“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”. 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Mən 1969-cu ildə Sumqayıt şəhərində  ziyalı ailəsində dünyaya gəlmişəm. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirərək İsmayıllı rayonuna təyinat almışam. Hazırda İsmayıllı rayonunun Ruşan kəndində yaşayıram. Əslən Qərbi Azərbaycanın Karvansaray mahalının Haqqıxlı kəndindənəm. Orada doğulmasam da, uşaqlığım  həmin kənddə nənələrimin, doğmalarımın yanında keçib.

 

Atam, Nüsrəddin Cəfərov ali təhsilli riyaziyyat müəllimi idi. Həm atam, həm də anam  Qərbi Azərbaycanın Karvansaray (indiki  İcevan rayonu) mahalının Haqqıxlı  (indiki adı Hovk) kəndində doğulmuşdular. Orta təhsilini kənddə aldıqdan sonra  ermənilərin xəyanətkar mövqeyi, millətçi  münasibəti onu öz doğma yurd-yuvasından didərgin salıb, 1967-ci ildə birbaşa  Sumqayıt şəhərinə köçmək məcburiyyətində qalıb. Doğma yurda olan sevgisi, doğmalarından uzaqlaşmamaq  istəyi onu həmişə bu torpağa bağlayıb. Sumqayıtda yaşasa da, həmişə əzizlərinin qəbrini ziyarət etməyə çalışıb.  Lakin əfsuslar olsun ki, nankor ermənilər yenə də öz çirkin  vandal niyyətlərini həyata keçirərək, azərbaycanlıları öz dədə-baba yurdlarına həsrət qoydular. 1988-ci ilin 28 noyabrında gecə saat 3-də Dilican adlanan yerdən dəstə ilə Haqqıxlı kəndinə dinc əhalinin üzərinə hücum çəkərək onları dədə-baba yurdlarından qovdular.

 

Onu da qeyd edim ki, Haqqıxlı kəndi Qazax rayonundan 50 km qərbə tərəf, dağlar qoynunda yerləşən axarlı-baxarlı təbiətə malik bir kənd idi. Haqqıxlının ərazisində çoxlu  sayda qədim türk abidələrinin olması buranın qədim türk torpağı olduğunu sübut edirdi. Kəndin ərazisində Hörük daş, Tesqaraf, Xudum, Qız qalası, Məntəş qalası, Şinkar kimi qədim toponimlərlə yanaşı, kəndin yaxınlığında - Arpa dərəsində, Sarımsaqlıda, Şəhər dərəsində alban-xristian məbəd və qəbirstanlığı vardı. Qız qalasının və Şəhər dərəsinin tarixi Hun imperatorluğu dövrünə gedib çıxır. Bunlarla bərabər, kənd toponimlərində Div yurd, Xanlıqlar  yurdu, Poylu yalı, Bayramallar yurdu, Donbadaş, Fındıqlı damları, Usufun körpüsü, Cələ, Kasvar kimi yer adlarının mövcudluğu həmin ərazilərin türk-qıpçaq yurdu olduğunu göstərir.   Orada yaşadığı günlərin xatirələri, o tarixi  yerlər, abidələr, ərazilərin adları atamın  yaddaşında silinməz izlər qoymuşdu. O  yerlərə qayıdacağı günü böyük  ümidlə gözləyirdi. Lakin əcəl imkan vermədi: 2014-cü ildə  yurd həsrəti ilə dünyasını dəyişdi.

 

Anam Mahivər Cəfərova isə şükürlər olsun ki, hələ xatirələri ilə tariximizi yaşadır, yurd yerinə qayıdacağımız o günü səbrsizliklə gözləyir. Ata nənəm Balaqız Vəliyeva  ana nənəm Pəri İsmayılova öz ailə üzvləri ilə birlikdə deportasiya olunduqları həmin günü ağlayaraq  xatırlayırdılar: “O gecə çox vahiməli  idi. Əslində hər gün ermənilərin hücum edəcəyini bilib qorxu içində yaşayırdıq. Amma başqa çarəmiz də yox idi. Biz təlaşdan evlərdə tək qalmırdıq, qohum-əqrəbalar hamımız bir evə yığışırdıq. Və həmin gecə qəflətən açılan atəş səslərinə evlərdən çölə çıxdıq. Ermənilər  çıxıb getməyimizi tələb edir, əks halda bizi öldürəcəkləri ilə hədələyirdilər. Biz mal-qaranı tövlədə, toyuq-cücələrimizi hində, itlərimizi zəncirdə bağlı vəziyyətdə qoyub canımızı götürüb meşələrə qaçdıq. Dağ  yolları ilə  min bir əzab-əziyyətlə gəlib Qazax rayonuna çatdıq”.

