Bu gün Azərbaycanda Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Xalq arasında ona “Üzgü çərşənbə”, “Üzgü gecəsi”, “İkinci çərşənbə” və yaxud “Addı çərşənbə” də deyilir. Od çərşənbəsi yeni həyatın, daha doğrusu, yazın gəlişini simvolizə edir. Od çərşənbəsi ilə bahara doğru daha da yaxınlaşmış oluruq. Günəş yavaş-yavaş torpağı qızdırır və ona nəfəs-can verir.

 

Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur. Od insanları birliyə, bərabərliyə istiqamətləndirən vacib ünsürlərdən biridir.
        

Xalqımız hər zaman odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi müqəddəs hesab edib. Onunla bağlı bir çox deyimlər-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır: məsələn, od inamdandır; odla oynayan odsuz qalar; od haqqı; ocağın qaralmasın! və s.
       

Od çərşənbəsi həm də özünün adət-ənənələri ilə zəngindir. İstiliyin qorunması, yenidən qayıdıb torpağa hopması, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq məhz Od çərşənbəsində öz əksini tapır. Şər qarışanda hər həyətdə, yaxud məhəllələrdə tonqallar qalanır  və hamı  tonqal başına toplanır. Od çərşənbəsində qalanan tonqalda mütləq tikanlı kol da yandırılır. İnanca görə, bu, baharın gəlməsini yubatmaq istəyən şər qüvvələri qorxudur.

    

Tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına ürəkdən inanırlar. Bu çərşənbədə odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.
       

Od çərşənbəsində də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır.     

       

Novruz bayramı ərəfəsində keçirilən Od çərşənbəsi insanın yaradılış prosesinin ikinci- od komponenti ilə bağlı mərhələsinin mifik təzahürüdür. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar. Od çərşənbəsində onun şərəfinə şənliklər təşkil olunur.

      

Artıq işğaldan azad olunmuş ərazilərimizdə də xoş soraqlı tonqallarımız qalanır. Otuz il  yanmayan ocaqlarımız Od çərşənbəsində yanmaqdadır. Bu gün həmin o yurd-yuvalarda yandırılan ocaqlar təkcə çərşənbə tonqalı yox, həm də qələbə, əmin-amanlığın  müjdəçisidir.

     

Odlar yurdu Azərbaycan, Od çərşənbən mübarək !

 

Samirə KƏRİMOVA