Bakı Dövlət Universitetində (BDU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding”in sponsorluğu ilə Türkiyənin aparıcı strateji innovasiya konsaltinq firması “Viveka” tərəfindən həyata keçirilən “Viveka Company Creation Program” layihəsi üzrə təlimlər başlayıb.

 

BDU-dan bildirilib ki, təlimlərdə universitetin innovasiya və startap ekosisteminə marağı olan tələbələri iştirak ediblər.

 

İkigünlük oflayn təlim martın 2-dək davam edəcək. Proqramın qalan 5 həftəlik təlimləri onlayn şəkildə həyata keçiriləcək.

 

Layihənin əsas hədəfi BDU tələbələrini innovativ ideyalarını reallığa çevirmək üçün lazım olan mentorluq xidmətləri, şəbəkə və resurslarla təmin etməkdir.

 

Ümumilikdə 60 nəfər tələbədən ibarət 19 komanda aerokosmik və müdafiə, elektronik avadanlıq, proqramlaşdırma, oyun tətbiqləri, rəqəmsal təhsil və səhiyyə kimi bir sıra sahələri əhatə edən ideyalarla layihədə iştirak edir. Komandalar ideyanın startapa çevrilməsi təlimləri və fərdi mentorluq xidmətləri vasitəsilə öz startaplarını yaradacaqlar. Daha sonra ən yaxşı startaplara yatırım cəlb etmək məqsədilə seçim - “pitch-deck” təşkil olunacaq.