 

Bununla kənd sakinləri artıq  üçüncü dəfə idi ki, öz isti yurd-yuvalarından qaçqın, didərgin düşürdü. Hətta 1905-ci ildə də Haqqıxlı kəndinin sakinləri beləcə öz yurd-yuvalarından qovulub, evi talan edilib, yandırılıb. XX əsrin əvvəlindən başlayaraq  ermənilər havadarları  vasitəsilə Azərbaycan  türklərini tarixi torpaqlarından sıxışdırmağa başladılar. Bu dövrdə Haqqıxlı kəndi Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına daxil idi və 1920-ci ilə kimi Azərbaycan Demokratik Cümhuriyyətinin tərkibində olmuşdur. XIX əsrin sonu XX əsrin əvvəlinə kimi Haqqıxlı kəndinin ətrafı:  Karvansaray, Dilican, Çarxaç artıq  erməniləşdirilmişdi.

 

1905-ci ildə ermənilər havadarlarının köməyi ilə türk millətinə qarşı düşmənçilik siyasətini ortaya qoydular və erməniliyə məxsus üsulla quldur dəstələri düzəldərək dinc əhaliyə, uşaq və qocalara, qadınlara, silahsız adamlara hücum etdilər. Haqqıxlı kəndi də ermənilərin quldur basqınlarına məruz qaldı. Silahları dövlət tərəfindən alınan və dövlət orqanları tərəfindən müdafiə olunmayan kənd əhalisi doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalaraq Qaraqoyunlu dərəsinə-Çaykəndə pənah gətirir. Bir il orada qaldıqdan sonra  yenidən geri - kəndlərinə qayıdan haqqıxlılar ev-eşiklərini dağılmış, qarət olunmuş, yağmalanmış görürlər. Yurda, el-obaya bağlı olan kənd əhli yenə də doğma yerlərində məskunlaşırlar. Dinc yaşayışlarına davam edən haqqıxlılar yenə də hüzur tapa bilmirlər. Çünki erməni quldur dəstələri onları harada rast gəldi qətlə yetirirdilər. Özünü paşa elan edən quldurbaşı Andronik öz quldur dəstəsi ilə 1918-ci ildə Dilican tərəfə gəlir və burada türk kəndlərinə basqınlar edir. Ona qoşulan yerli ermənilər də öz türk qonşularına hücumlar edirlər, fürsət düşən kimi türkləri qətlə yetirirlər. Kənd sakinlərini meşədə Danarğan adlanan yerdə tövləyə dolduraraq  partlayıcı maddə ilə diri-diri yandırırlar.

 

Beləcə, Danarğan genosidi baş verir. İçlərində olan cavan, sağlam qadınlardan seçib naməlum istiqamətə aparırlar. Qalan camaat min cür əzab-əziyyətlə Qaradaş deyilən yaşayış  məntəqəsinə, oradan da Qazaxa gəlirlər. Nəriman Nərimanovun köməyi ilə iki il Şəkidə qalan haqqıxlılar  yenidən geri-doğma yurdlarına qayıdırlar. Danarğanda qətlə yetirilənlərin sümüklərini çıxarırlar. Kəllə sümüklərinin sayına əsasən və orada deyilənlərə görə, qətlə yetirilənlərin sayının 156 nəfər olduğu müəyyən  edilir. Kənd əhalisi tərəfindən Danarğan genosidinin qurbanlarının qalıqları kəndin ərazisində dəfn edilir. Amma bolşevik dövlət orqanları onların üzərində bir qeyd və ya yazı yazmağa belə icazə vermirlər. Doğma  torpaq  iki il sonra yenə də vəfalı dədə-babalarımızı çəkib o kəndə aparıb. Onlar qayıdıb qorxu-hürkü bilmədən yandırılmış, dağıdılmış  yurdlarını min bir əziyyətlə çalışıb yenidən abadlaşdırmış, özlərinə ev-eşik tikib, yurd salıb yaşayış qurmuşdular. Xırda ədavətlərə, hadisələrə baxmayaraq sovet dövründə dinc yanaşı yaşamışlar. Ancaq  artıq bu dostluq  pozulub. Bu gün yaşamaq ümidi ilə Azərbaycanın müxtəlif  bölgələrinə səpələnən bu sadə insanların tək məqsədləri  havası-suyu ilə böyüdükləri doğma kəndlərini, el-obalarını görmək, o hava ilə bircə dəfə də olsa nəfəs almaqdır.

 

Hər dəfə o yurdun qərib şəkillərinə baxanda köks ötürüb iki xalqı düşmən edənləri lənətləyərək çarəsizcə həsrət çəkən həmin sakinlər: “Kaş bircə dəfə ayağımız o torpağa dəyə, bircə dəfə gözlərimizlə o dağları, dərələri, meşələri, çayları görək, o məlhəm bulaqların suyundan bircə udum içək,”- deyirlər. İllərdir bir duaya möhtac qalan ata-babalarımızın qəbirlərini ziyarət edib onların incik ruhlarını məmnun etməyi arzu edirlər. Doğma ocaqlarının istisi üçün qəribsəyən ürəklərini bir anlıq sevindirmək diləyirlər, bir daha o yurdu görmək, oradan bir ovuc torpaq gətirib gözüaçıq gedənlərin qəbrinə səpmək istəyirlər.

