NDU-da Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş tədbir keçirilib


Naxçıvan Dövlət Universitetində görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib. Tarix-filologiya fakültəsinin təşkilatçılığı ilə baş tutan konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamını tədbir iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, Stalin repressiyalarının qurbanı olmuş ədib öz qısa ömründə çox böyük əsərlər yaratmağa müvəffəq olub.

 

“Mikayıl Müşfiqin yaradıcılıq yolu” adlı çıxışında “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru Hüseyn Həşimli XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı şairin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Vurğulanıb ki, 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açan şairin atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib.

 

“Mikayıl Müşfiq və ədəbi dilimiz” adlı çıxışında “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının professoru Sədaqət Həsənova unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıb. Qeyd edilib ki, şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir-deyən professor diqqətə çatdırıb ki, ədib lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradaraq şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan da bəhrələnib.

 

Sonda tələbələrin şairin şeirlərindən ibarət  bədii qiraəti dinlənilib.