İlk semestri başa vuran tələbələr peşə bacarıqlarından danışdılar


Ötən il peşə təhsili müəssisələrinin yüksək texniki peşə təhsili səviyyəsindən ilk məzunlar oldu. 24 məzundan 22-si ali məktəblərə qəbul üzrə müsabiqəyə qatıldı və onlardan 21-i tələbədir.  Hazırda 10 nəfər dövlət vəsaiti hesabına, 11 nəfər isə ödənişli əsaslarla ölkəmizin müxtəlif ali təhsil müəssisələrində təhsil alırlar. Peşə təhsili müəssisələrindən universitetlərə açılan qapılar bir çox cəhətdən üstünlüklər qazandırır. Universitetdə ilk semestrini başa vuran tələbələr bu üstünlüyü hiss edibmi?

 

“Peşə təhsili müəssisəsində balım yüksək olduğu üçün ali məktəbdə ödənişsiz təhsil alıram”

 

Gəncə Texnologiya Universitetinin I kurs tələbəsi, Sənaye vəİnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunu Nəcəf Əzizlinin fikrincə, ilk semestrdəki uğurunda aldığı peşə təhsilinin payı çox böyükdür: “Məncə, hər kəs hədəfini düzgün müəyyənləşdirməli, bu məsələdə heç vaxt hədəfindən yayınmamalıdır. Onda istədiyinə mütləq çatır. Mən də məqsədimə çatdım, özü də ən yaxşı formada. Artıq birinci kursun birinci semestrini uğurla tamamlamışam və bu uğurda peşə təhsili müəssisəsində öyrəndiklərimin çox böyük payı var”.

 

N.Əzizlinin fikrincə, peşə təhsili, sadəcə ixtisasını mənimsəməkdə üstünlük qazandırmayıb: “Peşə təhsili həyatımda mühüm rol oynadı. Universitet tələbəsiyəm, həyatda daha yaxşı mövqeyə gələcəyimə inanıram”.

 

Gənc yolunun peşə təhsilinə necə düşdüyündən də danışıb: “Məktəbi bitirəndən sonra universitetə qəbul oluna bilmədim. Hərbi xidmətə getdim və qayıdandan sonra harada və nə iş tapsam, işlədim. Amma oxumaq da istəyirdim. Sonra tövsiyə ilə peşə təhsili müəssisəsinə qəbul olunmaq üçün müsabiqəyə qatıldım. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Veb-dizayn və proqram təminatı” ixtisası üzrə 1 illik texniki peşə təhsili aldım. Təhsilim tamamlanmaq üzrəydi ki, mərkəzimizdə yüksək texniki peşə təhsili səviyyəsində ixtisaslar üzrə kadr hazırlığına başlanacağını öyrəndim. Bu, mənə universitetə çıxış imkanı qazandırmaq bir yana, yiyələnmək istədiyim ixtisası daha dərindən mənimsəmək imkanı verəcəkdi.Odur ki, “Kompüter sistemlərində proqram təminatı” ixtisası üzrə yüksək texniki peşə təhsili də aldım və nəticədə ötən il universitetə müsabiqədənkənar qəbul olundum. İndi “Kompüter mühəndisliyi” ixtisası üzrə Gəncə Texnologiya Universitetində oxuyuram. Üstəlik, peşə təhsili müəssisəsində balım yüksək olduğu üçün ali məktəbdə ödənişsiz təhsil alıram”.

 

“Peşə mənə universitetdə çox böyük üstünlüklər qazandırdı”

 

Sevin Abdullayeva, Azərbaycan Texniki Universitetinin tələbəsi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin məzunudur. Peşə təhsili alana qədər axtarışda olub:  “IX sinifdən məktəbdən ayrılıb kollecə daxil olmaq istədim. Amma imtahanlarda uğursuz nəticə göstərdim. Yenidən təhsilimi məktəbdə davam etdirdim. Məktəbi bitirib təkrar cəhd etdim, amma bu dəfə də uğur qazana bilmədim. Fərqli yerlərdə işlədim”.

 

Təhsil barədə düşünsə də, bu fürsət pandemiya dövründə əlinə düşüb: “Pandemiya ilə əlaqədar iş yerim bağlandı və mən də boş vaxtımı dəyərləndirdim. Yenidən təhsil almaq üçün cəhd etmək qərarına gəldim. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində peşə təhsili almaq şansımdan istifadə etdim. Müsahibə mərhələsinə qatıldım və “Kompüter sistemlərində proqram təminatı” ixtisasına qəbul olundum”.

 

S.Abdullayeva bu ixtisas üzrə aldığı yüksək texniki peşə təhsilindən çox razıdır: “Çox faydalı dərslərimiz oldu. İxtisasıma oxuyaraq deyil, işləyərək, öyrəndiklərimizi kompüter üzərində icra edərək yiyələndim”.

 

Artıq universitet tələbəsi olan S.Abdullayevanın həyatında peşə təhsili çox dərin iz buraxıb: “Peşə insanların həyatında mütləq olmalıdır, məncə. Burada balım yüksək olduğu üçün bu gün universitetdə ödənişsiz təhsil ala bilirəm”.

 

Peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsili almağın üstünlüklərini o, tələbə olandan sonra daha yaxşı hiss edib: “Peşə mənə hər mənada çox şey verdi.

 

Universitet də çox böyük üstünlüklər qazandırdı. Praktik biliyim çox güclüdür. Məsələn, mənim kimi müsabiqədənkənar qəbul olunan, amma kollec məzunu tələbələr var ki, onlar çox şeyi bilmir, universitetdə öyrənirlər. Amma mənim peşəm üzrə təcrübi biliyim çoxdur. Proqramlaşdırma imtahanından 86 bal topladım və fərqinə vardım ki, mənim bildiyimin 20 faizini bilməyənlər var”.

 

Sevin universitetdə fərqli ixtisas seçməyindən də danışıb: “Seçim prosesində bir az fərqli ixtisas seçdim. Bakalavr təhsilimi proqramlaşdırma üzrə deyil, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə alıram. Düzdür, burada da proqramlaşdırma var, amma bilmədiyim və öyrənmək istədiyim başqa fənlər də var. Məqsədim universitetdə nisbətən fərqli ixtisas üzrə bilik və bacarıqlarımı inkişaf etdirmək idi. Peşə təhsilini kifayət qədər yüksək səviyyədə almışam. İxtisasımı fərqli seçməklə fərqli istiqamətləri də öyrənmək imkanı qazandığımı düşünürəm”

 

S.Abdullayeva tövsiyə edir: “Peşə təhsili almağı hər kəsə tövsiyə edirəm. Üstünlüyü də odur ki, “Niyə bir peşə sahibi olmadım?” deyib təəssüflənməyə dəyməz. Hər yaşda peşə təhsili almaq mümkündür”.

 

Sevin artıq işləyir, özü də məzunu olduğu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində: “Mərkəzimizdə  mütəxəssis vəzifəsində qısamüddətli və ixtisas artırma təlimlərini təşkil edirəm. Qiyabi təhsil aldığım üçün universitet təhsilim işimə mane olmur”.

 

Ruhiyyə DAŞSALAHLI