 

Bu barədə söhbət keçən ilin iyul aynda İsmayıllı rayon Ruşan kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövşən Ağayev, Aydın Rəhimov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyevin iştirakı ilə keçirilən görüşdə aparılmışdır. Görüşdə 16 müəllim, 32 kənd sakini, o cümlədən 28 nəfər 1988-ci ildə Ermənistandan deportasiya edilmiş  azərbaycanlılar və 13 valideyn iştirak edib. Tədbirin əvvəlində məktəbdə təlim-tərbiyə işinin təşkili, şagirdlərin dərsə davamiyyəti və digər məsələlər barədə danışılıb, təlim nəticələri təhlil edilib.

 

Görüşdə yuxarıda qeyd edildiyi kimi, Qərbi Azərbaycanın bölgələrindən, o cümlədən Dərələyəz, Karvansara, Vedibasar mahallarından deportasiya edilmiş kənd sakinləri də iştirak edirdi. Dərələyəz mahalından qaçqın düşən Məhəbbət Vəliyev və təhsil veteranı İnqilab Məmmədov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində öz dədə-baba yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildiriblər. Tədbir zamanı Qərbi Azərbaycan xronikası: “Ermənistanı və erməniləri həqiqətə boyun əydirəcək plan”  adlı videoçarx təqdim edilib.  

 

Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxış edərək bildirib ki, müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin diqqət mərkəzində olmalıdır. Nazirliyin əməkdaşı deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsinin və birgə yaşayışa nail olunmasının vacibliyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı və dövlətin dəstəyi ilə hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının xalqımızda bu əminliyi, inamı artırmasını qeyd edib.

 

Sözsüz ki, mən bu gün  birmənalı olaraq əminəm ki, qərbi azərbaycanlı soydaşlarımız mütləq öz doğma dədə-baba yurdlarına qayıdacaqlar. Məndə bu  əminliyi yaradan bir neçə səbəb var.: Biz bu gün kifayət qədər güclü bir Azərbaycana sahibik. Ölkəmizin  müdrik, eyni zamanda praqmatik siyasət yürüdən başçısı var. Dövlət başçımızın Qarabağla olduğu kimi, Qərbi Azərbaycanla da bağlı qəti mövqeyi və iradəsi ortadadır. Hansı ki, bir zamanlar bəziləri Qarabağın özümüzə qayıdacağına inanmırdılar. Nə oldu?! Artıq Qarabağ öz sahiblərini qucaqlayıb. Bu isə o deməkdir ki, qərbi azərbaycanlılar da 35 il həsrətini çəkdiyi yurdlarına mütləq qayıdacaq. Və biz o günləri görəcəyik. Məndə ikinci ümidverici səbəb isə Ümummilli liderimiz Heydər Əliyevin dedikləri ilə bağlıdır. Əlbəttə, Ulu Öndərimizin verdiyi proqnozlar həmişə özünü doğruldub. O cümlədən, onun qərbi azərbaycanlıların qarşısında etdiyi çıxışı diqqətlə izləyənlər proseslərin addım-addım hansı istiqamətə getdiyini açıq görə bilər. Ulu Öndər deyirdi: “Zaman gələcək, dünyada vəziyyət dəyişəcək. Azərbaycan öz haqqına qovuşacaq. Göyçəlilər də gedib öz yurdlarında yaşayacaq”.  

 

Azərbaycan xalqının mədəniyyət beşiyi olan Qarabağın erməni işğalçılarından azad edilməsi, qərbi azərbaycanlıların öz ata-baba yurduna qaytarılması Heydər Əliyevin ümumi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Bununla bağlı Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyə böyük ümidlər bəsləyirəm”.

 

Bəli, bu gün dünyada və regionda baş verən hadisələri dərindən təhlil edərkən məlum olur ki, Ümummilli Liderimiz bu məsələdə də haqlı və doğru proqnoz verib. Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan  Ordusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu gün hadisələrin gedişatına baxarkən məndə doğma və müqəddəs torpaqlarımıza qayıdacağımıza dair zərrə qədər şübhə yeri qalmır. Biz möhkəm iradəyə malik olan Prezidentimizin qəti və əzmkar tələbləri üzrə mütləq ata-babalarımızın uyuduğu torpaqlara qayıdacağıq.

 

Rəna CƏFƏROVA,

İsmayıllı rayon Ruşan kənd tam orta məktəbinin direktoru