüseynzadə ilə, hazırda isə bu mətbu orqana rəhbərlik edən baş redaktor  Sarvan İbrahimovla səmimi münasibətim var. Qəzetinizin bütün əməkdaşlarından çox razıyam. Peşəkar jurnalistlərin toplaşdığı bu redaksiyaya hər dəfə gələndə  özümü çox rahat  hiss edirəm, sanki doğmalarımın arasındayam. Bu illər ərzində “Azərbaycan müəllimi” qəzetində 28 elmi-pedaqoji  və metodiki yazılarım gedib. Qəzetinizdə  elmi və metodiki, həmçinin müəllimlik fəaliyyətim haqqında isə  15 məqalə dərc olunub”.

 

SADİQ  OXUCUMUZ

 

Bizim Yusif  müəllim 62 ildir ki, “Azərbaycan müəllimi” qəzetinin abunəçisi  olduğunu söyləyir: “Hər həftənin 5-ci günü redaksiyaya gələrək həm əməkdaşlara həftəboyu gərgin əziyyətləri üçün təşəkkür edir, həm də mənim üçün saxladıqları bir dənə əlavə “Azərbaycan müəllimi” qəzetini alıram. Bəlkə də indiki gənclərə mənim qəzetə olan sevgim, marağım qəribə görünə bilər. Düzdür, əsrimiz texnika, internet əsridir. Artıq bütün məlumatlar daha əlçatandır. Amma bu informasiya bolluğunun içində mənim üçün  qəzetin, ələlxüsus “Azərbaycan müəllimi”nin  öz yeri, dəst-xətti var.

 

Ötən 90 il ərzində öz simasını dəyişməyən, təhsil ənənələrini qoruyub saxlayan, yeniliklərə hər zaman açıq olan  sizin və mənim,  bütövlükdə təhsil ictimaiyyətinin  doğma qəzetinə - “Azərbaycan müəllimi”nə uzunömürlülük, kollektivinizə  yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.

 

Samirə  KƏRİMOVA