Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta Doğu Teknik Universiteti, İstanbul Teknik Universiteti və Hacettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaq.

 

Bunu media nümayəndələri üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, növbəti tədris ilindən universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur: “Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən kompüter elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq.”

 

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati və maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb. 

 

“Burada həm azərbaycanlı, həm də türk müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan Universiteti, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib,” – deyə nazir qeyd edib.